BolgeXeber.Com » Analitika » “Zərurətdən doğan və vaxtında atılan addım”

“Zərurətdən doğan və vaxtında atılan addım”

27-11-2015, 15:13
Oxunub: 4 006 “Zərurətdən doğan və vaxtında atılan addım”2000-ci ilin iyununda “Azərbaycan Respublikası Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutu”nun bazasında Azərbaycan Müəllimlər İnstitutu və bölgələrdə bu institutun 12 filialı yaradıldı

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalayıb. Sənədə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Ağcəbədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunacaq.

Bolgexeber.com-a məsələ ilə bağlı münasibət bildirən təhsil eksperti “XXI əsr” Təhsil Mərkəzi İB-nin sədr müavini Nadir Israfilov sərəncamın verilməsinı zərurətdən doğan və vaxtında atılan addım kimi qiymətləndirib.

Ekspert hesab edir ki, bu birləşmə sərəncamda qeyd edildiyi kimi pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənın səmərəliliyini artırmaq, habelə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strateqiyası”na müvafiq olaraq təhsil sisteminin tənzimləməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında qurulması istiqamətində mühüm mərhələdir.

N.İsrafilovun sözlərinə görə Sovet dönəmində Respublikamızda müəllim kadrlarının hazırlanması ilə cəmı üç ali məktəb və bir orta ixtisas təhsil müəssisəsi məşğul olurdu və ölkəmizin müəllimlərə ehtiyacı tam ödənilirdı. Keçid dövründə yaranan müvəqqətı boşluqlardan istifadə edərək 30-a yaxın ali və orta ixtisas müəssisəsi bu missiyanı öz üzərinə götürdü.

Məhz belə bir şəraitdə, 2000-ci ilin iyununda “Azərbaycan Respublikası Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutu”nun bazasında Azərbaycan Müəllimlər İnstitutu və bölgələrdə bu institutun 12 filialı yaradıldı. Qısa müddətdən sonra Naxçıvan filialı müstəqil instituta çevrildi. Zaman-zaman bir neçə filialda korrupsiya faktları aşkarlandı, saxta diplom qalmaqalları yaşandı, nətıcədə institutun dörd filialı ləğv olundu, cəmiyyətdə instituta qarşı mənfi ictimai rəy formalaşdı.

Ekspert hesab edir ki, hazırda respublikada pedaqoji kadrların sayı kadrlara olan mövcud tələbatdan iki dəfədən də artıqdır və pedaqoji kadrların hazırlanması, habelə vahid mərkəzdən idarə edilməsi, səriştəli müəllim kadrların hazırlanması və qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması istiqamətındə aparılan işlər yəqin ki, bundan sonra da ardıcıllıqla davam etdiriləcəkdir.