BolgeXeber.Com » Siyasət » “Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbi Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır”

“Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbi Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır”

20-10-2015, 12:58
Oxunub: 3 505 “Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbi Azərbaycanın təhlükəsizliyi ilə bağlıdır”"Hər halda dövlət təhlükəsizliyində ciddi bir problem yarandığına görə ölkə prezidenti bu addımı atıb"

“Fikrimcə, milli təhlükəsizlik nazirinin vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin işdən çıxarılması və orada ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə problem yaşanıb”.

Bu sözləri qafqazinfo-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinə münasibət bildirərkən deyib.

O ölkə prezidentinin atmış olduğu addımı birmənalı şəkildə müdafiə etdiyini nəzərə çatdırıb: “Mənim fikrimcə, onun vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərinin işdən çıxarılması və orada artıq ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə ciddi problem yaşamışıq. Təbii ki, bundan hərtərəfli xəbər tutmaq bizim üçün çətindir. Çünki MTN və onun fəaliyyəti kifayət qədər qapalı bir sahədir. Hər halda dövlət təhlükəsizliyində ciddi bir problem yarandığına görə ölkə prezidenti bu addımı atıb. Xalqımız, biz siyasətçilər ölkə prezidentinin bütün addımlarını müdafiə etdiyimiz kimi, bu addımı da müdafiə edirik”.

E. Mahmudovun vəzifədən azad edilməsinin səbəblərinə gəlincə isə, F. Ağamalı bu barədə bir neçə versiya səsləndirib: “Azərbaycana qarşı bu və ya digər terrroun və terror hərəkətlərinin hazırlanması ilə bağlı məlumatların əldə edilməsində buraxılmış olan səhvlər və yaxud belə bir məlumatlar olmasına baxmayaraq, buna göstərilən biganəlik, faktları bilərək susmaq və onu ölkə rəhbərliyinin səviyyəsinə qaldırmamaq kimi hallar ola bilər. Ola bilsin ki, Azərbaycanda marağı olan ayrı-ayrı dövlətlərin, dövlətçiliyimizə təhlükə törədə biləcək layihələrlə, məqsədlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməməsi və özünün də bu cür layihələrin, addımların içində yer alması halları da ola bilər. Ancaq bütün bunların hamısı heç şübhəsiz ki, araşdırılır. Hakimiyyətin ali vəzifəli şəxlərinin telefonlarının dinlədilməsi ilə bağlı səsləndirilən versiyalar da var və bu da yolverilməzdir. Bu artıq səlahiyyət hədlərinin aşılması deməkdir, buna görə də nəinki vəzifədən getmək, hətta Azərbaycan qanunları qarşısında cavab vermək lazım gələcək. Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyinin vəzifədən çıxarılması ilə bağlı rəsmi məlumatlar bütün detalları ilə olmasa da, aydın şəkildə cəmiyyətimizə çatdırılacaq”.
Bolgexeber.com