BolgeXeber.Com » Müsahibə-Reportaj » Üc dairədə favoritlər müəyyənləşdi

Üc dairədə favoritlər müəyyənləşdi

2-11-2010, 01:55
Oxunub: 6 074 Sorğunun nəticələrinə görə, Rasim Nəbiyev, Səkinə Babayeva və Ağacan Əbiyev seçicilərin səslərinin əsas hissəsini götürəcək

Bolgexeber.com saytı nəzərdə tutulmuş dairələrdə sorğuların keçirilməsi prosesi davam edir. Saytımızın əməkdaşları 15 saylı Yasamal birinci,18 saylı Nərimanov-Nizami və 32 saylı Suraxanı üçüncü seçki dairələrində sorğu keçirərək, əhalinin rəyini öyrənməyə çalışıb. Hər dairədə 250 nəfər arasında keçirilən sorğunun nəticələri aşağıdakı kimidir.

15 saylı Yasamal Birinci seçki dairəsi.

Bolgexeber.com saytının əməkdaşları 15 saylı Yasamal Birinci seçki dairəsində 2-ci Alatava, Mətbuat Prospekti və Şərifzadə küçələrində keçirdiyi sorğu nəticəsində məlum olub ki, respondentlərin 54 faizi Rasim Nəbiyevi özlərinin deputatı olaraq görürlər. Onların rəyinə görə, YAP-ın namizədi qısa müddət ərzində seçiciləri ilə görüşlər keçirərək, onların problemləri ilə maraqlanıb və bəzi problemlərin qısa müddətdə aradan qaldırılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırıb.

18 saylı Nərimanov-Nizami seçki dairəsi.

Analoji sorğu həmçinin 18 saylı Nərimanov-Nizami seçki dairəsində keçirilib. 250 respondent arasında keçirilən sorğunun nəticələri isə Səkinə Babayevanın rəqiblərini geridə qoyduğunu göstərir. Saytımızın əməkdaşları sorğunu bu dairədə Ağa Nemətulla, Akademik Həsən Əliyev və Ordubadi küçələrində keçiriblər. Seçicilərin 62 faizi birmənalı şəkildə xanım namizədi favorit olaraq görürlər. Onlar YAP-ın vahid namizədinin seçiciləri parlamentdə layiqincə təmsil edəcəyinə əmin olduqlarını vurğulayıblar. Seçicilər hesab edirlər ki, Səkinə Babayeva rayonda mövcud olan ən kiçik problemləri belə həlledəcək səviyyədə diqqətcil insandır və o, bu yüksək keyfiyyəti ilə hamının rəğbətini qazanıb.

32 saylı Suraxanı üçüncü seçki dairəsi.

Nəzərinizə çatdıraq ki, bolgexeber.com saytı həmçinin 32 saylı Suraxanı üçüncü seçki dairəsində də geniş sorğu keçirib. Bu dairədə də 250 nəfər arasında təşkil olunmuş sorğunun nəticələri kifayət qədər maraqlı və əvvəlcədən gözlənilən olub. Belə ki, respondentlərin 68 faizə qədəri Ağacan Əbiyevi yenidən özlərinin deputatı olaraq gördüklərini açıqlayıblar. Əmircan, Yeni Suraxanı və Bülbülə qəsəbələrində keçirilən sorğu zamanı seçicilər bildiriblər ki, Ağacan Əbiyev deputat olduğu müddət ərzində rayon üçün xeyli işlər görməklə yanaşı, davamlı olaraq parlamentdə problemlərlə bağlı məsələlər qaldırıb. Eyni zamanda, deputat vaxtaşırı Suraxanıdan olan seçiciləri ilə görüşərək, onların vəziyyəti ilə maraqlanıb.

«Bölgəxəbər» Seçki Monitorinq Qrupu