BolgeXeber.Com » Xəbərlər » Bakı avtovağzalındakı sürüşmə zonası genişlənir

Bakı avtovağzalındakı sürüşmə zonası genişlənir

8-10-2015, 16:49
Oxunub: 3 180 Bakı avtovağzalındakı sürüşmə zonası genişlənirÖtən gün Bakı Beynəlxalq Avtovağzal ərazisində baş verən sürüşmə nəticəsində yaranmış çatlarda genişlənmə müşahidə olunub

Bu barədə Lent.az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Ə.Piriyevin sözlərinə görə, dünəndən bəri çatların uzunluğu da artıb: "Təxminən 20 -30 metr uzunluğunda olan çatlar 40-50 sm enindədir. Hazırda sürüşmədəki aktivləşmə və çatların dinamikası müəyyənləşdirilir. Çatlarda getdikcə artma hiss olunur”.

Divarlardan aşağı su axdığını deyən Ə.Piriyev bildirib ki, tədqiqat işləri aparıldıqdan sonra ilk olaraq bu su mənbəyinin haradan gəldiyi tapılmalıdır: “ Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət edən qurumu səbəbləri müəyyənləşdirib deyəcək”.

Baş verən hadisə ilə bağlı vağzalın köçürülmə ehtimalına da toxunan Ə. Piriyev bildirib ki, belə bir şey nəzərdə tutulmur: “ Vağzalda heç bir təhlükə yoxdur. Sadəcə istinad divarlarında əyilmə var. Vağzal monolit bünövrə üzərində qurulmuş bir binadır. Köçürülmə söhbəti yoxdur”.

Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda sürüşmə baş verib. Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.

Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.
Bolgexeber.com