BolgeXeber.Com » Sosial » Çingiz Abdullayev: Mən ixtisar haqqında əmri imzalaya bilmədim

Çingiz Abdullayev: Mən ixtisar haqqında əmri imzalaya bilmədim

29-01-2016, 10:20
Oxunub: 3 662 Çingiz Abdullayev: Mən ixtisar haqqında əmri imzalaya bilmədim“Onlar üçün 100 min və ya milyon dollar çoxdan pul sayılmır”

Bu gün mən bir neçə nəfəri ixtisara salmalı idim. Əmri gətirdilər. Uzun müddət baxdım. Bilmədim ki, nə edim.

Oxu.Az xəbər verir ki, bunu məşhur yazıçı Çingiz Abdullayev Facebook səhifəsindəki statusunda yazıb.

“Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Bəzən xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, “Pen-klub”da da, “Neftçi”də də, “Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu”nda da.

İxtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da var idi. İxtisara salındığını bildikdə, ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrini imzalaya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm”, - Ç.Abdullayev yazır.

Yazıçı qeyd edib ki, bəzi məmurlar kimi sərt və prinsipial olmaq, insanlara tüpürmək asandı.

“Onlar üçün 100 min və ya milyon dollar çoxdan pul sayılmır. Onlar insanlara açıq-aşkar laqeydlik göstərirlər. Hətta əmrlərinin arxasında problem və çətinlikləri olan canlı insanların durduğunu da düşünmürlər.

Əmri imzalamadım, imzalamayacağam da. Hətta heç də düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram.

4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdı ləyaqət və xeyirxahlıq çağırışları?”, - məşhur yazıçı sual verib.

“Neftçi”yə gəlişimdən sonra klubun bütün əməkdaşlarının pulsuz yeməklə təmin olunmasına göstəriş verdim. Əvvəllər yalnız futbolçular və məşqçilər nahar edirdilər”, - “Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Abdullayev qeyd edib.

“Bəli, hazırda əvvəlki kimi pulumuzun olmadığını başa düşürəm. Amma puldan da vacib, çox vacib nə isə var. Ona görə yox ki, mən mələk simasındayam. Sadəcə, birinin yeyib, digərinin baxması utandırıcıdır.

Nəyə görə illərdir mən oxucularımı sonda Xeyirin qələbəsinə inandırmağa çalışıram? Əgər özüm öz prinsiplərimə inanmıramsa”, - çoxsaylı bestellerlərin müəllifi yazır.

“...Doğrudanmı Didro bu sözlərində haqlı olub: “Xoşbəxtlik üçün yaxşı qarnın, əzazil ürəyin olmalı və ümumiyyətlə, vicdanın olmamalıdır?” Yoxsa haqsızdır?” - o, sözünü yekunlaşdırıb.