BolgeXeber.Com » Müsahibə-Reportaj » Prezident: “Daşqınlar Azərbaycanın nəyə qadir olduğunu göstərdi”

Prezident: “Daşqınlar Azərbaycanın nəyə qadir olduğunu göstərdi”

2-11-2010, 02:20
Oxunub: 5 520 “Avropa ölkələrində təbii fəlakətlər itkilərlə müşayiət olunsa da, biz bütün qüvvələri səfərbər edib insan itkisinə yol vermədik”

“Bu il biz misli görünməmiş təbii fəlakətlə üzləşmişdik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışındakı çıxışında bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakətdən danışarkən deyib. Dövlət başçısı bildirib ki, Sabirabad rayonunda böyük tikinti işləri gedir, qısa müddət ərzində 400-dən yuxarı ev tikilib və təmir olunub. İlham Əliyevin sözlərinə görə, yaxın tarixdə aprel-may daşlıqları qədər böyük fəalkət olmayıb: “Əlbəttə ki, bu təbii fəlakət bütün imkanlarımızın səfərbər olunmasını tələb edirdi. Mən çox məmnunam ki, bütün qurumlar çox operativ, çox səmərəli işlədilər. İlk növbədə, xilasedicilər böyük peşəkarlıq göstərmiş və insanları vaxtında təhlükəsiz yerlərə köçürüblər. O yerlərdə müvəqqəti yaşamaq üçün şərait yaradıldı, ərzaqla təmin olunma, təhsillə bağlı məsələlər həllini tapdı. Hər bir müvəqqəti məskunlaşma yerində tibbi məntəqələr təşkil olundu. Yəni, Azərbaycan dövləti ilk növbədə, insanların təhlükəsizliyini təmin etmək üçün səylərini göstərib və əlbəttə, xilasetmə işləri yüksək səviyyədə aparıldı. Bir dənə də itki, zərərçəkən olmayıb”.

Dövlət başçısı məlumat verib ki, Azərbaycan güclü dövlətdir və öz gücünə arxalanaraq dağılmış evlərin, binaların əvəzinə təmir-tikinti işlərini aparıb: “Bu gün, bir neçə ay keçəndən sonra artıq evlərin böyük əksəriyyətinin tikintisi reallaşıb. Üç min beş yüz ev ya uçub, ya da qəzalı vəziyyətə düşmüşdür. Artıq ölkə üzrə təxminən 1500 ev tikilib. Sabirabad rayonunda inşası gözlənilən evlərin 77 faizi artıq tikilib. Təkcə evlər deyil, məktəblər, məscidlər, tibb məntəqələri, sosial obyektlər böyük vəsait tələb edən məsələlərdir. Eyni zamanda, biz bunu qısa müddət ərzində etməli idik ki, qış gələnə qədər bütün bu işlərin böyük əksəriyyəti öz həllini tapsın. Bu gün artıq görülən işlər bir daha onu göstərir ki, Azərbaycan ilk növbədə güclü, böyük maliyyə imkanlarına malik olan dövlətdir. Azərbaycanda sosial siyasət bizim üçün prioritet məna daşıyır. Bu il dünyanın müxtəlif yerlərində, başqa qitələrdə, Avropa ölkələrində təbii fəlakətlər - yanğınlar, sellər, daşqınlar geniş vüsət almışdır. Biz televiziya vasitəsilə görürdük ki, əksər hallarda bütün bu fəlakətlər böyük itkilərlə, insan itkiləri ilə müşayiət olunurdu. Mən qeyd etdiyim kimi, biz Azərbaycanda bütün qüvvələri səfərbər edib insan itkisinə yol vermədik. Digər tərəfdən, Avropa ölkələrində bütün təmir-bərpa işləri, onun maliyyə dəstəyi sığorta şirkətləri tərəfindən həyata keçirilir. Azərbaycanda hələ bu praktika tətbiq olunmur və burada uçmuş evlərin 70 faizi çiy kərpicdən tikilmişdi, keyfiyyətsiz evlər idi”. İlham Əliyevin sözlərinə görə, Azərbaycan dövləti bütün bu yükü öz üzərinə götürüb, dərhal qərar qəbul edildi, büdcəyə dəyişiklik olunub, ona 300 milyon manat əlavə edilib.

Prezidentin sözlərinə görə, o günlər bir daha göstərdi ki, Azərbaycan xalqı nəyə qadirdir: “Təkcə texniki imkanlardan, maliyyə vəsaitindən söhbət getmir. Əgər güclü iqtisadiyyatımız olmasaydı, əvvəlki illərdə bu güclü potensialı yaratmasaydıq, biz bu işin öhdəsindən çətin gələ bilərdik. Ancaq bununla bərabər, o çətin günlər göstərdi ki, Azərbaycan xalqı çox işlərə qadirdir və bütün xalq səfərbər olunmuşdu. Sahilbərkitmə işlərinin aparılması üçün Bakıdan, başqa yerlərdən maşın karvanı ilə böyük daşlar, qayalar gətirilirdi. Ancaq o fəlakətin qabağında bəzi hallarda biz gücsüz idik. Çünki sular, sellər bütün bəndləri dağıdırdı, göllər daşırdı. O vaxt qarşımızda ancaq və ancaq insanları xilas etmək, bununla bərabər, sahilbərkitmə işlərini görmək məsələsi dayanmışdı. Bu gün xarici mütəxəssislər tərəfindən hazırlanmış təqdimat barədə mənə məlumat verildi. Biz göstəriş vermişdik ki, fəaliyyətimizi xarici mütəxəssislərlə bərabər görüləcək işlər əsasında quraq. Elə edək ki, gələcəkdə özümüzü bu bəladan birdəfəlik sığortalayaq. Bu gün görülən işlər artıq onu göstərir ki, biz düzgün istiqamətdə addımlayırıq. Xaricdən dəvət olunmuş mütəxəssislər bizim üçün böyük bir inkişaf planı hazırlayırlar. Onun əsasında bütün işlər öz həllini tapacaq. Sahilbərkitmə, bəndbərkitmə işləri, suların idarə olunması və tənzimlənməsi, su anbarlarının fəaliyyəti, çayların lildən təmizlənməsi, yəni, bütün bu kompleks tədbirlər görüləcək ki, gələcək illərdə özümüzü bu bəladan xilas edə bilək”.