BolgeXeber.Com » Analitika » Azərbaycanda ipoteka ilə ev alanlar niyə azalıb?

Azərbaycanda ipoteka ilə ev alanlar niyə azalıb?

9-04-2012, 01:05
Oxunub: 5 334 Ekspert: "Mənzilə ehtiyacı olanların gəlirləri ilə kredit şərtləri arasında kəskin uyğunsuzluq var"

Azərbaycanda ipoteka ilə ev alanların sayı azalıb. Mütəxəssislər bunu ipoteka şərtlərinin ağırlığı ilə izah edirlər. Bu faktı artıq hökumətdə də etiraf edirlər. İqtisadçı millət vəkilləri isə əmin edir ki, Azərbaycanda ipoteka şərtlərində dəyişiklik ediləcək. Bununla bağlı Milli Məclis hökumətə təkliflər irəli sürüb.

Elşad Məmmədzadə 1 ilə yaxındır ki, evlənib. Amma hələ də özünə məxsus evi yoxdur. Ev almağa ümid etdiyi ipoteka şərtləri isə ona bu istəyinə çatmağa imkan yaratmır.

“Bizim ailəmizin gəliri hardasa 500-600 manatdır. İpoteka şərtləri çox sərtdir. İpoteka almaq üçün ən azı 800 manat maaş olmalıdır”, - deyə E.Məmmədzadə bildirib.

Mütəxəssislər də deyirlər ki, ipoteka şərtləri kifayət qədər əlverişli deyil. 10 ilə yaxındır daşınmaz əmlak bazarında araşdırmalar aparan, ekspert Nüsrət İbrahimov deyir ki, son bir ildə ipoteka ilə mənzil almaq istəyənlərin sayı 2 dəfəyə qədər azalıb. Bunun əsas səbəbi də mənzilə ehtiyacı olan əhalinin gəlirləri ilə kreditin şərtləri arasında kəskin uyğunsuzluq olmasıdır: “İpoteka ilə mənzil almaq imkanı olanların sayı artıq tükənir. Onlar bazardan çıxır. Onların yerinə isə imkanları olan insanlar gəlmir”.

Məlumat üçün bildirək ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-ci ildən başlanılıb. Hazırda Azərbaycan İpoteka Fondu tərəfindən adi və güzəştli-başqa sözlə sosial ipoteka kreditləri verilir. Adi poteka kreditləri illik 8%-lə , 25 il müddətinə verilir ki, bu zaman məbləğin ən azı 20%-i əvvəlcədən ödənməlidir. Bu kreditin maksimum məbləği 50 min manatdır.

Gənc ailələr, elmi dərəcəsi olanlar, hərbçilər, müharibə iştirakçıları kimi imtiyazlı şəxslərə nisbətən yüngül şərtlərlə verilən sosial ipoteka krediti 30 il müddətinə, illik 4%-lə, ümumi məbləğin 15%-i əvvəldən ödənməklə verilir. Bu kreditin maksimum məbləği isə 35 min manatdır.

Müqayisə üçün bildirək qonşu ölkələrdə ipoteka kreditlərinin faizi kifayət qədər aşağıdır. Məsələn, Gürcüstanda ipoteka 4%-lə, Türkiyədə 3,7%-lə, Rusiyada isə 3%-lə verilir. Avropa ölkələrində isə bu rəqəm daha da aşağıdır. Belə ki, bu ölkələrdə ipoteka faizi 1,3%-dən başlayır və yalnız az sayda Avropa ölkəsində bu göstərici 4% təşkil edir.

Azərbaycanda ipoteka şərtlərinin xüsusi ilə gənc ailələr üçün əlverişli olmadığını hökumətdə də etiraf edirlər. Xatırladaq ki, Milli Məclisdə 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov İpoteka Fonduna ayrılan vəsaitlərin artırılmasını və şərtlərin sadələşdirilməsini təklif etmişdi. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da bu şərtlərin dəyişdirilməsinin vacib olduğunu deyir: “Faizlər aşağı salınmalıdır. İlkin ödəniş ümumiyyətlə ləğv olunmalıdır. Biz bunu təklif etmişik, hökumətdə baxılır, yəqin yaxın vaxtda prezidentə təqdim olunar”.

Qeyd edək ki, 2012-ci il dövlət büdcəsində İpoteka Fonduna 20 milyon manat ayrılması nəzərdə tutulub. Elə Elşad Məmmədzadə də minlərlə gənc ailə başçısı kimi ev sahibi olmaq üçün ipoteka şərtlərinin yumşaldılmasını arzu edir . Ümid edir ki, ailəsi genişlənəndən sonra onun da yeni ipoteka şərtləri ilə geniş evi olacaq. /anspress/