BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı xanəndə ilə bağlı ilginc iddia: - “Qanuni ərimlə evləndi...”

Azərbaycanlı xanəndə ilə bağlı ilginc iddia: - “Qanuni ərimlə evləndi...”

5-02-2016, 11:34
Oxunub: 8 396 Azərbaycanlı xanəndə ilə bağlı ilginc iddia: - “Qanuni ərimlə evləndi...”Bir neçə il öncə paytaxtın məşhur restoranlarının birində özünə toy edən “Muğam müsabiqəsi”nin iştirakçısı, xanəndə Nişanə Baxışovanın şəxsi həyatı ilə bağlı gözlənilməz məqamlar ortaya çıxıb

Lent.az-a şikayət ərizəsi ilə müraciət edən Bakı sakini Məlakə Muradxanova bildirib ki, xanəndə N.Baxışova onun hazırda da qanuni əri olan Hüseyn Muradxanlını, necə deyərlər, əlindən alıb. Xanım deyir ki, ailəsinin dağılmasının əsas səbəbkarı muğam ifaçısı olub: “Mən Hüseynin qanuni həyat yoldaşıyam. Biz 2003-cü il sentyabrın 12-də ailə qurmuşuq. Artıq 12 ildir evliyik, iki övladımız var. Qızımın 11, oğlumun 8 yaşı var. Ailəmin dağılmasına səbəb Nişanə Baxışova olub. O, 2013-cü ildə mənim qanuni həyat yoldaşım Hüseyn Muradxanovla özlərinə toy etdi. Mənimsə bu toydan bir ay sonra xəbərim oldu. Daha doğrusu, qonşularımdan eşitdim. Xəbəri eşidəndən sonra həyat yoldaşımdan soruşdum ki, bu doğrudurmu? Hüseyn əvvəl dandı. Amma sonralar onun telefonunda mesajlar, şəkillər gördüm. Məcbur olub, axırda boynuna aldı”.


M.Muradxanova onu da əlavə edib ki, həyat yoldaşı H.Muradxanov N.Baxışova ilə toy etdikdən sonra peşman olubmuş: “Həmin toydan sonra danışığımız oldu. Mənə dedi ki, Nişanədən zərbə almışam, onu atacam. Amma məni aldada-aldada işi bir az da dərinləşdirdi. Döyməyə, söyməyə, təhqirə keçirdi”.


Şikayətçi onu da əlavə etdi ki, xanəndə N.Baxışova ona mesaj da yazıb: “Nişanə bir dəfə mənə yazmışdı ki, “Sən hələ indi ayılmısan? Bir-birimizlə əlaqədəyik. Bizdən əl çək”. Bir sözlə, bütün bu proseslər 2013-cü ildən başlayıb. Bu günə qədər susmağımın səbəbi odur ki, gözləyirdim, bəlkə düzələr, amma gördüm daha da pisləşir. Buna görə də susmaq niyyətim yoxdur”.

Bu iddialarla əlaqədar xanəndə N.Baxışova ilə əlaqə saxladıq. İfaçının cavabı qısa oldu: “Mən qanuni şəkildə ərə getmişəm. Bütün bunlar barədə həyat yoldaşım danışa bilər. Onunla əlaqə saxlayın”.

Daha sonra Hüseyn Muradxanovla da danışdıq. O, şikayətçi tərəfi ona böhtan atmaqda suçladı: “Nə məni, nə də Nişanə xanımı onlara görə narahat etməyin. Biz o adamları tanımırıq, tanımaq da istəmirik. Nə deyirlərsə, böhtandır. Mən ondan noyabr ayında boşanmışam. Hakim Zəfər Quliyevlə əlaqə saxlayıb, hər şeyi öyrənə bilərsiniz. İşə o baxıb”.

Qeyd edək ki, şikayətçi tərəf H.Muradxanovun 2015-ci ilin iyun ayında boşanma ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirib. Lakin ortada əmlak bölgüsünə dair mübahisələr olduğu üçün məhkəmə hələ boşanma barədə qərar verməyib və onlar bu günə qədər də qanuni ər-arvad sayılırlar. Bu baxımdan, şikayətçi xanım öz ərinin qanunvericiliyin tələblərini pozduğunu iddia edir. Başqa tərəfdən isə qanunla evli olan bir şəxslə ailə həyatı qurmuş Nişanə Baxışovanı işin bu cür mənəvi tərəflərini nəzərə almamaqda günahlandırır.
Məhkəmə araşdırmasının hazırkı vəziyyətini öyrənmək üçün işə baxan hakimlə əlaqə saxladıq. Hakim Zəfər Quliyev bildirdi ki, hazırda M.Muradxanova ilə H.Muradxanovun boşanması üzrə iş onun icraatındadır, lakin boşanma qərarı hələ yoxdur...
Azərbaycanlı xanəndə ilə bağlı ilginc iddia: - “Qanuni ərimlə evləndi...”