BolgeXeber.Com » Xəbərlər » “Azercell" barəsində yazılan ittihamlara münasibət bildirdi-Mövqe

“Azercell" barəsində yazılan ittihamlara münasibət bildirdi-Mövqe

5-09-2015, 19:39
Oxunub: 3 545 “Azercell" barəsində yazılan ittihamlara münasibət bildirdi-Mövqe"MND xidmətindən istifadə etmək istəyən hər hansı şəxsə “Nömrə resurslarının ayrılması və istifadəsi qaydalarının tələblərinə riayət etməklə müvafiq xidmətdən yararlanmaq üçün tərəfimizdən şərait yaradılır"

“Azercell Telekom” MMC 01 sentyabr 2015-ci il tarixində Bolgexeber.com saytında dərc edilən“Azercell-də yarım milyon abunəçi azalıb - Şok saxtakarlıqlar” adlı məqaləyə reaksiya verib. Redaksiyamıza göndərilən məktubu olduğu kimi təqdim edirik:

Bolgexeber.com portalının baş redaktoru
cənab Vasif Turana

"Hörmətli cənab V.Turan,
01 sentyabr 2015-ci il tarixində Bolgexeber.com internet saytında “Azercell-də yarım milyon abunəçi azalıb - Şok saxtakarlıqlar” (https://bolgexeber.com/index.php?newsid=21781) adlı məqalə yerləşdirilib. Məqalədə həqiqəti əks etdirməyən və şirkətimizin nüfuzuna xələl gətirən ““Azərcell”in dələduz və saxtakarlıqları üzə çıxıb”, “Operator isə gülərək cavabinda "o sizin Azərcell-ə keçməniz üçün taktika idi" dedi”, “fırıldaq gəlib Azərcell-ə daşındırdılar”, “bu sadəcə Azərcell-in fırıldaqlarından biridir”, “bərbad xidmətin nəticəsidir ki, şirkətin 4 milyon 400 min abunəçi sayı 500 min azalaraq 3 milyon 900 min olub” kimi əsassız ifadələrdən bilərəkdən oxucuların çaşdırılmasına səbəb ola biləcək, ictimaiyyətdə mənfi rəy formalaşdırmağa hesablanmış formada təqdim edilməsinin qarşısını almağı tələb edirik. Belə ifadələrin yayımlanması ilə “Azercell Telekom” MMC tərəfindən Mobil Nömrə Daşınması (bundan sonra MND) xidməti ilə bağlı neqativ hallar olduğu vurğulamağa cəhd göstərilir və bütün bunlar ictimaiyyət qarşısında şirkətimizin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Hesab edirik ki, məqaləni dərc etməmişdən öncə mətbu orqan məsələni diqqətlə araşdırmalı, tərəflərin mövqeyini diqqətlə öyrənməlidir. Bu, həmçinin, jurnalistin peşə etikasına da uyğun olan peşəkar davranış modelidir.
Azərbaycanın lider mobil operatoru olan Azercell-in bütün məntəqələrində MND xidməti ilə bağlı abunəçi müraciətləri qəbul edilərək xidmət haqqında geniş məlumat təqdim olunur. Hər hansı bir abunəçiyə MND xidmətindən istifadə edib və ya etməməyə məcbur etmə yoxdur. MND xidmətindən istifadə etmək istəyən hər hansı şəxsə “Nömrə resurslarının ayrılması və istifadəsi qaydalarının tələblərinə riayət etməklə müvafiq xidmətdən yararlanmaq üçün tərəfimizdən şərait yaradılır. Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin, Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi), Azercell Ekspres ofislərinə müraciət etməklə əldə etmək imkanına malikdirlər. Öz işgüzar nüfuzunun daima yüksəkdə qalması üçün çalışmaqla, keyfiyyətli xidmət göstərməklə, abunəçilərə qarşılıqlı hörmət və qayğı ilə yanaşmaqla səmimi münasibətlərə nail olmuş, öz fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qurmuş “Azercell Telekom” MMC tərəfindən normativ aktların tələblərinə riayət edilir.
Hər hansı abunəçinin, 3-cü şəxsin və yaxud KİV nümayəndəsinin müraciətinə baxılmaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi, yaxud “abunəçilərin aldadılması”, “fırıldaqçılıq edilməsi”, kimi qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa, aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik. Bütün bu göstərilənləri nəzərə alaraq, saytınızdakı müvafiq məlumatda əks olunmuş yoxlanılmamış və qərəzli məlumatlara görə təkzib verilməsini, yuxarıda qeyd edilənləri “Azercell Telekom” MMC-nin mövqeyi kimi qəbul edib, onu olduğu kim yayımlamanızı və gələcəkdə “Azercell Telekom” MMC-nin adı hallanan və onun nüfuzuna toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik"

“Azercell Telekom” MMC-nin
Korporativ Ünsiyyət şöbəsinin rəhbəri

Nigar Şıxlınskaya

Bolgexeber.com