BolgeXeber.Com » Siyasət » İlham Əliyev pensiyaları artırdı - SƏRƏNCAM

İlham Əliyev pensiyaları artırdı - SƏRƏNCAM

16-01-2016, 15:13
Oxunub: 5 686 İlham Əliyev pensiyaları artırdı - SƏRƏNCAMPrezident İlham Əliyev Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncamı imzalayıb

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə uyğun olaraq pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 avqust tarixli 3096 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 976) 1-ci hissəsi ləğv edilsin.
Bolgexeber.com