BolgeXeber.Com » Analitika » Devrilən icra başçısının biznes imperiyası

Devrilən icra başçısının biznes imperiyası

6-03-2012, 22:00
Oxunub: 5 560 Sərvəti haqqında hazırlanan videoçarx Rauf Həbibovu özünü bitirən səhv etməyə vadar edib

Neft pullarından Qubaya on milyonlarla vəsait yönəldilsə də, əhali ağır vəziyyətdədir

1 mart Quba üsyanının baş vermə səbəbləri ilə bağlı bir sıra versiyalar səsləndirilir. Bura mafiya qruplaşmaları arasındakı çəkişmədən tutmuş, Rusiya amilinə qədər çoxlu sayda rəylər qabardılır. Əhalinin sosial vəziyyətinin ağırlığı da üsyan üçün əsas qığılcımlardan biri olması da istisna olunmur. Meydana çoxlu sayda ehtimallarla yanaşı, xeyli suallar da çıxır. Keçmiş icra başçısı Rauf Həbibovun qubalıları təhqir edən məlum videosunda kimləri hədəf seçib? Əldə etdiyimiz məlumata görə, R.Həbibovu özündən çıxaran onun haqqında internetdə yerləşdirilən və mobil telefonlarda yayılan videorolik olub. Həmin rolikdə icra başçısının sahib olduğu mülkləri və pul sildiyi investisiya layihələri yer alıb.

Həmin görüntüdə qeyd olunanları olduğunu kimi çatdırırıq:
«Rauf Həbibovun Qubada icra başçısı işlədyi dövrdə əldə etdiyi mülklər və torpaqların siyasıhı:
- Qaynanası Şəriqiyyənin adına M.Qorki küçəsində 3 mərtəbəli bina;
- Qayınanasının adına 2-ci 4 mərtəbəli yarımçıq bina;
- Qələduz kəndində Qudyalçay üzərində 1,5 milyon manatlıq villa və qarşısında 4 hektar sahə;
- Olimpiya Kompleksinin qarşısında villa;
- Abadlıq işləri üçün ayrılmış 800 min manatı köhnə boruları yerə basdırmaqla silib;
- 2 saylı konserv zavodunun arxasında bacanağı Qüdrətin qızının adına 1 hektar torpaq sahəsi;
- Bestuji Marlinskinin büstünün yerində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adına tikilmiş bina, icarəyə verilib;
- Quba liseyinin arxasında müavininin əri Rəşidin adına 8 sot torpaq sahəsi;
- Quba Texnikumunun arxasında müavi Xanımsonanın qohumlarının adına 20 sot torpaq;
- Keçmiş kənd-kimya binaları və 2 hektar torpaq sahəsi köməkçisi Emil Bəbişovun adına olan firmaya satılıb;
- Şəhərin mərkəzində yerləşən parkın sahəsi MTN-nin rayon şöbəsində işləyən gözətçinin adına rəsmiləşdirərək Beynəlxalq Banka 250 min manata satılıb;
- İcra nümayəndəliklərindən, bələdiyyə sədrlərindən, sahibkarlardan Heydər Əliyev muzeyi tikmək adı ilə pul yığaraq öz yaşadığı sahəni genişləndirib;
- Heydər Əliyev parkının tikintisi üçün əvvəlki icra başçısının ayırdığı 8 hektar torpağın 3 hektarını Ziya Məmmədova verib. Nəqliyyat naziri isə orada 12 mərtəbəli bina inşa edib».


Rusiya mətbuatının yazdığına görə, Rauf Həbibova göndərilən bu videorolikdən sonra icra başçısı dilxor vəziyyətdə iclasa daxil olub. Və onu şantaj edən insanların ünvanına səsləndirmək istədiyi təhqirləri bütün qubalılara aid edib.

Qubaya böyük pullar yönəlib, amma…

Qeyd edək ki, Quba rayonu neft pullarından gen-bol bəhrələnən bölgələrin başında dayanır. Məsələn, «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqram»ı üzrə Prezidentin Ehtiyat Fondundan İcra hakimiyyətinə 5 milyon pul ayrılıb. Lakin həmin vəsait hesabına hansı işlərin görüldüyü bəlli deyil. Bu vəsait Vəlvələ çayı üzərində tikilən kiçik körpünün inşasına çəkilən xərclə təxminən eyni məbləğdədir.

Hökumətin hesabatına görə indiyədək proqram çərçivəsində dövlət birbaşa olaraq şəhərin kanalizasiya sisteminin qurulmasına, bir sıra inzibati binanın təmirinə və rayonda yerləşən çaylarda sahilbərkitmə işlərinin aparılmasına, yeni modullu elektrik stansiyaların tikintisinə 2011-ci ilə qədər 100 milyon manatdan çox vəsait sərf edilib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayona 13 milyon manat kredit yönəlib. Amma ərazinin icra başçısı demişkən «yağlı yer» olduğunu nəzərə alsaq, sahibkarlar üçün orada fəaliyyət göstərmək kifayət qədər çətindir.

Yüksək çinli məmurlar orada açıqdıqları istehsal müəssisələrini də Dövlət Proqramı çərçivəsində görülən işlərə daxil ediblər. Lakin orada çalışan sadə qubalıların əməkhaqları kifayət qədər aşağıdır.Fermerlər isə götürdükləri kreditləri qaytarmaqda çətinlik çəkirlər. Əvvəllər burada istehsal olunan məhsulları MDB dövlətlərinə ixrac etməklə əhali dolanırdı. Lakin ölkədə monopoliya artdıqca, fermerlərin işi çətinləşdi. Hazırda onlar kənd təsərrüfatı məhsulları üçün bazar axtarırlar, monopolist məmurlar isə imkan vermir. Məhsullarını sata bilməyən fermerlər banklar qarşısında çətin vəziyyətə düşür. Dövlət Proqramı çərçivəsində rayonun payına düşən vəsaitlər icra başçısı və digər məmurların arasında mənimsənilib.

Bizimyol