BolgeXeber.Com » Müsahibə-Reportaj » Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ

Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ

31-10-2015, 12:14
Oxunub: 8 000 Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ"İnternet də pulsuz, nə qədər oturursan, otur"

Bakının küçələrində kompüter klublarına qəpik, manat verməkdən yorulmuşam. Sizi bilmirəm, mənim bütün işlərim burdan keçir. Elə yenə internet üçün ADPU-nun həyətindən üzü 1 saylı notariat kontoruna gedirəm. Təzəcə tərpənirdim ki, qulağım bu cümlələr çalır:

- Nə yaxşı ki bura var. Yenə gəlib yazılarımızı yazırıq.

- Hə, demə-demə... İnternet də pulsuz, nə qədər oturursan, otur.
Bu iki qızın bir-biri ilə söhbətidir. Mən bunları eşidər-eşitməz köklənirəm məsələyə. Görək, bu, nə olan şeydir?!
“AA” dövlət nömrəli maşın və yoxsul otaqlar...
Onlar söhbətlərinə davam edir, deyilənləri eşitmək isə mənə düşür.
- Nə vecinə, “AA” dövlət nömrəli maşında gəlib-gedirsən.
-Yox bir ta... Nəfsin qalar, gözün dəyər birdən. Burnun ucuna bax arada.
Qız-qıza söhbətləşə-söhbətləşə qarşısına mətn, printer, kseroks, skaner yazılan zirzəmiyə çatıb dayanırlar. Götür-qoydan sonra pillələrlə aşağı enirlər.
Beş-on dəqiqə gözləyib mən də içəri keçirəm. Kserokopiya aparatı dayanmadan işləyir, tələbələr də kompüterdə nəsə yazırlar...
Otağı gəzişə-gəzişə fotoaparatı çıxarıb bir-iki şəkil çəkirəm. Divardakı şəkillər zirzəminin yoxsulluğuna antik bir görünüş qatır. Elə bu vaxt gözümə reklam kağızı sataşır: “İnternet xidməti pulsuzdur”.


Daha dəqiq öyrənək. Müdirə yaxınlaşıb sorğu-suala başlayıram:

- O reklam çoxdan qalır, yoxsa?
- İnterneti deyirsənsə, pulsuzdur. Kim istəsə, istifadə edə bilər.
- Bəs, nə yaxşı belədir?
- Tələbələr üçün belə eləmişik. Qoy, yazıb-pozsunlar.
- Müəllimlər də gəlir?
- Universitetlərdən tələbələr, müəllimlər gəlir. İnternetdən istifadə edib istədiyi şeyləri yazırlar. Çap edəndə də printer üç qəpikdir. İstəyən çap edir, istəməyən etmir. Yəni məcburi deyil.
Onunla sağollaşıb üz tututuram kompüter otağına.

Sərbəst işlərin yazıldığı yer, kabinet həsrətli qız...
Birinci stoldan vəziyyətdən halı oluruq. Dəniz Akademiyasının II kurs tələbəsi Elnur sərbəst işlərini burda yazdığını və Bakının heç bir yerində belə yerin olmadığını deyir.
Sonra yavaş-yavaş o biri stollara yaxınlaşıram. Beləcə, izlərinə düşüb gəldiyim qızları görürəm. Kompüterə girişiblər. Səbəkarların birindən soruşuram:
- Bura kompüteriniz yoxdur deyə gəlirsiniz?
Qız cavab verir:
- “Stipendiya”mı yığıb alacağam. Amma buranı təzə bilmişik.
Yanındakı qız sözə qarışır:
- Hardasa, iki-üç ay olar.
- Hə. Texminən, elədir, Aysel – rəfiqəsini təsdiqləyir.

- Qızlar, buralar rahatdır, yəni sıxılmırsız ki?
Elə bunu deyirəm ki, Aysel beşaçılan kimi açılır:
- Fidan da, mən də neçə ildir ki, oxuyuruq, təhsil alırıq. Kafedraların, dekanlığın qapısında gözləməkdən yorulmuşam. Hələ o, imtahanla bizi qorxudan müəllimləri demirəm. Oralardan diksinmişəm. Amma burda darıxmıram. Elə bilirəm, bura mənim oxuduğum, işlədiyim yerdi.
Fidan xanım da söhbətə qoşulur:
- Elədi də. Kompüterlər sənin ixtiyarındadır. İnternet də var. Nə qədər istəyirsən otur işini gör. Axırda istəsən materialları çap elə, istəməsən eləmə. Çox rahatdır.
Aysel sözünə davam edir:
- Keçən dəfə bir nəfər mənə dedi ki, xanım, işiniz çoxdu burda? Mən də anidən “içəri girəndə qapını döyüb girərlər” dedim. Oğlan təəccüblü-təəccüblü mənə baxdı. Çox utandım. Nə bilim... Həmişə arzulayıram ki, özümün otağım olsun.
Fidan onun sözünü kəsir:
- Kabinet nəyinə lazımdır? Tay qulağımı aparmısan. İşləyəcəksən də nə vaxtsa, kabinetin də olacaq.
Aysel köks ötürür:
- Sən bilməzsən, mən buranı elə fikirləşib yorulmadan işləyirəm – bunu deyir çantadan bulkanı, çıxardıb stolun üstünə qoyur.

Xanımlarla sağollaşıb onları öz arzuları ilə baş-başa qoyub üz tuturam o biri stollara.

20 qəpiklik sup və ...
Xanıma yaxınlaşıb təəssüratlarını öyrənirəm. Sevil xanım bakalavrdan bura gəldiyini və sərbəst işləri, referatları burda yazdığını deyir.
Sevil xanımdan soruşuram:
- Sizi bura gətirən nədir?
- Ömür boyu korluq içində böyümüşəm. Tək-tənha acından ağladığım günlər çox olub. Hərdən iyirmi qəpiklik sup almağa belə pulum olmurdu. Bir təhər dözürdüm. Allah anama dəyməsin! Onu çox əziyyəti var üstümdə. Sözümü ona gətirirəm ki, ilk dəfə buranı görəndə sevincimdən ağlamışdım. Pulsuz internet və kompüter. Məni bura gətirən budur. Bunlardan yerdən-göyə kimi razıyam.
Əynindəki köhnə-kürüş paltarları görüb soruşuram:

- Həyat çətin gedir, hə?
O, dərindən nəfəs alıb sözə başlayır:
- Əynimdəki paltarları tanış-tunuşlar verib. İmkanımız sıfırdır. Atam rəhmətə gedib. Anam da xidmətçi kimi rayonda onun-bunun evini təmizləyir, yır-yığış edib pul qazanır. Qardaşım hələ balacadır. Amma müəllimlərim ümid veriblər ki, magistrı qurtarandan sonra işə düzəldəcəklər məni. Düzü, indiyə qədər çox aldadılmışam. Söz verirlər, amma...
O danışdıqca ürəyim parçalanır. Elə bu an yadıma Qədim bir pyesdən nümunə düşür
– Söyləyə bilərəm ki, təcrübəli şeytana
Yeni hiylə öyrətmək gələr onun əlindən.
Sevil xanıma “qarşına həmişə yaxşı adamlar çıxsın” deyib onunla sağollaşıb yavaş-yavaş ordan uzaqlaşıram.
Elə çölə çıxıram ki, Aysel və Fidan da dururlar. Mən qabaqda gedirəm, arxamca da onlar gəlir.
- Hazırlaş, indi 61 nömrəli “AA” dövlət maşının gəlib səni aparacaq - Fidan gülə-gülə Ayselə deyir.
Fidan əsəbi-əsəbi cavab verir:
- Az danış də! Lağ etməyə bir cansan ey!

Bu insanpərvərlik mənə tamamilə gözlənilməz təsir bağışlayır. Beləcə, bu dəfəki reportajımız həyatın içindən olur. İsti-isti...
teleqraf.com
Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ
Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ
Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ
Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ
Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ
Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ
Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ
Tələbə qızların getdiyi zirzəmi – REPORTAJ