BolgeXeber.Com » Analitika » General Lənkəran Əliyevə cinayət işi açılıb

General Lənkəran Əliyevə cinayət işi açılıb

30-04-2012, 14:25
Oxunub: 5 520 Lənkəran Əliyev barəsində 6 il əvvəl başlanmış cinayət işi yenilənib

Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev məhkəmənin Müdafiə Nazirliyinin iddiasını təmin etməsinə və nazirliyin hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyevin onun barəsində verdiyi açıqlamaya münasibət bildirib.
L. Əliyev APA-ya açıqlamasında Bakı Apellyasiya Məhkəməsinin bir neçə gün əvvəl çıxarmış olduğu qərarını ədalətsiz adlandırıb: “Ötən il Bakı Apellyasiya Məhkəməsi həmin iş üzrə mənim xeyrimə qərar çıxarmışdı. Müdafiə Nazirliyinin rəhbərliyinin şikayəti əsasında Ali Məhkəmə yenidən işi Bakı Apellyasiya Məhkəməsinə qaytardı. Bakı Apellyasiya Məhkəməsi indi də mənim əleyhimə qərar çıxardı. Mən başa düşə bilmirəm, necə olur ki, Bakı Apellyasiya Məhkəməsi bir iş üzrə iki fərqli qərar çıxarır? Belə bir məhkəmədən ədalət gözləməyə dəyərmi?”.

L. Əliyev Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından kasasiya şikayəti verəcəyini bildirib: “Bu işlə bağlı yenidən kasasiya şikayəti verəcəyəm. Həmçinin ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə yenidən raport verməyə hazırlaşıram. 38 il orduda xidmət edən generalı evindən çıxarmaq istəyirlər”.
L. Əliyev Rauf Kişiyevin açıqlamasına da münasibət bildirib: “Mən əminəm ki, Rauf Kişiyevə bu açıqlamanı verməyi Müdafiə Nazirliyinin rəhbərliyi tapşırıb. Bir daha bildirəm ki, Mən 38 il orduda qüsursuz xidmət aparmışam. Hər zaman dövlətimə, qanunlarımıza və ali baş komandana sadiq olmuşam. Bundan sonra da nə qədər ki sağam, vicdanla xidmətimi davam etdirəcəyəm”.
L. Əliyev bir neçə il əvvəl onun barəsində xitam verilmiş cinayət işinin yeniləndiyini qeyd edib: “Vaxtilə mənim tabeliyimdə çalışan bir mayoru mənimlə qarşı-qarşıya qoyublar. Guya 2006-cı ildə həmin mayoru mən döymüşəm. Həmin işi yeniləyərək mənim ifadəmi alıblar”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyev general Lənkəran Əliyevi hərbi qulluqçuya yaraşmayan açıqlamalar verməkdə, apellyasiya məhkəməsində uduzduğu mülki işə görə «ictimai dəstək» qazanmaq cəhdində ittiham edib.

Açıqlamada o da bildirilir ki, L. Əliyevin TTM-in rəisi olarkən fəaliyyətinin yoxlanması zamanı ciddi qanun pozuntuları aşkarlanıb, buna görə də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.