BolgeXeber.Com » Müsahibə-Reportaj » Elşad Paşasoy bu gün İTV -də çıxış edəcək

Elşad Paşasoy bu gün İTV -də çıxış edəcək

2-11-2010, 12:20
Oxunub: 6 053
Yerli icra orqanları görüşə gələn seçiciləri hədələməklə məşğuldur, deputatlığa namizəd MSK-ya müraciət edib

72 saylı Yardımlı-Masallı seçki dairəsindən AXCP-Müsavat Blokunun vahid namizədi Elşad Paşasoy dünən Masallının Güllütəpə, Tatyanoba və Yeni Zuvand kəndlərində möhtəşəm görüşlər keçirib. Deputatlığa namizədin Seçki Qərargahından saytımıza verilən məlumata görə, hər üç kənddə keçirilən görüşlərdə Elşad Paşasoy böyük rəğbətlə qarşılanıb.

Seçicilərlə keçirilən görüşdə mövcud problemlər barəsində danışılıb. Kənd sakinləri bildiriblər ki, hal hazırda Güllütəpə kəndinin yolları bərbad vəziyyətdədir və illərdir buraya asfalt yol çəkilmir. Eyni zamanda, o da vurğulanıb ki, əgər bu kəndə yol çəkilərsə, daha 4 kəndin də yol məsələsi tamamilə həllini tapacaq.

Bundan başqa, sözügedən kəndlərin qazlaşdırılması problem barədə də söhbət açılıb. Seçicilər bildiriblər ki, indiyə qədər seçilmiş deptutatların heç bir bu kəndlərin problemləri ilə maraqlanmayıb və parlamentdə məsələ qaldırmayıb. Elşad Paşasoy isə bu deyilənlərə rəğmən bildirib ki, əgər deputat seçilərsə, ilk növbədə Gülltəpə ərazisinin problemləri ilə bağlı parlamentdə məsələ qaldırıb, həmin problemlərin həllinə çalışacaq.

Onu da bildirək ki, deputatlığa namizəd Elşad Paşasoy MSK-ya müracmət edib. Bu barədə məlumat verən Paşasoy deyib ki, müraciət etməsinə səbəb yerli icra strukturlarının onun seçki kampaniyasına mane olmasıdır. «Yerli icra orqanları mənim seçki kampaniyama mane olurlar. Onlar seçiciləri qorxudaraq, mənimlə görüşə gəlməkdən çəkindirirlər. Hətta görüşümə gəldiyi üçün onlarla insanı hədələyiblər. Bu barədə MSK-ya müraciət edərək, baş verənlərin araşdırılmasını tələb etmişəm».

Xatırladaq ki, Elşad Paşasoy bu gün İTV-də çıxış edəcək. Amma əldə etdiyimiz məlumata görə, deputatlığa namizədin çıxışı zamanı Yardımlı və Masallı rayonlarında işıqlar söndürüləcək. Məlumatda iddia olunur ki, yerli İcra Hakimiyyətlərinin tapşırığı ilə həyata keçiriləcək bu prosesin başlıca məqsədi seçiciləri Paşasoyun çıxışından məhrum etməkdir.