BolgeXeber.Com » Media » Şahin Ağabəyli yol qəzasinda həlak oldu –Foto

Şahin Ağabəyli yol qəzasinda həlak oldu –Foto

27-10-2010, 16:00
Oxunub: 7 401

Həmkarları Şahin Ağabəyli ilə vida mərasimi keçirib

Bu gün Azərbaycan mediasının tanınmış isimlərindən ikisi Şahin Ağabəyli və Aqil Ələsgərli yol qəzasına düşüb. Yaralıları xəstəxanaya çatdırıblar. Aqil Ələsgərlə əlaqə yaradan əməkdaşımız öyrənib ki, Şahin Ağabəylinin vəziyyəti ağırdır.
Bir qədərdən sonra məlumat gəlib ki, artıq həmkarımız həyatını itirib. Onunla birlikdə qəzaya düşən jurnalist Aqil Ələsgər isə aşağı ətrafların sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normaldır.

Hadisə Bakı-Qazax magistralında, Qaradağ rayonu ərazisində baş verib. Jurnalistlər Şirvan şəhərinə gedirmişlər.

Şahin Ağabəylinin 34 yaşı vardı. O, Türkiyədə Quru Qoşunlarınını Hərbi Akademiyasını bitirmişdi. Ş.Ağabəyli "Poliqon" informasiya agentliyinin rəhbəri, "Milli yol" qəzetinin baş redaktoru idi.

Jurnalist Şahin Ağabəylinin ölümü ilə nəticələnən yol qəzasına yüksək sürət səbəb olub. Bu barədə APA-ya açıqlamasında qəzanın baş vermə səbəblərini araşdıran Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Vaqif Nəcəfov bildirib. Onun sözlərinə görə, qəza maşın Bakı-Qazax yolu ilə qərb istiqamətində hərəkət edərkən baş verib. Jurnalist Şahin Ağabəyli və Aqil Ələsgərlinin olduğu “Nissan-Tida” markalı, 90 FJ 524 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirib və yoldan çıxaraq aşıb. Müstəntiq bildirib ki, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Belə ki, hadisə yeri müayinə olunarkən yolda 20 metr məsafədə təkərin eşilməsi aşkarlanıb. Bundan başqa, avtomobil yoldan çıxaraq 50 metr kənara düşüb və təxminən 4-5 metr məsafədə bir neçə dəfə çevrilib. V. Nəcəfov həmçinin sürücünün sükan arxasında yatması faktının da istisna edilmədiyini qeyd edib.

V. Nəcəfov baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlandığını vurğulayıb.

Qeyd edək ki, məlum hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 51-ci kilometrliyində qeydə alınıb. Jurnalist Şahin Ağabəyli və Aqil Ələsgərin olduğu “Nissan-Tida” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə Şahin Ağabəyli dünyasını dəyişib, Aqil Ələsgərli isə ağır yaralanıb. Ayaqları sınan yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb, hazırda o həkimlərin nəzarəti altındadır. Kliniki Tibbi Mərkəzdən APA-ya jurnalistin ölüm faktını təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Şahin Ağabəylinin meyiti Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Həmkarları Şahin Ağabəyli ilə vida mərasimi keçirib

“Bolgexeber”-ın xəbərinə görə, vida mərasimi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası qarşısında baş tutub.

Vida mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və digər mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, Şahin Ağabəyli peşə fəaliyyətini yerinə yetirən zaman yol qəzasında həlak olub.