BolgeXeber.Com » İqtisadiyyat » Bazarlarda qiymətlər “od tutub yanır”

Bazarlarda qiymətlər “od tutub yanır”

9-12-2015, 11:40
Oxunub: 5 388 Bazarlarda qiymətlər “od tutub yanır”“Alver yoxdur”

Bakıda bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə olunur.

Bolgexeber.com xəbər verir ki, bu barədə Trend agentliyi yazır.

Məlumatda qeyd olunur ki, “Yaşıl bazar” və Keşlə bazarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin artımını satıcılar da təsdiqləyirlər.

Satıcılar bildiriblər ki, qiymət artımı dekabrın əvvəlindən başlayıb. Belə ki, əvvəllər kq-ı 60 qəpiyə satılan kartof hazırda alıcılara 70 və 80 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Bu ayın əvvəlinə kimi kq-ı 50 qəpik olan soğan indi 10 qəpik baha satılır.

Tərəvəzlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur. Məsələn, narın kq-ı ötən ay 1 manat 20 qəpiyə təklif olunurdusa, hazırda 1 manat 50 qəpiyə satılır. Analoji vəziyyət naringi, üzüm və almanın qiymətlərinə də aiddir.

Alıcılar isə deyirlər ki, qiymətlər süni şəkildə artırılır:

“Hər il bayram ərəfəsində belə hallarla üzləşirik. Süni olaraq qiymətləri artırırlar. Kartofun vedrəsini rayonlarda 50 qəpiyə verirlər, Bakıda isə 3 ədəd kartofu 70 qəpiyə satırlar. Bilirlər ki, insanların tələbatı var, bayramda insanlar gəlib alış-veriş edəcəklər, ona görə də qəsdən qiymətləri artırırlar”.

Başqa bir alıcı isə aidiyyəti qurumların qiymət artımına nəzarət etməməsindən narazıdır:

“Niyə məsələ ilə maraqlanan yoxdur? Keçirdikləri satış yarmarkalarına gedirsən, elə orada da eyni vəziyyətdir. Buradakı qiymətlərdən heç bir fərqi yoxdur. Qarşıdan Yeni il gəlir. Hələ indidən meyvələrin qiymətini 10, bəzilərinin isə hətta 20 qəpik artırıblar. Görün, bayram günü qiymətlər hansı səviyyədə olacaq?! İndidən bunun qarşısını almalıdırlar”.

Vəziyyət alıcılarla yanaşı, satıcıları da narahat edir. Onları narahat edən isə alverin olmamasıdır:

“Qiymət artımını danmırıq. Amma inanın ki, bunu biz etmirik. Çünki məhsulların qiymətlərinin artırılması bizə də sərf etmir. 10 qəpiklik bahalaşma olan kimi alıcı da olmur. Biz əksinə, çalışırıq ki, məhsullarımızı ucuz sataq. Ucuz satanda da alıcımız çox olur”.

Digər satıcı isə satdıqları məhsulu birinci əldən baha aldıqlarını deyir. Bu səbəbdən də qiymətlərdə artım olur:

“Biz məhsulları müxtəlif rayonlardan alıb gətiririk. Yəni satdıqlarımız öz becərdiyimiz məhsul deyil. Öz becərdiyimiz məhsullar olsaydı, təbii ki, daha ucuz qiymətlə satardıq”.

Bazarlarda alıcı fəallığının azalması bəzi piştaxtaların da boşalmasına gətirib çıxarıb. Dekabrın əvvəlindən təkcə Keşlə bazarında 8-ə yaxın satıcı bazarı tərk edərək işini dayandırıb.

Bazarlarda süni qiymət artımı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə açıqlamasında bildirib ki, bu, mövsümi xarakter daşıyır:

“Mövsümün elə vaxtıdır ki, qiymət artımı təbii və normal haldır. Biz hər həftə monitorinqlər aparırıq. Monitorinqlər əsasında deyə bilərəm ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə çox ciddi qiymət artımı müşahidə olunmur. Bəzi məhsulların qiymətində artım varsa da, bu, mövsümlə bağlıdır”.