BolgeXeber.Com » Dünya » Dünyanın ən qəribə nənəsi: 78 yaşlı fenomen - Foto

Dünyanın ən qəribə nənəsi: 78 yaşlı fenomen - Foto

23-03-2012, 12:15
Oxunub: 5 314 78 yaşına çatan insanlar adətən gözləri zəifləmiş, ahıl, tərpənəndə ufuldayan adamlardır.

Onlar eynəksiz davrana bilmirlər. Hətta eynəksiz qəzet oxumağı ağıllarına belə, gətirmirlər.

"Hindustan Times" qəzetinin yazdığına görə Hindistanda yaşayan Çandro Tomar belə deyil.

Çandro nənənin 78 yaşı olsa da, o, hələ də quşu gözündən vurur.
Ağ, uzun saçlarını yığaraq başına yaylıq atan nənə əlində tutduğu və dəyəri 1800 dollar olan "dayan doldurum" tipli tapança ilə uzaqdakı hədəfləri tam dəqiqliklə vurur.

Çandro Tomar dünyanın ən yaşlı snayperi sayılır.
O, güllə atıcılığı üzrə Hindistanda keçirilmiş 25 ölkə çempionatına qatılıb, turnirlərin əksəriyyətində qalib gəlib.

Çandro nənənin 6 övladı və 15 nəvəsi var.
"Həyatımda nə isə xeyirli iş görmək, bacarığımı insanlara göstərmək istədim. İlk dəfə tapançadan atəş açanda anladım ki, bu iş mənlikdir. Yaş maneə deyil. Əsas məsələ gördüyün işə səy və diqqətlə yanaşmaqdır", - Tomar deyib.

Hindistanın Uttar-Pradeş ştatındakı Cohri kəndində yaşayan Çandro Tomar üçün nəvələrindən biri 10 il əvvəl həyətdə tir düzəldib.

Çandro nənə də elə 10 il əvvəl snayperliyə başlayıb.
"Nəvəmi atıcılıq klubuna aparırdım və güllə atana qədər oturub gözləyirdim. Axırda mən də güllə atmaq qərarına gəldim. Məşqçi məharətimi görən kimi komandaya daxil etdi. Sonra çempionatlara qatıldım və qalib gəldim", - Tomar deyir.

1998-ci ildə dostları ilə birlikdə atıcılıq klubu yaratmış məşqçi Faruk Patanın dediyinə görə, nənə onu heyrətə gətirib.

"Onun yaşı çox olsa da, həddən ziyadə sərrastdır. Çandro nənənin dəqiq gözü, möhkəm əli və qətiyyəti var", - Patan deyib.
Çandro Tomar indi bütün Hindistanda məşhurdur. Onun hələlik son qələbəsi isə Çennayda keçirilmiş ölkə çempionatındakı qızıl medaldır.