BolgeXeber.Com » İqtisadiyyat » 80 ölkənin qoşulduğu “Tax Free” bizdə niyə yoxdur?

80 ölkənin qoşulduğu “Tax Free” bizdə niyə yoxdur?

31-10-2015, 13:15
Oxunub: 6 523 80 ölkənin qoşulduğu “Tax Free” bizdə niyə yoxdur?ƏDV-nin qaytarılması necə müəyyən olunur?

Ekspert dünyanın məmnuniyyətlə tətbiq etdiyi sistemin Azərbaycanda işləməməsinin səbəblərini açıqlayıb Natiq Cəfərli: «Çünki Azərbaycanda kölgə iqtisadiyyatının həcmi həddindən artıq yüksəkdir»
Dünyanın bir çox ölkələrində əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması, başqa sözlə desək, "Tax Free" sistemi mövcuddur. "Tax Free"nin tətbiqi bu sistemin işlədiyi ölkəyə marağı daha da artırmaqla yanaşı, turist axınının çoxalmasına səbəb olur. Bu sistem mal alarkən ödənilmiş əlavə dəyər vergisinin həmin ölkənin gömrük sərhədlərindən çıxararkən alıcıya geri ödənilməsi şəklində tətbiq edilir.

"Tax free"nin tarixi

İlk "Tax free" İsveçdə yaranıb və hazırda Avropa Birliyinin, demək olar ki, bütün ölkələrində və onun hüdudlarından kənarda olan təxminən 20 dövlətdə mövcuddur. "Tax free" çekinin rəsmiləşdirilməsi ilə məşğul olan şirkətlərdən ən böyüyü Global Blue şirkətidir ki, 40 dövləti özündə birləşdirir. Şirkət 1980-ci ildə İsveçdə yaranıb və "Global Refund Group" korporasiyasına məxsusdur. Sonrakı iri qurum isə 1985-ci ildə İrlandiyada yaranan, "The Fintrax Group"a daxil olan "PremierTaxFree" şirkətidir. Özündə 21 dövləti əhatə edir. Bundan sonra isə 2003-cü ildə yaranan Tax Free Worldwide (15 ölkə) və Innova Tax Free (6 ölkə) şirkətləri yer alır.

ƏDV-nin qaytarılması necə müəyyən olunur?

ƏDV-nin qaytarılması şərtləri müxtəlif ölkələrdə dərəcələr və mal kateqoriyalarına görə həyata keçirilir. Hər bir ölkə verginin hansı mala görə hansı həcmdə qaytarılmasını özü müəyyənləşdirir. Bu xidmət yalnız xarici vətəndaşlar üçün nəzərdə tutulub. Dövlətdən asılı olaraq ƏDV-nin məbləği 7-20 faiz arasında dəyişir. Hər bir turist getdiyi ölkədə bu sistemin tətbiq edildiyini və onun minimal qayıdış məbləğinin nə qədər olduğunu öyrənməlidir. Məsələn, Avstriyada ƏDV-nin qaytarılması üçün alınan malın minimum məbləği 75 avro olmalıdır. Bu zaman ƏDV 10-20 faiz olacaq. Belçikada minimum məbləğ 125 avro, ƏDV isə 21 faiz təşkil edəcək.
ƏDV-nin qaytarılması üçün istənilən ticarət məntəqəsində deyil, "Tax Free" sistemi ilə işləyən və üzərində "Tax Free Shopping" loqotipi olan mağazada alış-veriş həyata keçirilməlidir.80 ölkənin qoşulduğu “Tax Free” bizdə niyə yoxdur?

"Tax free"nin qaytarılması

"Tax free"nin rəsmiləşdirilməsi proseduru bir neçə mərhələdə həyata keçirilir. İlk olaraq mağazalarda edilən alış-veriş üçün satıcıdan "Tax free" formasını rəsmiləşdirməyi tələb etmək lazım gəlir. Bunun üçün turistin üzərində xarici pasportu olması kifayət edir. Diqqət etmək lazımdır ki, satıcı "Tax free" formasını düzgün rəsmiləşdirsin: "Tax free" formasında kassa çekində olan məbləğ, alınan malın siyahısı və məbləğləri qeyd edilməli, ƏDV-nin məbləği həmin anda müəyyən edilib yazılmalıdır. Diqqət etmək lazımdır ki, formanın vacib xanaları çap formasında, latın əlifbası ilə doldurulsun.

Növbəti addım isə gömrük məntəqəsində "Tax free" formasına möhür vurmaqla həyata keçirilir. Ölkəni tərk edərkən alınan mal və qəbzi xarici pasport ilə birgə gömrük məntəqəsinə təqdim etmək lazımdır. Diqqət etmək vacibdir ki, alınan mal mağazada möhürlənsin, üzərindəki bütün etiketlər və yarlıqlar saxlanılsın və ölkəni tərk edənədək açılmasın. Həmçinin kassa və "Tax free" çekləri də saxlanılmalıdır. Bütün bunlardan sonra gömrük məntəqəsində yoxlanışdan keçərkən "Tax free" çeklərinə möhür vurdurmaq lazımdır. Yalnız bundan sonra xarici vətəndaş aldığı malın dəyərinin konkret bir ölkədə müəyyən edilmiş faizini geri almaq hüququnu əldə etmiş olur. Pulu nağd və bank hesabına köçürülməklə almaq olar. Hər hansı bir yanlışlıq bu məbləğin ödənilməsindən imtina edilməsinə səbəb ola bilər.

Xarici ölkələrə üz tutan vətəndaşlarımız da "Tax free" sistemindən geniş istifadə edirlər. Azərbaycanlılar Türkiyədə "Tax free" sistemi üzrə alış-veriş edən xaricilər arasında 3-cü yerdədir. "Global Blue Türkiye"nin məlumatlarına görə, 2014-cü ilin yanvar - iyun ayları ilə müqayisədə cari ilin ilk 6 ayında azərbaycanlılar tərəfindən həyata keçirilmiş vergisiz alış-verişin həcmi 3 faiz artıb. İyun ayında isə bu rəqəm 26 faizdən çox olub.

Məlumata görə, azərbaycanlılar Türkiyədə bir alış-verişdə orta hesabla 1686 türk lirəsi (640 manat) xərcləyib. Türkiyədə vergisiz alış-verişdə ən çox pulu isə iranlılar və ərəblər xərcləyirlər. Onların "Tax free"də payları müvafiq olaraq 13 və 12 faiz təşkil edib. Vergisiz alış-verişin 6 faizini yaradan rusların alış-verişləri isə ötən ilin birinci yarısı ilə müqayisədə 13 faiz azalıb. Türkiyədə vergisiz alış-verişdə ən çox pulu qətərlilər xərcləyir, orta hesabla hər alış-verişə 1978 lirə. Türkiyəyə gedən turistlər 12 min mağazadan "tax free" xidməti ala bilir.

Qəbul olunmuş qaydaya görə, xarici turistlər getdikləri ölkənin vətəndaşları olmadıqlarına görə yerli vergiləri ödəməməlidirlər. Dünyada 80-dən çox ölkə "Tax free" sistemini tətbiq edir.


Azərbaycanda "Tax free" niyə tətbiq olunmur?

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, əslində bizdə qanunvericilikdə "Tax free" sisteminə problem yoxdur. Sadəcə olaraq praktikada tətbiq olunmur: "Bu da onunla bağlıdır ki, ölkədə kölgə iqtisadiyyatının həcmi həddindən artıq yüksəkdir. Ölkəyə daxil olan və ya istehsal olunan malların hesabatlılığı qaydasında aparılmır. Ticarət obyektlərinin əksəriyyətində dövriyyə leqal deyil. Yəni bir çox obyektlərdə ikili mühasibatlıq mövcuddur. Bu da "Tax free" etmək üçün əsasların olmamasına gətirib çıxarır. Ölkədən çıxararkən mal və məhsulların "Tax free" edilməsi üçün imkanları minimuma endirir. Qanunvericilikdə bu nəzərdə tutulsa da, çox təəssüf ki, onun tətbiqi ilə bağlı qaydalar çox yayğındır və insanlara, gələn turistlərə normal izah edilmir. Baxmayaraq ki, xarici dövlətlərin hər birində hətta ölkəyə girərkən otellərdə "Tax free" ilə bağlı broşurlar və məlumat kitabçaları görmək mümkündür. Yaxud hər hansı bir alış-veriş mərkəzinə girəndə sizin xarici vətəndaş olduğunuzu bildikdə çalışanların özləri belə təklif edirlər ki, hesab fakturaları yazılarkən "Tax free" olunacağı nəzərdə tutularaq yazılsın".

N.Cəfərli deyir ki, bəzi ölkələrdə ticarət, bəzilərində isə əlavə dəyər vergisi geri qaytarılır. Hər iki halda bu vergilərin geri qaytarılmasının çox ciddi məntiqi var: "Məntiqi ondan ibarətdir ki, ölkələrdə toplanılan vergi həmin ölkənin vətəndaşlarının rifahı üçün xərclənir. Əgər mən xarici ölkə vətəndaşıyamsa, o ölkədə verdiyim vergi mənim özümə qayıtmır. "Tax free"nin məntiqi bundan ibarətdir. Ona görə "Tax free" olunarkən həmin vəsait vətəndaşlara geri ödənilir. Azərbaycanda demək olar ki, bu praktika mövcud deyil. Yeganə hava limanında vergisiz "duty free" adlanan mağazalar fəaliyyət göstərir ki, orda satılan mallara satış vergisi tətbiq olunmur. Nazirlər Kabineti mütləq xüsusi bir qərarla bunun tətbiqi qaydalarını müəyyən etməlidir. Kölgə iqtisadiyyatının azaldılması, hesabatlılığın normallaşdırılması yolunda addımlar atılmalıdır. Bu iki məsələ paralel getməsə, bu günə kimi bu məsələ necədirsə, bundan sonra da heç bir irəliləyiş olmayacaqdır".
N.Cəfərlinin sözlərinə görə, digər önəmli bir məsələ ondan ibarətdir ki, Azərbaycanda satılan mallar başqa ölkələrdən daha bahadır. "Yeganə bizim xarici vətəndaşlara sata biləcəyimiz yerli istehsal olan xalçalar, əl işləri və s. kimi məmulatlar ola bilər ki, onların da hesabatlılığında ciddi problemlər var. Ona görə də paralel olaraq qiymətlərdə də müəyyən dəyişikliklər olmalıdır, Azərbaycana gələn turistlərin müəyyən marağı yaransın ki, burdan nə isə alıb-aparmalı olsunlar"-deyə ekspert bildirdi.

Aysel İsgəndərli