BolgeXeber.Com » Xəbərlər » İcra başçısı yarım milyonu necə mənimsəyib? – Siyahı

İcra başçısı yarım milyonu necə mənimsəyib? – Siyahı

6-02-2016, 11:39
Oxunub: 2 957 İcra başçısı yarım milyonu necə mənimsəyib? – SiyahıAsif Əsgərovun fəaliyyətində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı ciddi şübhələr var

Bolgexeber.com Xeberinfo.com-a istinadla xəbər verir ki, Səbail rayon icra hakimiyyətinin sabiq, Nəsimi rayon icra hakimiyyətinin hazırkı icra başçısı Asif Əsgərovun fəaliyyəti ilə bağlı yeni məlumatlar yayılıb.

Məlumatlarda cənab Əsgərovun Səbail rayonuna rəhbərlik etdiyi dövrdə yol verilmiş qanunazidd əməllərdən bəhs olunur. Qeyd etdiyimiz kimi, Səbail Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri açıqlandıqdan sonra külli miqdarda büdcə vəsaitinin korrupsiyaya qurban getdiyinə şübhələr yaranmışdı. Belə məlum olurdu ki, Hesablama Palatasının açıqladığı qanunazidd əməliyyatlara görə cavabdeh şəxslərdən biri Asif Əsgərov, digəri isə Səbail rayon mənzil-kommunal təsərrüfatı birliyinin rəisi Elbrus Əhmədovdur.

Xatırladaq ki, Asif Əsgərov təxminən altı il ərzində (2009-2015-ci illərdə) Səbail rayon icra hakimiyyətinə rəhbərlik edib. Hesabla Palatasının açıqladığı neqativ məqamlar da məhz Asif Əsgərovun Səbail rayon icra hakimiyyətinin başçısı olduğu dövrü əhatə edir. Bu səbəbdən də məlum faktlara görə məsuliyyəti ilk növbədə icra hakimiyyətinin başçısı kimi Asif Əsgərov daşımalıdır. Belə də Nəsimi rayonunun hazırkı rəhbərinin məsuliyyətdən kənarda qalması suallar döğurur...

Səbail rayon icra hakimiyyətindəki mənbəmizin verdiyi məlumatlara görə, Asif Əsgərovun rəhbərliyi zamanı bu rayonda baş verən maliyyə pozuntuları geniş yayılıb. İddialar görə, 2014-cü ildə Səbail Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən təxminən 350,000 manat Mehman Quliyev adlı şəxsin rəhbərlik etdiyi "Dizayn Construction” MMC-nin vasitəsilə sadəcə olaraq "obnaliçka” olunub. Mənbəmiz bildirir ki, Mehman Quliyev əsasən büdcə təşkilatlarına abadlıq, təmir və müxtəlif materilalların alınması üçün ayrılmış büdcə vəsaitlərinin "obnaliçka” olunmasında məmurlarla işləyən şəxs kimi tanınır. Səbail rayonunda abadlıq işlərinin aparılması üşün ayrılmış 350 min manat da məhz bu şəxsin vasitəsilə "obnaliçka” olunub.

Daxil olan digər məlumat görə isə Şamil Qandayevin rəhbərlik etdiyi "Unikal Suppley” MMC-inin hesabına keçirilmiş 120 min manat da xüsusi geyim formaları, mal-materiallar və avtoehtiyat hissələrinin satın alınması adı ilə "obnaliçka” olunub. Mənbəmiz daha sonra bidirir ki, Asif Əsgərovun zamanında Səbail rayonunda həyata keçirilən söküntü işləri də əsasən "JEK”-lərin hesabına həyata keçirilib. Ancaq bu məqsədlə ayrılan vəsait Qusar rayonunda qeydiyyatda olan Məhəmmədəli Rəcəbovun rəhbərlik etdiyi "Dəzgah Servis” Məhdud Məsuliyyətli Cəmiyyətin vasitəsilə "buxarlanıb”. Bu MMC vasitəsilə mənimsənilən büdcə vəsaitlərinin onmin manatlarla ölçüldüyü iddia olunur. Bütün bu əməliyyatlar Asif Əsgərovun rəhbərliyi dövrünə təsadüf edir...

Asif Əsgərovun Nəsimi rayonunda da oxşar maliyyə əməliyyatlarını aparması haqqında da məlumatlar dolanır. Mənbəmiz Asif Əsgərovun həm əvvəlki, həm də bugünükü əməliyyatları ilə bağlı bizi bilgiləndirəcəyini vəd edib. Biz isə həm də dövlət büdcəsindən paytaxt rayonlarının icra hakimiyyətlərinə və onların tabeliyində olan idarə, müəssisə və təşkilatlara "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən korrupsiya sxeminin qurbanı olmasında Bakı İcra Hakimiyyətinin nəzdində olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rolunu da araşdırmağa çalışacağıq.

Məlumatlarla bağlı adları hallanan şəxsləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz qalıb.

Xatırladaq ki, dünən Hesablama Palatası Səbail Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirinin nəticələrini açıqlayıb. Açıqlamadan belə məlum olur ki, ötən illərdə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi külli miqdarda dövlət vəsaitini de-fakto havaya sovurub.

"Mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərinin təxmini hesablamalara əsaslandığını, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorların nəzərə alınmadığını qeyd edib.

Əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılmış və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilməyib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilməyib.

Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb”.

Göründüyü kimi, Hesablama Palatası kifayət qədər ciddi sayıla biləcək faktları açıqlayıb. Ölkəmizin hazırkı məlum iqtisadi-maliyyə durumunda Hesablama Palatasının bu açıqlaması daha da aktual hesab oluna bilər.

Qeyd edək ki, palatanın açıqladığı qanunazidd əməliyyatlara sorumlu olan Səbail rayon icra hakimiyyətinin o zamankı, Nəsimi rayonunun hazırkı icra başçısı Asif Əsgərov və Səbail rayon mənzil-kommunal təsərrüfatı birliyinin rəisi Elbrus Əhmədovdur. Səbail rayon 9 saylı Xəzinədarlıq İdarəsi də məsələdən sorumlular sırasındadır.

Bu istiqamətdə yeni məlumatlar əldə etmişik. Hər iki şəxsin uzun illərdir yüksək vəzifə daşıdığı halda, yuxarıdakı məlumatların yayılması xüsusi ilə diqqətçəkici olmaqla, həm də konkret suallar doğurur.

Dövlət başçısının korrupsiya, büdcə vəsaitlərinin mənimsənilməsi kimi hallara qarşı məlum mövqeyini nəzərə alsaq, Hesablama Palatasının bu açıqlaması ciddi araşdırma tələb edir. Ölkənin hazırkı iqtisadi-maliyyə durumunda, hər bir vəzifəli şəxsin məsuliyyət yükünün daha da artığı halda Asif Əsgərov kimi təcrübəli rəhbərlə bağlı bu məlumatları anlamaq çox zordur. Əgər Hesablama Palatasının açıqlaması birmənalı olaraq Səbail Rayon İcra Hakimiyyəti və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin "özfəaliyyəti” ilə bağlıdırsa, onda bunun bir adı var: xəyanət.

Dövlət başçısının göstərdiyi yüksək etimadı bunca doğrultmamağın başqa adı varmı? İndi növbə aidiyyatı dövlət strukturlarının-hüquq-mühafizə orqanlarınındır...

Redaksiyamıza Asif Əsgərovun rəhbərliyi dövründə Səbail rayonunda aparılan bir sıra digər əməliyyatlarla da bağlı məlumatlar daxil olub...

Təəssüf ki, yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz qaldı.