BolgeXeber.Com » Xəbərlər » «Socar Petroleum”da qalmaqal

«Socar Petroleum”da qalmaqal

29-01-2016, 12:51
Oxunub: 2 857 «Socar Petroleum”da qalmaqal1 saylı Bakı neft terminalı bazasının satış marketinq şöbəsinin müdir müavini Ələddin Soltanov yanacaq almaq istəyən sahibkarlara problem yaratmağa başlayıb

Son günlər SOCAR-ın adı yenidən qalmaqallı şəkildə gündəmə gəlməyə başlayıb. Dövlət qurumunun yüksək çinli əməkdaşının həyat yoldaşının 20 milyon dollara Türkiyədə 16 villa alması səbəbindən baş qaldırmış məsələnin əl-ayağını yığmağa çalışan şirkət, artıq başqa bir qalmaqalla üz-üzə qala bilər.

JAM.AZ-a müraciət edən Masallı rayon sakini, sahibkar Qadir Zeynalovun üzləşdiyi vəziyyət bunu deməyə əsas verir. Çünki «Socar Petroleum” QSC-nin 1 saylı Bakı neft terminalı bazasının satış marketinq şöbəsinin müdir müavini Ələddin Soltanov sözün həqiqi mənasında sahibkarlara qan uddurur. Soltanov pulu ödənilsə belə, benizin istəyən sahibkarları ya qapıdan qovur, ya da istədiyi pulu aldıqdan sonra işi həll edir.

Qadir Zeynalov da bildirir ki, ötən il dekabr ayının 29-da ona məxsus maşını idarə edərək, neft məhsulu daşıyan sürücünü müvafiq etibarnaməsi olmadığına görə bir neçə saat saxlatdırıblar. Onun sözlərinə görə, “Socar Petroleum” QSC-nin 1 saylı Bakı neft terminalı bazasının satış marketinq şöbəsinin müdir müavini Ələddin Soltanov, hətta etibarnamə göndəriləndən sonra da neft məhsulu verməyib. “Hətta saat 13 radələrində neft bazasını bağlayıb. Halbuki həmin gün iş günü olmaqla iş vaxtı saat 18-dək olub. Məcburiyyət nəticəsində mənə məxsus maşın səhərə kimi qalmış, yalnız səhər sürücü neft məhsulu ala bilmişdir. Yeni ilin ilk günündə isə Ələddin Soltanov sürücünün təqdim etdiyi etibarnamədə texniki səhv olaraq, “yanvar” əvəzinə “dekabr” yazılmasını əsas gətirərək neft məhsulu verməyib. Hətta ona müvafiq düzəliş edilmiş etibarnamə göndərilməsi təklif edilsə də, razılaşmayıb və saat 11 radələrində neft bazasını bağlayıb”.

Maraqlı məqam odur ki, Ələddin Soltanov bununla da kifayətlənməyib. “Telefon vasitəsi ilə əlaqə saxlayaraq, neft məhsulu verilməsini xahiş etdikdə isə Ələddin Soltanov məni nalayiq sözlərlə təhqir etdi. Hətta hədə-qorxu gəldi. Onun etikadan kənar sözləri və hədə-qorxuları tutduğu vəzifəyə uyğun deyil. Ələddin Soltanov hətta mənə məxsus maşınlara neft məhsulu verməyəcəyini də bildirib. Hərçənd neft məhsullarının daşınması üçün lisenziyam var. Onun vaxtı-vaxtında neft məhsulları verməməsi, bununla bağlı maşınları günlərlə boş saxlatdırması, neft bazasını istədiyi vaxt bağlaması süni şəkildə yanacaq çatışmamazlığının yaradılmasına səbəb olur ki, bu da yanacaq daşıyan şəxs kimi mənim, sürücünün, yanacaqdoldurma məntəqələrənin fəaliyyətinə və orada çalışan insanların həyat şəraitinə mənfi təsir göstərir”.

Qeyd edək ki, Qadir Zeynalovun sayəsində hazırda onlarla insan ailəsini dolandırır. Dövlət başçısı da bu yaxınlarda keçirilən müşavirələrdən birində bəyan edib ki, sahibkarları incitmək olmaz və bunu edənlər cəzalandırılacaq. Belə olan təqdirdə, Ələddin Soltanovun hərəkəti qətiyyən anlaşılan deyil. Belə başa düşülür ki, 1 saylı Bakı neft terminalı bazasının satış marketinq şöbəsinin müdir müavini dövlət başçısının idarəsinə qarşı çıxmaqdan çəkinmir.

Qarşı tərəfi də dinləməyə hazırıq.