BolgeXeber.Com » Mədəniyyət » Ədəbiyyat üzrə Nobel mükafatını Belarus yazıçısı aldı

Ədəbiyyat üzrə Nobel mükafatını Belarus yazıçısı aldı

9-10-2015, 09:41
Oxunub: 4 791 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı Belarus yazıçısı Svetlana Aleksiyeviçə verilib. Münsiflər heyətinin təqdimatında yazıçının hekayəsi "zamanımızın şücaəti və iztirablarının abidəsi" kimi təsvir edilib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsveç Kral Akademiyasının daimi katibi Sara Danius bildirib.

Laureatın elanı mükafatın saytında birbaşa yayımlanıb. Mükafatın təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.

Svetlana Aleksiyeviç rusdilli ədəbiyyatın klassiklərindəndir. O, “Müharibənin qadın siması yoxdur”, “Sink oğlanlar”, “Sekond hand zamanı” kitablarının müəllifidir. "Çernobıl duası" onun məşhur hekayələrindən biridir.

Nobel mükafatının 2015-ci ildəki məbləği 8 milyon İsveç kronu, yəni 953 min ABŞ dollarıdır.

Bukmeyker şirkətlərinin favoriti bu il dəbdə olan yapon yazıçısı Xaruki Murakami, keniyalı yazıçı Nqui Va Txionqo, Norveç dramaturqu Yun Fosse, Amerika klassiki Filip Rot, avstriyalı Peter Handke olub.

S.Aleksiyeviç 2013-cü ildə Nobel mükafatına namizədlərdən biri olub. O, ədəbiyyat üzrə Nobel mükafatını qazanmış sayca 14-cü qadın olub.
Bolgexeber.com