BolgeXeber.Com » Analitika » MTN əməliyyatında qazandıq ya, uduzduq? - Analiz

MTN əməliyyatında qazandıq ya, uduzduq? - Analiz

16-03-2012, 12:50
Oxunub: 5 640 Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə məsul olan xüsusi xidmət orqanlarının, xüsusilə də Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti, onun keçirtdiyi əməliyyat-axtarış tədbirləri və apardığı istintaq işlləri daim ictimaiyyətin diqqət mərkəzində olub.

Ölkədəki fikir və ifadə azadlığının reallığına uyğun olaraq KİV, araşdırmaçı jurnalistlər, müstəqil ixtisaslı araşdırmaçılar, analitiklər tərəfindən bu fəaliyyətin təqdir edilib-edilmədiyi, hətta kəskin tənqid edildiyi hallar da olub.

Tənqidlərə əsas yaradan amillər isə, xüsusi xidmət orqanlarının bəzi dövr və hallarda hakimiyyət tərəfindən siyasi məqsədlər üçün yönləndirilməsi və onların öz məsul olduqları professional fəaliyyət çərçivəsindən kənara çıxmasıyla bağlı olub. Tənqidlərə həm də, bəzi hallarda xüsusi xidmət orqanlarının əməliyyat və istintaq tədbirlərində buraxdıqları, adi müşahidədə aşkar görünən prosessual və professional pozuntular də rəvac verib. Buna da zənnimizcə, böyük təəccüblə yanaşmağına dəyməz, çünki nöqsanlar bu gün həyatımızın bütün sahələrini və bütün ictimai və dövlət sektorunu əhatə edir.

Ancaq axı, dövlət də qorunur və dayanır!

Bütün bunlarla bərabər, bizim xüsusi xidmət orqanlarının fəaliyyəti və dövlətin müxtəlif dağıdıcı təsirlərdən qorunmasındakı rolu da danılmazdır. Qərəzsiz, obyektiv yanaşmada dövlətin təhlükəsizliyinə məsul orqanların fəaliyyətini heçə endirmək dövlətin özünün varlığını şübhə altına almaq demək olardı. Yəni, əgər həmin strukturlar fəaliyyətsizdirə, o halda dövlət necə dayanır bu cür fövqəlgüc maraqlarının kəsişdiyi çətin və qarışıq regionda?!

Həqiqətən, Azərbaycan dünyanın demək olar ki, hazırda ən gərgin və mürəkkəb hesab olunan bölgəsində yerləşir. Cənubi Qafqaz bu saat böyük dövlətlərarası soyuq və hər an alovlana biləcək münaqişə və mübarizə meydanıdır. Üstəlik, ölkəmiz onun müstəqil dövlət kimi varlığını istəməyən İran, ərazisini işğal etmiş düşmən Ermənistan və bu müharibə şəraitini yaradıb uzatmaqla bütün bölgəni təhdid altında saxlayan Rusiya ilə həmsərhəd qonşudur. Zaman-zaman həmin tərəflərdən Azərbaycana qarşı terrorizm, separatçılıq, pozuculuq, casusluq kimi əməllərə yol açan cəhd halları çox olub.

Təbii ki, həmin «mehriban» qonşuların Azərbaycanda öz destruktiv maraqlarını həyata keçirmək üçün müvafiq şəbəkələri, istinad bazaları, aidiyyətli agentləri olmaya bilməz. Bu bir məntiqdir və buna heç, şübhəmiz olmamalıdır. Bunların qarşılığında dövlət müstəqilliyi əldə olunandan bəri bu illər ərzində dövlətmizin qorunması yolunda xüsusi xidmət orqanları tərəfindən cəmiyyətin bilib-bilmədiyi çoxsaylı gizli və aşkar əməliyyatlar keçirilib. Zaman-zaman biz bu barədə ortaya çıxmış canlı konkret faktların da şahidi olmuşuq.

Ciddi görüntülü əməliyyat...

Milli Təhlükəsizlik Nazirliyinin İranın «Sepah» xüsusi xidmət orqanı ilə əlaqədə və dövlətə xəyanətdə suçlanan 22 nəfərin zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyatı barədə bəyanatı yayılıb. Bəyanatda saxlanılan N. Kərimovun 1999-cu ildə İrana səfər edərək Tehranda «SEPAH» əməkdaşı ilə tanış olması və Qərb ölkələrinin Bakıda səfirlik və təşkilatlarına və dövlətə qarşı terror-təxribat üçün təlimatlandırılması qeyd olunur. Məlumatda sonrakı dövrlərdə N. Kərimovun vasitəsilə başqa Azərbaycan vətəndaşlarının da bu məqsəd üçün seçilib İrana göndərilməsi və orada hərbi-təlim keçmələri bildirilir. Dəlil-sübut olaraq çoxlu silah-sursat, partlayıcı maddələr aşkar edilməsi barədə də xüsusi qeyd olunur.

İlk baxışda rəsmi məlumata istinad etsək, 22 nəfərin həbsini, cinayət motivi və dairəsini, silah arsenalını, İranın «SEPAH» təşkilatı ilə əlaqəliliyi, cinayət hədəfi kimi Qərb dövlətləri səfirlikləri və təşkilatları və Azərbaycan dövlətçiliy nəzərdə tutulmaqla bu, ciddi, genişmiqyaslı və tutarlı əməliyyat tədbiridir. Ancaq burada cəmiyyəti narahat edən müəyyən suallar da yaranır.

... və yaranan suallar

Niyə, MTN-ə bir neçə il əvvəl məlum olan və illərlə davam edən cinayətin qarşısı bu gün alınıb? Bu sualın cavabı bu situasiyada izah olunandır. Birincisi, cinayət təqibində müşahidə, izləmə işin istintaq üçün tam «yetişməsi»nədək xeyli çəkə bilər. Bir-neçə saatdan, hətta, bir neçə ilədək. İkincisi, gizli xidmət, kəşfiyyat və antikəşfiyyat orqanları fəaliyyətinin mülki (sivil) orqanlardan, məsələn, MTN-nin DİN-dən fərqi ondadır ki, birincilər dövlət marağı xatirinə hətta, yetişmiş işi xeyli uzada və hətta dondurub açmaya bilərlər.

Bu praktika ABŞ, Rusiya və digər dövlətçilik ənənələri olan ölkələrdə də var və həmişə olub. Yəni hətta, elə bir ağır cinayət ola bilər ki, onun açılmaması dövlət və dövlətlərarası münasibət üçün xüsusilə daha böyük əhəmiyyət kəsb edər ki, dondurulmuş halda saxlanar və ya heç, açılıb üzə çıxarılmaz. Təbiidir ki, heç bir məxfi orqan və ya onun hökuməti heç vaxt bu fikrimizi rəsmi təsdiq etməz.

Bu baxımdan yanaşsaq fakt onu göstərir ki, neçə müddətdir İran-Azərbaycan arası gərginlik artıq son pik həddinə çatıb. Hətta, müdafiə naziri Səfər Əbiyevin İrana səfəri belə, o qədər nəticəsiz olub ki, səfərdən bir neçə gün sonra MTN məlum cinayət faktını rəsmi üzə çıxarıb. Yəqin ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun noyabrda İran səfəri də necə nəticəsiz olmuşdusa, Azərbaycan tərəfi o zaman, həmin səfərdən dərhal sonra İran rəsmisini ölkəyə buraxmamaq qədər narazı qalmışdı.

İrana səfərlər, anlaşma cəhdləri və nəticəsizliklər.

Bu səfər və nəticəsizliklər də onu göstərir ki, Azərbaycan tərəfi hər dəfə İranla gərginliyin azaldılması üçün cəhdlər göstərir. İran tərəfi görüntü yaradıb, guya həvəslə və ümidverici formada görüşə qatılır. Hər dəfə də aldadıcı formada bu cəhdləri nəticəsiz müstəviyə gətirir və öz təhdid siyasətinə davam edir. Bütün bunlar da Azərbaycan tərəfini artıq heç bir qonşuluq münasibətinə baxmayaraq, öz təhlükəsizliyi barədə radikal addımlar atmağa məcbur edir.

Bunlar isə, o deməkdir ki, Azərbaycan tərəfinin İranla gərginliyin azaldılması istiqamətindəki bütün cəhdləri İran tərəfindən aşkar iqnorə olunur. Bu da onun göstəricisidir ki, İran son dövrlər dünya birliyi tərəfindən aldığı sıxıntını biz bildiyimiz və bilmədiymiz vasitələrlə Azərbaycan üzərinə atır. Və qonşu kiçik ölkəni təxribata çəkməkdə, münaqişə iştirakçısı etmək cəhdində davam edir.

Başqa və daha vacib bir sual.

MTN əməliyyatına bir sual yaradan başqa bir hal isə, saxlanılan 22 nəfərin hamısının Azərbaycan vətəndaşı olması və çoxusunun təxminən bir kənddən, Nardarandan olmasıdır. O kəndin ki, özünəməxsus xarakterli toplum olaraq haqqını tələb etməklə həmişə hakimiyyətlə sosial-iqtisadi, siyasi problemi olub. 2002-ci ildə adicə hicab məsələsi üstündə nardaranlılarla Daxili İşlər Nazirliyi əməkdaşları arasındakı münaqişə atışma, ölüm və yaralanma, uzunmüddətli həbslər səviyyəsində olmuşdu. Bu da təbii ki, qərəz hissi yaradan hal kimi öz növbəsində MTN əməliyyatı üzərində müəyyən şübhə və inamsız fikirlərə rəvac verə bilir.

Bu bir faktdır ki, və mənim də İrana tədqiqat səfərlərimdən məlumdur ki, İran qonşu Azərbaycanın bəzi vətəndaşlarını Məşhəd və Qum şəhərlərindəki dini mərkəzlərdə təhsil adı ilə təxribat yoluna sürükləyir. İran boş dayanmır. İran hakimiyyəti İslam dinindən sui-istifadə edərək, müəyyən xarici vətəndaşları öz təbliğatının qurbanı edərək bundan həmin ölkələrin ictimai-siyasi mühitinin və dövlət quruluşunun əsaslarının sarsılmasında istifadə etməyə çalışır. Bunu bütün dünya bilir.

İrandan Azərbaycan dövlətçiliyinə qarşı destruktiv planlar, real təhlükələr olub, var. Və bir çox hallarda bu planlar din azadlığı və insan hüquqları prinsipləri adı ilə pərdələnir. Və biz bir dövlət və cəmiyyət olaraq qurulmuş saxta pərdəyə aludə olub onun altındakı təhlükələri sezə bilməsək, dövləti və təbii ki, müstəqilliyimizi çökdürə bilərik. Təsəvvür edin ki, İran hələ indiki zəif, sıxıntılı dövründə uzaqdan Suriyadakı proseslərə destruktiv təsir edir. Bəhreyndə bunu edir. İraqda ölkəni qarışdırır.

Tutulanlar bizimkilərdirsə, ziyan da bizimdir

Ancaq o də nəzərə alınmalıdır ki, «SEPAH»la məxfi əməkdaşlığa cəlb olunmuş hesab edilib tutulanlar bizim ölkə vətəndaşlarımızdır. MTN əməliyyatını uğurlu hesab etsək də, bu tərəfdən də ziyan bizə dəyir, talelər sönür, ailələr sönür. Bu mənada təbii ki, ictimaiyyətin diqqət - nəzəri prosesə yönəlir. Qarşı tərəfin, yəni həbs olunanların ifadələri, əks-arqumentləri, vəkillərin fikir və vəsadətləri mütləq nəzərdə saxlanılacaq. İstintaqın yekunu və məhkəmə göstərəcək ki, əməliyyat nə dərəcədə qanuni keçirilib, nə dərəcədə prosessual qaydalara riayət olunub, həqiqət nə yerdədir.

Sözsüz ki, kimliyindən asılı olmayaraq, həqiqətən cinayət törədən, xüsusilə də, dövlət əleyhinə bunu edən hər bir kəs qanuni cəzasını almalıdır. Ancaq, ittiham edən orqanın da borcudur ki, peşəkar davransın, haqlı olduğunu ortaya qoysun, özü də tutarlı dəlil-sübutlarla. Çünki 22 nəfər gənc vətəndaşın həbsi ilə və özü də, dövlətə xəyanət kimi ağır ittihamla keçirilən əməliyyat və aparılan cinayət təqibi ciddi məsuliyyət yaradan məsələdir. Yəni, söhbət dövlətin qorunması və eyni zamanda vətəndaşlarımızın hüququ kimi iki fövqəlvacib faktor arasında çox incə bir hüdud müstəvisindəki aydınlaşmadan gedir.

Bir də ki, indi gərək bütün dövlət orqanları qanunun alililyi məsələsində xüsusilə diqqətli olsunlar: xalqın görünməmiş həssas, haqq-ədalətə susamış dövrüdür!

İlqar Altay