BolgeXeber.Com » Xəbərlər » Gədəbəy şefi generalitet yolunu tutub: sahibkarlara zülm

Gədəbəy şefi generalitet yolunu tutub: sahibkarlara zülm

17-11-2015, 12:33
Oxunub: 2 595 Gədəbəy şefi generalitet yolunu tutub: sahibkarlara zülm“Maliyyə bosu”nun daha çox gəlir gətirən sahəsi

Son aylar Gədəbəy rayonunda yaşananlar daha çox ictimai fikrin bu rayona yönəlməsinə səbəb olur desək, yəqin ki, yanılmarıq.Çünki baş verən olayların həm obyektiv, həm də subyektiv səbəbləri var. Amma bu səbəblər içərisində ən balıcası, bu gün Gədəbəydə yaşanan ab-havanın varlığı, rayonun bir qrup vəzifə sahibləri tərəfindən inhisara alınması və çoxsaylı sosial problemlərin tüğyan etməsidir.
Əgər bir neçə illər bundan əvvəl sakinlərin çoxu icra başçısının dəyişdirilməsi arzusuyla yaşayırdılar ki, yeni icra başçısı rayona yeniliklərini gətirəcək, hər cür qarşıdurmanın, müəyyən qruplaşmanın, çoxsaylı qanunsuzluqların, dövlət vəsaitlərinin oğurlanmasının və.s qarşısını alacaq, amma hər şey əksinə baş verdi. Yəni, Ramiz Yediyarovun bir neçə il bundan əvvəl Gədəbəyə icra başçısı təyin olunması, əslində analoqu olmayan faciələrin də əsasını qoydu. Buna misal olaraq, son bir-iki ildə əslən Gədəbəydən olan 43 nəfər sahibkarın gözümçıxdıya salınmaları, sahib olduqları mülkün yerlə-yeksan edilməsi, dağıdılmış, oğurlanmış əmlaklarının müqabilində kompensasiyanın verilməməsi, sözün həqiqi mənasında Ramiz Yediyarov idarəçiliyinin mahiyyətini müəyyən etməyə tam əsaslar verir.
Namiq Məmmədovun söz sahibi olmasına nələr səbəb olur?
Düzdür, bu gün Gədəbəydə yaşanan problemlərin hamısını, heç də icra başçısının ayağına yazmaq da olmaz. Çünki, illər uzunu rayonun gəlirli sahələrinə rəhbərlik edən elə vəzifə sahibləri var ki, onların özləri də rayon üçün sanki böyük bir problemə çevriliblər. Məsələn, elə götürək rayonun Maliyyə İdarəsinə rəhbərlik edən Namiq Məmmədovun varlığını. Bu şəxs hələ bir neçə il bundan əvvəl icra başçısı olmaq eşqinə düşsə də, son anda niyyətini “çin edə” bilmədi. Yəni, bu haqda istər rayon miqyasında, istərsə də rayon miqyasından kənarda müəyyən söz-söhbətlər də gəzib dolaşdı. Bu gün isə əsas söz sahiblərindən birinə çevrilən, büdcə vəsaitlərini mənimsəməkdə digər vəzifə sahiblərinə nisbətən mahir olan Namiq Məmmədov, Gədəbəydə ən imkanlı şəxslərdən biri hesab olunur. Adicə bir məqama diqqət yetirək ki, rayondakı uşaq bağçaları və körpələr evi üçün ayrılan vəsaitlərin xeyli hissəsi, hər ay “maliyyə şefi”nin diqtəsi ilə “həzmi-rabedən” keçirilir. Rayonun idarələrinə, müəssisələrinə, təşkilatlarına və.s təmir məqsədilə ayrılan vəsaitlərə də, məhz Namiq Məmmədovun “əl gəzdirməsi” haqda, daha çox söz-söhbətlər dolaşmaqdadır. Məsələn, rayondakı mənbəmiz bildirir ki, qısa zaman kəsiyində rayon Mədəniyyət Evinin 3 dəfə “təmirdən çıxması” da, əslində maliyyə müdirinə külli miqdarda gəlir əldə etməyə imkanlar verib. Digər tərəfdən, rayonun mərkəzi küçələrindən birində yerləşən və Namiq Məmmədova məxsus olduğu bildirilən aptekin sökülməməsi də, sözün həqiqi mənasında “maliyyə bossu”nun hansı gücə malik olduğunu bir daha sübut edir. Aptekin sökülməməsi qalsın bir yana, əgər əvvəllər aptekin giriş qapısı ön hissədən idisə, çox keçmədi ki, yan hissədən də giriş qapısı açıldı. Bu gün isə, həmin aptekdə rayonun imtiyazlı şəxsləri üçün verilən dərman preparatlarının satılması haqda da, müəyyən söz-söhbətlər dolaşmaqdadır. Bu və digər olaylarla bağlı məlumatları redaksiyamıza çatdıran mənbə onu da bildirir ki, Namiq Məmmədov müxtəlif məqsədlər üçün ayrılmış və silinmiş vəsaitləri ört-basdır etmək üçün, çox vaxt arxiv sənədlərini “yox etdirir”. Və sənədlərin taleyi ilə kimsə maraqlandıqda, o, çox zaman minbir bəhanələr də gətirməyə çalışır.
“Maliyyə bosu”nun daha çox gəlir gətirən sahəsi
Gədəbəydə “maliyyə bosu”nu büdcəsini zənginləşdirən sahələrdən biri də, rayonun Kommunal Təsərrüfatı İstehsalat Birliyidir. Çünki, bu idarə öz-özlüyündə “ölü idarələrdən” biri hesab olunsa da, gətirdiyi gəlirə görə əksəriyyətindən də irəlidə gedir. Buna səbəb bir çox amillərin varlığıdır ki, həmin amillərdən də bir neçəsinin açıqlamasına diqqət yetirək. Məsələn, Gədəbəy şəhər Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin balansında olan 50 ton yükgötürmə qabiliyyəti olan “Şaqman” markalı nəqliyyat vasitəsi, hələ bir müddət bundan əvvəl rayondakı “Qızıl zavod”a “arendaya” verilib. Amma, buna baxmayaraq hər ay həmin nəqliyyat vasitəsi üçün dövlətdən yanacaq alınır və müəyyən yollarla da mənimsənilir. “Şaqman”ın sürücüsü rayonun Arıxdam kəndindən olan Şahbaz Ədiloğlu adlı şəxsdir.
Rayonun KTİB-nin rəisi Murğuzov Yusif Qabil olğu adlı şəxsdir ki, onun atası Qabil Murğuzov da, rayonun maliyyə idarəsində xəzinənin müdiri vəzifəsini daşıyır. Yusif Murğuzov əvvəllər icra hakimiyyəti aparatında vəzifə daşısa da, çox keçmir ki, Qabil Murğuzov həm özünün, daha çox isə Namiq Məmmədovun dəstəyindən yararlanaraq, oğlunu rayonun KTİB-nə rəis təyin etdirə bilir. Bu təyinatın bir çox özəllikləri olur ki, bunlardan da ən əsası Murğuzovların Namiq Məmmədovla işbirliyinə girib büdcəni talamaq məqsədləridir. Gədəbəydəki idarələr, müəssisələr, ayrı-ayrı təşkilatlar hər ay KTİB-nin hesabına müəyyən qədər pul köçürsələr də, verilən məlumatlarda o da bildirilir ki, “Qızıl zavod” isə 1000 manat pul köçürür.
Qeyd olunan qurum rayonun 18 küçəsini təmizləməli olduğu halda, təkcə iki küçəni- Heydər Əliyev və Məmmədəmin Rəsulzadə adına küçələri təmizləyirlər. Birlikdə təqribən 100 nəfərə qədər işçinin adı ştat cədvəlində getsə də, gündəlik iş başına cəmi 8-10 nəfər çıxır. İşə çıxanlara da, Ziyafət İsgəndərova adlı qadın birqadirlik edir, qalan işçilər isə bazarda alver etməklə məşğul olurlar. Belə bir səbəblər üzündəndir ki, onların adlarına yazılan əmək haqları rəhbərlik tərəfindən mənimsənilir.
Diqqəti cəlb edən digər hal odur ki, KTİB-nin rəisi Yusif Murğuzova atasının dəstək verməsi də, ona hər ay ayrılan pulları “sağa-sola” səpməyə imkan verir. Amma, bütün bunlara baxmayaraq milli qəhrəmanlar Cahangir Rüstəmovun, Məzahir Rüstəmovun, Sovet İttifaqı Qəhrəmanı olmuş Mehdi Quliyevin, şəhid Mübariz Abbasovun və Vahid Rüstəmovun adlarını daşıyan küçələr isə təmizlənmədiyindən, hər zaman bərbad halda olurlar. Birliyə məxsus binanın təqribən 1940-1960-cı illərdə inşa olunmasına diqqət yetirsək, onu da müəyyən edə bilirik ki, KTİB-nin binası olduqca yarasız haldadır. Otaqların qapı və pəncərələrində adicə şüşə olmadığından, bir kimsə qış aylarında soyuqdan otaqda otura bilmir. Belə olan halda, özü-özünü təmir və təmiz edə bilməyən bir qurumdan, hansı təmizlik işlərini gözləmək olar.
Yalan ayaq tutar, amma yeriməz!
Gədəbəyin diqqət mərkəzində olmasına səbəb olan amillərdən biri də bəzi vəzifə sahiblərinin müəyyən rol oynamalarıdır. Məsələn, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının və digər vəzifə sahiblərinin iztirabından, zülmündən, minbir oyun qaydalarından zinhara gələn bir neçə sahibkar, 28 oktyabr 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində, 43 nəfər sahibkar adından mətbuat konfransı keçirirlər. Məqsəd, Gədəbəydə sahibkarlara bəslənən ögey münasibətin varlığını, ölkə rəhbərinin verdiyi tapşırıqların saya salınmamasını və digər problemlərin tüğyan etməsini geniş ictimaiyyətin diqqətinə çatdırmaq olur. Təəssüflər olsun ki, mətbuat konfransında səslənən fikirlərlə bağlı çox keçmir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdir əvəzi vəzifəsini daşıyan Zülfüqar İsgəndərovun, ANS televiziya şirkətinə yalan məlumatlar verməsi, bir daha mətbuatın gündəmini zəbt edir. Çünki, həmin gün televiziyanın 18.00-da “Xəbərçi” proqramında baş verənlərlə bağlı müəyyən məlumatlar verildikdə, Zülfüqar İsgəndərov ANS televiziya şirkətinə zəng edib bildirir ki, “mətbuat konfransı keçirən sahibkarlardan heç birinin rəsmi sənədləri yoxdur”. Edilmiş telefon zəngindən sonra, problemin mahiyyətini araşdırmaq üçün televiziya rəhbərliyinin tapşırığı əsasında sahibkarlardan bir neçəsi, o cümlədən Əliyev Oqtay İbrahim oğlu, Səfərov Vaqif Qara oğlu, Əliyev Oqtay Qara oğlu və digərləri şirkətə dəvət olunurlar və onların sahibkarlıq fəaliyyətinə dair sənədlərinə baxış da keçirilir. Bu zaman bəlli olur ki, sahibkarların sənədləri tam qaydasındadır. Həmin gün də ANS televiziya şirkətinin “İç xəbər” proqramında, yaşanan problemlərin varlığı haqda ictimaiyyətə təkrar məlumat verilir. Belə olan halda Zülfüqar İsgəndərov Əliyev Oqtay Qara oğlunun problemi ilə bağlı “Rabitə Bank”a müəyyən sənəd göndərir ki, guya mağazanı onun özü sökdürüb. Yazıb pozduğu sənəddə onu da vurğulayır ki, guya ona məxsus mağaza taxta parçalarından tikilmişdi.
Zülfüqar İsgəndərov mütləqi-hakimdir?
Amma o, bir həqiqəti unudur ki, 12 fevral 2015-ci il tarixdə Oqtay Əliyev Bakı şəhərində səhhəti ilə bağlı müalicədə olarkən, ona rayondan zəng edib bildirirlər ki, mağazanı ağır texnika ilə sökürlər. Həmin gün o, ləngimədən DİN-nin 102 xidmətinə, Baş Prokurorluğun qaynar xəttinə və ANS televiziya şirkətinə yazılı ərizə ilə müraciət edir. Eyni zamanda qardaşı Əliyev Mahir Qara oğluna da zənğ edib bildirir ki, mağazamın sökülməsi ilə bağlı zəng edib mənə xəbər verdilər. Sən vaxt tap və mağazamın sökülüb-sökülməməsi ilə də bağlı maraqlan dedikdə, Oqtay Əliyevin qardaşı çox keçmir ki, hadisə yerində olur. Həmin an görür ki, Gədəbəy şəhəri üzrə icra nümayəndəsi olan Şahbaz Bayramov, yaxın adamları ilə mağazanın içərisindəki ərzağı, avadanlıqları və bir çox ləvazimatları hansısa maşına yığırlar. Hətta onların yanında bir neçə nəfər polis əməkdaşı, icra hakimiyyəti aparatından olan vəzifə sahibləri, eyni zamanda şəhər icra nümayəndəsində çalışanlar olsa da, Əliyev Mahir Qara oğlu heç cür söküntü-dağıntı işlərinin qarşısını ala bilmir. O, təkrar-təkrar bildirsə ki, “mağaza bankdan kreditə pul götürüldüyü üçün girovluqdadır, ayrı-ayrı firmalardan nisyə mallar alınıb” desə də, bir kimsə onun danışıqlarına məhəl qoymur. Çox keçmir ki, mağaza Şahbaz Bayramovun rəhbərliyi və təşkilatçılığı altında yerlə-yeksan edilir. Şahbaz Bayramov yalnız Mahir Əliyevə onu bildirir ki, “sən çəkil kənara, icra hakimiyyətinin başçısı Ramiz Yediyarovdan verilən tapşırıq var, mütləq icra olunmalıdır, mağaza sökülməlidir” deyir. Əslində bu belə də olur.
Baş verən belə bir olaylardan sonra istər Əliyev Oqtay Qara oğlu, istərsə də digər sahibkarlar Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdir əvəzi vəzifəsini daşıyan Zülfüqar İsgəndərovun, ANS televiziya şirkətinə zəng edib yalan məlumat verməsi, çoxsaylı televiziya tamaşaçılarını aldatması, sahibkarları yalançılıqda ittiham etməsi və.s kimi addımları ilə bağlı məhkəməyə müraciət etmək haqda düşünürlər. Çünki hər kəsin, o cümlədən 43 nəfər Gədəbəyli sahibkarların da, Konstitusiya ilə qorunan hüquqları var. Belə bir səbəblər üzündən də, onlar növbəti addımlarını atmaqda qərarlıdırlar.
Bu günə qədər də Əliyev Oqtay Qara oğlu Şahbaz Bayramovdan firmalardan aldığı malları, mağazanın içərisindəki bir çox avadanlıqları, lazımi sənədləri tələb etsə də, o belə bir cavab verir ki, “hara gedirsən get, kimə nə deyirsən de, mən bir kimsəni vecimə almıram” dedikdə, hər kəs bir çox düşüncələrə dalır. Görəsən Şahbaz Bayramov bu gün hansı ixtiyara sahibidir ki, bir kimsəni vecinə almır? Axı, ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışlarında, bir çox tədbirlərdə daim vurğulayır ki, “hər bir vəzifə sahibi xalqına xidmət etməli, xalqının da xidmətçisi olmalıdır” deyir. Bu belə olduğu halda, adicə Gədəbəy şəhəri üzrə icra nümayəndəsi olan bir şəxsin özünü “firon kimi” kimi aparmasına, görəsən nə ad vermək olar?
Gədəbəy səhiyyəsinin “müalicəyə ehtiyacı var”
Uzun illərdən bəri Gədəbəyin səhiyyəsinə rəhbərlik edən Ramiz Pirverdiyevin idarəçiliyi, bu gün sözün həqiqi mənasında rayonun səhiyyəsini elə bir dərdə salıb ki, gəl görəsən. Əslində belə bir problemə toxunmamaq, öz-özlüyündə cinayət də hesab oluna bilər. Məhz, ona görə ki, adicə rayonun mərkəzi xəstəxanasının giriş qapısından içəri ayaq basdıqda, tamam fərqli mənzərənin şahidi olmaq mümkün olur. Çünki, Gədəbəyin Mərkəzi Xəstəxanası xəstaxanaya deyil, daha çox yarmarkaya bənzəyir. Buna səbəb, xırdavat mallardan tutmuş, kənd təsərrüfatı məhsullarınadək xəstəxananın həyətində, bir qədər də dəqiq desək, giriş qapılarının ağzında satılmasıdır. Yəni, alan kim, satan kim! Hamı alır, hər kəs də satır! Belə getsə deyəsən, Bakıda fəaliyyət göstərən yarmarkaıların xəstəxananın həyətinə köçürülməsi zərurəti də yarana bilər. Bircə qalmışdı ki, “Dubay malları”nın satışına, yəqin ki, yaxın vaxtlarda onlar da satılacaq.
Elə ki, mərkəzi xəstəxananın içərisinə daxil olursan, həkim soyğunçuluğunun “ah-naləsi” sanki hər kəsi lərzəyə salır. Çünki, bu gün Gədəbəy MRX-da hər müayinənin, müalicənin müəyyən olunmuş “toskı”sı var. Bir kimsə müəyyən olunmuş çərçivədən kənara çıxarsa, o halda vəzifəsini və digər imtiyazlarını da itirə bilər. Xəstəxananın balansında olan nəqliyyat vasitələrindən şəxsi məqsədlər üçün istifadə olunma da, yəqin ki, ayrıca mövzunun müzakirəsidir. Rayonun kənd xəstəxanalarında yaşanan acınacaqlı durum isə, nə dilə gətiriləsidir, nə də ki, danışılasıdır.
Gədəbəydə şəkər xəstəliyindən sayca çox olanların əziyyət çəkmələrinə diqqət yetirdikdə, onu da müəyyən etmək olur ki, bu əziyyət çəkmənin də kökündə Ramiz Pirverdiyevin maraqları durur. Çünki, bu yöndə məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, şəkər xəstələri üçün verilən dərmanların çoxu apteklərdə satdırılır. Hətta o da vurğulanır ki, Namiq Məmmədova məxsus aptekdə bir çox dərmanlar, o cümlədən şəkər xəstələrinə verilməli dərmanlar da satdırılır ki, bu da əksəriyyət tərəfindən müzakirələrə səbəb olur.