BolgeXeber.Com » Analitika » Bütün günahlar təkcə məktəb rəhbərlərindədirmi?

Bütün günahlar təkcə məktəb rəhbərlərindədirmi?

6-02-2016, 18:40
Oxunub: 4 315 Bütün günahlar təkcə məktəb rəhbərlərindədirmi?Təhsilimizin ən başlıca bəlalarından biri...


Təhsil eksperti Nadir İsrafilov öz feysbuk səhifəsində TQDK sədri Məleykə Abbaszadənin son açıqlamasına münasibət bildirib. Oxucularımızda maraq doğuracağını nəzərə alaraq yazını olduğu kimi dərc edirik.

“Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidir.

Doğru sözə nə demək olar,ancaq bütün günahlar təkcə məktəb rəhbərlərindədirmi? Bununla belə bir neçə xatırlatmaya da əlavə ehtiyac duyulur. Təhsil haqqında Qanunda təhsil –sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi kimi müəyyənləşdirilib. (1.0.43.) Təhsilin məqsədi də məhz sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanların ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. O ki, qaldı konkret olaraq ümumtəhsil məktəblərinə “Qanun”nun 3.3 maddəsinə əsasən “ümumtəhsil məktəbinin vəzifəsi təhsil alanların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam, əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir.“

Bəs biz nə etmişik və etməkda hələ də davam edirik? Ali məktəblərə qəbulu ixtisaslara bölüb, mərkəzləşdirilmiş qaydada imtahan keçiririk, məzunun topladığı bala müvafiq olaraq onları arzulamadıqları təhsil müəssisələrinə yerləşdiririk. Abituriyentlərə bir neçə ixtisas və bir neçə ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyənı bioloqa , hüguqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirib, çarəsiz ”zorən diplomçular” ordusu yaradırıq. 4 ixtisas qrupu azmış kimi, 5-ci ixtisas qrupu yaradıb ixtisasları “qabiliyyətli” və “qabiliyyətsiz”, “nüfuzlu” və “nüfuzsuz” ixtisaslara bölüb, süni rəqabət yaradırıq.

Hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom, baytar və s. bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənın gəlirli, hansınınsa gəlirsiz olması hisslərini aşılayırıq, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılayırıq. Stımullaşdırma anlayışını çoxdan unudub, bu vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları prestijli və prestijsiz kateqoriyalarına bölərək, bir sira peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət vermişik.

Repetitorluğa bəraət qazandırıb, yağışdan sonra göbələk kimi artan kurslara göz yumub, valideynlərə uşaqlarını məktəbdən yayındırıb, kiminin minbir qorxu hesabına haram, kiminin minbir zəhmət hesabına qazandığı halal pullarını əlavə hazırlığa sərf etməklə əslində məktəb mühitinin dağıdılmasına şərait yaradırıq. İlk vaxtlar yalnız buraxılış siniflərində əlavə müəllim tutulurdusa, hazırda ibtidai siniflər üçün də bu hal kütləviləşmək üzrədir. Elə isə məktəb rəhbəri nə etməlidir, valideyn neyləməlidir, övladına biganə qalmalıdır?

Nə qədər ki, qəbul mövcud qaydalar üzrə aparılacaq, məktəbli də qabaqcadan seçdiyi ixtisasa uyğun həmin fənni oxuyacaq. Əgər qəbul qabaqcadan məlum olan üç fənn üzrə aparılacaqsa, hansı “ağıllı” dördüncü və beşinci fənni oxuyub, özünü əlavə əziyyətə salacaq ?

Bir də ki, belə dərsliklərimizlə hansı fənn proqramlarının minimum tələblərini ödəmək mükün olan şeydir? Görün iş nə yerə çatıb ki, gündə, həftədə olmasa da ayda bir dəfə dərsliklərimızlə bağlı nəsə bir eybəcərlık sosial şəbəkənin gündəminə çıxarılır. Diqqət yetirin:

“İtaliyalı səyyah Ameriqo Vespuççi sübut etdi ki, Kolumbun kəşf etdiyi yeni ərazilər materikdir və ona görə də materikə onun adı verildi – Amerika. Amerikanın kəşfində Azərbaycan elminin də nailiyyətlərindən istifadə olunub. Birincisi – Amerikanın kəşfindən 200 il əvvəl dahi Azərbaycan alimi Nəsirəddin Tusi riyazi hesablamalarla bu materikin mövcudluğunu sübut edib. İkincisi – Kolumbun müəllimi olan Toskanelli Nəsirəddin Tusinin əsərləri ilə tanış idi və ondan çox şey öyrənmişdi. Sözsüz ki, Toskanelli öz şagirdi olan Kolumba Tusidən öyrəndiyi bilikləri öyrədib. Beləliklə, Amerikanın kəşfində Azərbaycan elmi böyük rol oynayıb”.

Ibtidai icma cəmiyyəti nə dair tarixi xronologiyamızda isə yazırıq: “Azərbaycanda atın əhilləşdirilməsi-B.e.ə V minilliyin axırlarında“ və s. və i.a. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Ancaq bu kimi “faktlarla” özümüzə və ya bəlkə də başqa kimlərəsə nə demək istədiyimizi şəxsən mən başa düşmürəm və ola da bilsin ki, kimsə nəsə başa düşür. Onda mənim məntiqimi üzürlü hesab edin.

O ki, qaldı qaldırılan məsələdə məktəb rəhbərlərinin məsuliyyətinə, şübhəsiz ki, bunu inkar etmək ədalətsizlik olardı .Danılmaz faktdır ki, bir çox məktəb rəhbərləri valideynlərlə əgər belə demək olarsa “iş birliyinə” girərək, şagirdlərin repetitor yanına getməsinə, əlavə hazırlıq məqsədilə digər kurslara, təlimlərə cəlb olunmasına münbit şərait yaradırlar ki, bunun da nəticəsində, məktəbdən yayınmaqla yalnız ixtisas fənnlərinə hazırlaşan şagird, digər fənlər üzrə hazırlaşmaqdan, başqa sözlə sistemləşdirilmiş bilik almaqdan məhrum olur. Bu kimi hallara qarşı nəzarət və ciddı cəza tədbirləri isə demək olar ki, yox dərəcəsindədir.

Nəzarətdən söz düşmüşkən, Bakı Dövlət Universiteti (BDU) Elmi Şurası “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nu nəzərə alaraq BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının yaradılmasını qərara alıb və Əsasnaməsini qəbul edib. Bizim Təhsil Nazirliyimiz isə hələ ki, bu istiqamətdə hansısa bir addım atmağa nədənsə tələsmir. Təhsilimizi onsuz da eksperiment meydanına çevirmişık, bəlkə bunu da sınayaq,nə is bir effekti oldu,

Belə bir Şuranın yaradılıb, yaradılmayacağından asılı olmayaraq, hesab edirəm ki, TQDK sədri Məleykə Abaszadənin irəli sürdüyü fikir ciddiyə alınmalı, bu istiqamətdə konkret və əməli tədbirlər həyata keçirilməlidir. Bizim məqsədimiz təkcə ayrı-ayrı ixtisaslar üzrə ali məktəbə tələbə hazırlamaq deyil, hərtərəfli bilik, bacarıq və vərdişlərə yiyələnmiş, ölkəsinə istənilən sahədə xidmət edə biləçək vətənə layiqli vətəndaş yetişdirməkdir. Hətta Kurikulum sənədinin dili ilə desək şəxsiyyətyönümlü vətəndaş.
Bolgexeber.com