BolgeXeber.Com » Dünya » Azərbaycanın xurmaları Putinin dostuna görə necə çürüyür...

Azərbaycanın xurmaları Putinin dostuna görə necə çürüyür...

23-11-2015, 17:24
Oxunub: 2 959 Azərbaycanın xurmaları Putinin dostuna görə necə çürüyür...Dağıstanda, Rusiya-Azərbaycan sərhədində uzaq məsafələrə yük daşıyan TIR sürücülərinin etiraz aksiyası hələ də davam edir

Virtualaz.org saytı Dağıstan mənbələrinə istinadən xəbər verir ki, sürücülər Rusiyada yeni tətbiq edilən federal yol vergisinə etiraz olaraq öz maşınları ilə Moskvaya yürüş etməyə hazırlaşırlar.

Sürücülər deyiblər ki, onlar maşınlardan ibarət kalon halında noyabrın 30-da Moskvaya yürüş edəcəklər və Moskva Dairəvi Avtomobil Yolunu bağlayacaqlar.

Hazırda yüzlərlə sürücü öz avtomobilləri ilə Rostov-Bakı avtomobil yolunun kənarında etiraz aksiyalarını davam etdirirlər. Bu aksiyaya görə Azərbaycandan Rusiyaya yük daşımaları, o cümlədən kənd təsərrüfatı məhsullarının daşınmasında ciddi problemlər yaranıb. Azərbaycandan Rusiyaya meyvə-tərəvəz aparan yüzlərlə maşın sərhəddə qalıb.

Ötən həftə sonu Dağıstan OMON-u aksiyaçılara müdaxilə edib və bir neçə sürücünü saxlayıb. Habelə aksiyaçıların cəmləşdiyi yerə - Azərbaycanla sərhədə xüsusi təyinatlı qüvvələr yerləşdirilib.

“Biz artıq altı gündür ki, burada tətil edirik. Azərbaycanla sərhəddə hazırda xurma yüklü 300 vaqon yığılıb qalıb. Hazırda bu meyvənin yetişən vaxtıdır, 300 vaqon təxminən 900 TIR deməkdir. Biz bu məhsulları Rusiya bazarlarına çatdırmalıyıq. Ancaq bunun əvəzində məhsul xarab olur”-sürücülərdən biri deyib.

Dağıstanın Azərbaycanla sərhəd Xasavyurt qəsəbəsində, Azərbaycanla sərhəddə 500-ə yaxın TIR yığılıb. Sürücülər malları sərhədə göndərilən yük vaqonlarına yükləməkdən imtina ediblər. Yaranmış vəziyyətdən həm yükdaşıyanlar, həm mal sahibləri, xüsusən də Azərbaycanın kənd təsərrüfatı ciddi ziyan çəkir.

Yeni vergilərə görə yükdaşıyanlar xidmət haqlarını qaldırmağa məcburdur. Sürücülər isə deyir ki, yanacağın və ehtiyat hissələrinin bahalaşdığı bir vaxtda bu vergilər onların biznesini çökdürəcək.

Azərbaycanın xurmaları Putinin dostuna görə necə çürüyür...


Sürücülər təkcə bu vergilərin tətbiqinə qarşı deyil, həmin vergiləri toplamaq üçün operator kimi seçilən şirkətin sahibini-prezident Vladimir Putinin dostu, milyarder Arkadi Rotenberqə də etiraz edirlər.

Yük maşınlarının kuzovlarında “Əlini sürücülərdən çək!”, “Bəsdir xalqı taladınız!” və “Rotenberq İŞİD-dən daha betərdir!”, “Rotenberqsiz Rusiya!” sözləri yazılmış plakatlara rast gəlmək olar.

Sürücülər yaxşı bilir ki, yeni vergiləri yığan operator “Platon” şirkətinin səhmlərinin 25 faizi Rotenberqin oğlu İqora, qalanı dövlət korporasiyası “Rostex”ə məxsusdur.

Gözlənilir ki, yeni vergilər sayəsində ildə 40 milyard rubl toplanacaq. Neftin ucuzlaşdığı bir vaxtda bu pullar Rusiya büdcəsindəki “deşikləri” doldurmaq üçündür.