BolgeXeber.Com » Mədəniyyət » Yazarlar kitablarına görə niyə qonorar ala bilmirlər?-MÜZAKİRƏ

Yazarlar kitablarına görə niyə qonorar ala bilmirlər?-MÜZAKİRƏ

9-11-2015, 13:33
Oxunub: 4 816 Yazarlar kitablarına görə niyə qonorar ala bilmirlər?-MÜZAKİRƏYazıçılarımız özlərini sanki kosmosda hiss edirlər

Bolgexeber.com bildirir ki,APA.TV-nin "Müzakirə saatı" verilişində qonorardan danışılıb. Müzakirədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, "Altun Kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov, "Hədəf" nəşriyyatının direktoru Müşfiq Xan, yazarlar Aqşin Yenisey, Əsəd Qaraqaplan, Ömər Xəyyam, Sahilə İbrahimova, Sevinc Elsevər iştirak ediblər.

Nəşriyyat və yazıçı münasibətlərindən ilk suala Şahbaz Xuduoğlu münasibət bildirib: "Naşir kitabın müəllifi ilə əvvəlcədən müqavilə bağlayır. Əslində, yazar kitabına görə qonorar almalıdır. Amma təəssüf ki, nəşriyyatın buna imkanı çatmır.

Kitaba bizdə heç bir yerdən dəstək yoxdur. Dövlət bu işdə naşirə yardım etmir. Satış işlərinə demək olar ki, naşir və müəllif özü nəzarət etmək məcburiyyətində qalır".

Aqşin Yenisey naşirin bu fikrinə münasibət bildirəndə deyib ki, kitabın satışının, yazıçının reklamının təşkili birbaşa nəşriyyatın vəzifəsi olmalıdır. "Bizdə hələ nəşriyyatlar çap etdiyi kitabın müəlliflik missiyasını üzərinə götürmədiyinə görə, onlar sadəcə kitabı çap etməklə işlərini bitmiş hesab edirlər. Məsələn, Xalid Hüseyn, Amin Maaluf kimi ərəb əsilli yazıçıları dünyada oxutduran onları çap etdirən naşirlərdir. Halbuki, bizdəki bəzi gənc yazarlardan da aşağı səviyyədə mətn yazmaq qabiliyyətləri var. Amma bizim elə bir naşirimiz yoxdur ki, müəlliflə işləyə bilsin. Nəşriyyat həm də yazıçısını seçməyi bacarmalıdır. Kimi gəldi çap etmək olmaz. Bizdə hətta tamadaların da kitabları çap olunur. Xalq olaraq kitab oxumağa tənbəllik edirik. İstəyirik ki, hətta kimsə bizə kitabı ucadan oxusun, biz də dinləyək. Yəni, nağıl danışan nənələrin təsirindən hələ çıxa bilməmişik".

Yazıçının bu söhbətindən sonra uşaq ədəbiyyatı və Azərbaycanda uşaq ədəbiyyatı müəlliflərinin çatışmazlığı barədə də müzakirələr davam edib. Əsasən, uşaq ədəbiyyatı çap edən "Altun Kitab" nəşriyyatının direktoru Rafiq İsmayılovmövzuya münasibət bildirərkən deyib: "Nəşriyyatımızın istiqaməti əsasən tədris və uşaq ədəbiyyatına yönəlib. Tədris ədəbiyyatı ilə məşğul olmağımızın əsas səbəbi daha çox kommersiya məqsədi daşıyır. Təbii ki, uşaq ədəbiyyatı yazan yerli müəlliflərlə də çalışırıq. Amma doğrusunu demək lazımdır ki, belə müəlliflərimiz çox azdır".

Dərs vəsaitləri çap edən nəşriyyatlardan biri də "Hədəf" dir. Məhz, nəşriyyata daha çox tədris vəsaitlərinin gəlir gətirdiyini vurğulayan naşir və yazıçıMüşfiq Xan yerli müəlliflərlə qonorar problemindən də danışıb: "Etiraf etmək lazımdır ki, nəşriyyatı daha çox ayaqda saxlayan dərs vəsaitləridir. O ki qaldı qonorar və müəlliflərin seçiminə, demək olar ki, bizdə də digər nəşriyyatlarda olan problemlər mövcuddur. Bunun həll olunması yollarını həm də mətbuatın kitabla bağlı təbliğatında görürəm. Nədənsə televiziyalar və mətbuat da kitaba az yer ayırır".
Söhbəti davam edən yazıçıÖmər Xəyyam da kitabın və müəllifin tanınmasında məsuliyyətin birbaşa nəşriyyatın üzərində olduğunu deyib. "Aqşin bəyin fikirləri ilə razıyam. İlk növbədə nəşriyyatın büdcəsi olmalıdır. Sonra potensialı olan yazıçını tapmalıdır. Hətta yeri gəlsə, mövzunu da özü sifariş verməlidir. Üstəlik bu mövzuda müəllifə yardım edə biləcək, canlı rekvizitlər tapmalıdır. Məsələn, psixoloji əsər yazmaq tapşırılıbsa, bu sahənin mütəxəssisləri də sahələrinə aid materialı yazara təqdim etməklə, komanda şəklində işləyə bilərlər. Dünyanın heç yerində naşir özü kitab yarmarkası təşkil etmir, özü orada kitab satmır. Bunu bizdə kitabların satılması üçün Şahbaz bəy məcbur olub edir. Halbuki, bu piar menecerlərin işidir. Təəssüf ki, bu sahədə bizdə ciddi boşluq var".

Şahbaz Xuduoğlu Ömər Xəyyamın və Aqşin Yeniseyin fikri ilə razı olmadığını deyib. "Bir çox ölkədə keçirilən beynəlxalq kitab sərgilərində iştirak edirəm. Sərgidə dünyanın bir çox məşhur nəşriyyat rəhbərləri öz kitablarını reklam edirdilər. Herta Müller "Nobel" mükafatı alandan sonra Frankfurta gəlmişdi və orda insanların qarşısında öz kitabını oxudu. Yəni, yazıçı və naşir birgə çalışmalıdır. Bu işi tək naşirə yükləmək olmaz. Dünyada belə bir qayda da var ki, yazıçıların sırf tanınmasına xidmət edən agentlikləri fəaliyyət göstərir. Onlar yazıçı və nəşriyyat arasında əlaqə yaradır, yazılarını təqdim edirlər".

Əsəd Qaraqaplan yazıçınıntəkcə qonorarı düşünüb yazmadığını deyib: "Yazıçı həm də kitabı ona görə çıxardır ki, canı ondan qurtarsın. Şəxsən mən kitablarımdan gəlir gözləməmişəm. Yazıçı yazdıqca inkişaf edir. Əlbəttə, bizdə yazıçı olmağın çətin tərəfləri çoxdur. Məsələn, kitabın redaktəsini də özüm edirəm. Hətta kitab hazır olandan sonra nəşriyyatdan götürüb, kitab mağazalarına belə, özüm aparmalı oluram. Yaxşı, belə deyək, mən əlimdən gələni edirəm, nəşriyyatla birgə çalışıram, kitab sərgilərində kitabımı satıram, amma belə bir vəziyyətdə çalışmaq bir yazıçı üçün nə dərəcədə düzgün və ədalətlidir".

Ömər Xəyyam Əsəd Qaraqaplanı "Yazıçı həm də kitabı ona görə çıxardır ki, canı ondan qurtarsın" fikrinə görə qeyri-səmimi danışmaqda günahlandırıb.

Şair və yazıçı Sevinc ElsevərAzərbaycan insanlarının yerli müəlliflərə düzgün qiymət verə bilmədiyinə təəssüfləndiyini deyib: "Necə ki, biz marketlərə gedəndə yerli qida məhsulları almırıq, müəlliflərimizə qarşı da münasibətimiz eynidir. Tutaq ki, Şərif Ağayar çox gözəl təhkiyəsi olan yazıçılarımızdandır. Bundan artıq necə yazmalıdır? Amma onun kitabın belə, alıb oxumurlar".

Yazıçı Sahilə İbrahimova bu mühitdə özünü yazıçı kimi hiss etmədiyini dilə gətirib: Kitablarımdan biri "Qanun" nəşriyyatında çapdan çıxıb. Baxmayaraq ki, nəşriyyatla müqaviləmiz normal şərtlər əsasında bağlanmışdı. Amma mən özümü yazıçı kimi hiss etmirdim. Gəlirim olmurdu, qonorar almırdım. Ona görə də mənə daha ucuz başa gələ bilən nəşriyyat axtarışına çıxdım. Üçüncü kitabım "AYB" nin gənc yazıçılara dəstəyi layihəsi çərçivəsində pulsuz çap olundu. Çox maraqlıdır ki, bizim naşirlərimiz televiziyalara dəvət olunanda belə, yerli müəlliflərin yox, xarici müəlliflərin adını çəkirlər. Əlbəttə, onlar bizə qiymət vermirlərsə, oxucudan hörmət gözləməyə dəyməz".

Şahbaz Xuduoğulu Sahilə İbrahimovanın əksinə olaraq, işlədiyi müəlliflərin adını hər zaman efirdə dilə gətirdiyini deyib. Xarici müəlliflərin əsərlərinə isə doğrudan da marağın olduğunu söyləyib: "Belə olan təqdirdə niyə də xarici müəlliflərin adını çəkməkdə qəbahət görürlər, onu anlamıram. Yerli yazıçılarımız özlərini sanki, kosmosdakı kimi aparmaq istəyirlər. Özləri bir-birinin kitablarını oxumurlar".

Bu məqamda yazıçı Sevinc Elsevər söhbətə müdaxilə edərək, Azərbaycanda ədəbi tənqidçilərin dostbazlığa söykənən qərəzli fikirlərinin olduğuna təəssüfləndiyini deyib.

"Müzakirə saatı"nda söhbəti tam izləyin.