BolgeXeber.Com » Analitika » Restoran sahiblərinin fotoqraf fırıldağı: "Pul ver, şəklini çəkdir"

Restoran sahiblərinin fotoqraf fırıldağı: "Pul ver, şəklini çəkdir"

11-02-2016, 09:37
Oxunub: 3 498 Restoran sahiblərinin fotoqraf fırıldağı: "Pul ver, şəklini çəkdir""Restoran narazı olmayacaq ki..?"

“Elimizin toy kimi gözəl adəti var” deyimini çox eşitmişik. Sevən cütlüklər evlənir, ailə həyatı qururlar və bu anları yaddaşlarda saxlamaq üçün fotoqraf lazım olur.

Toydan 1 ay öncə fotoqraflarla danışıqlar başlayır, uyğun fotoqraf tapılır. Toy günü məclisi çəkməyə gələn fotoqraf xoş olmayan bir sürprizlə qarşılaşır, yəni onu içəri buraxmırlar.

Səbəb isə restoran sahibinin qanunsuz əməlləridir. Belə ki, restoran sahibləri daimi bir fotoqrafla anlaşırlar. Həmin fotoqraf çəkdiyi hər fotoya görə restorana 1 manat haqq verir. Bunun qarşılığında isə kənar fotoqraflar restorana buraxılmırlar.

Hətta son zamanlar belə fırıldaqlar da olur. Belə ki, toy sahibi şadlıq evi ilə anlaşan zaman əlavə fotoqrafın gəlməsi ilə bağlı razılaşırlar. Lakin son anda anlaşan adam ortada görünmür və başqa bir nəfər deyir ki, "Bizlik deyil. Başqa fotoqraf olmaz. Ya bizə pul verin, ya da olmaz". Toy sahibi də qan-qaraçılıq olmasın deyə, razılaşır. Beləliklə də əlavə xərcə düşür.

Əslində isə necə olmalıdır? Restoran toy sahibinə fotoqrafı zorla deyil, xidmət olaraq təqdim etməlidir. Yəni ki, toy sahibi istəsə, restoranın fotoqrafından istifadə edə bilər. Restoranın fotoqraflarını çox vaxt toy yiyəsi bəyənmir. Çünki onların peşəkarlıq səviyyələri məlum olmur. Kənardan fotoqrafla anlaşan zaman isə onun əl işləri ilə tanış olmaq olur.

Belə xoşagəlməz hadisələrlə qarşılaşan zaman pis durumda qalan əsasən fotoqraflar olurlar.

Bu səbəbdən də musavat.com saytı bu sahə üzrə çalışan fotoqraflar arasında “Restoran administratoru tərəfindən qapıda saxlanmısınızmı” sualı ilə sorğu keçirib.

Fotoqraf Rəşad Mehdiyev: "Şükürlər olsun, bu günə kimi belə hadisə baş verməyib və güman edirəm ki, baş verməz də... Əgər belə hal baş verərsə, bu, fotoqrafın deyil, toy sahibinin günahıdır. Əgər toy sahibi saraya görə pul ödəyirsə, deməli, həmin gün məkan toy yiyəsinin ixtiyarında olmalıdır. Buna görə də, bu məsələni toy sahibi həll etməlidir. Fotoqraf çəkiliş edə bilməsə də, ona itirdiyi vaxta görə pul verilməlidir. Çünki fotoqraf başqa tədbiri, toyu bu günə görə ertələyir".

Fotoqraf Nuran Məmmədov: "Toyu və ya başqa məclisi danışanda ilk növbədə qarşı tərəfə sualım belə olur: "Restoran narazı olmayacaq ki..?" Bunun sayəsində heç bir problem yaşamıram. Olmasa, bəy-gəlin maşından düşür, foto çəkməyə başlayırsan. İçəri girməyə qoymurlar. Həm fotoqrafın, həm toy sahibinin kefi pozulur. Söz-söhbət düşür".

Fotoqraf Ramiz Cəfərov: "Bəli, restoran administrasiya tərəfindən bir neçə dəfə qapıda saxlanmışam. Hətta bəzi restoranlar deyir ki, "Oğlan evini də, qız evini də biz çəkəcəyik". Heç olmasa, evdə çəkəndə bilirdim ki, 100-150 manat cibimdə olar, amma bunu da əlimdən aldılar. Restoran fotoqraflarını da qınamaq olmur, çörək pulu qazanırlar. Bəzən olur ki, aramızda anlaşırıq ki, tez-tələsik çəkim, gedim. Administrator bunu görəndə adamın başına oyun açır. Deyir ki, "Hörmət elə, çək ürəyin nə qədər istəyir". Bu hörmətin qiyməti isə 250 AZN-dir. O pulu vermək kimə sərf edər?"

Fotoqraf Nazim Qurbanov: "Çox olub. Sarayın qarşısında administrator içəri buraxmayıb. Bir xeyli mübahisə edəndən sonra toy sahibi ona əlavə pul verib və mən içəri girmişəm. Hətta bu halda belə, ancaq bəy və gəlini çəkə bilərəm. Qonaqları qətiyyən çəkmək olmaz".

Fotoqraf Tural Hüseyn: "İki dəfə olub. Hər ikisində də fotoqraf gələrək, "Mənim işimə niyə girirsən? Olmaz çəkmək" deyib. Mən də “press fotoqraf” işləmişəm deyə belə hallar çox adi gəlir, mənə... Özüm şirin dilimə salaraq yoluna qoyuram, məsələni... Əgər yox, həyasızlığı tutdusa, fikir vermədən toyxanaya daxil olub, çəkilişimə başlayıram. Yəni ki, bunu axırıncı yol kimi görürəm. Sən işləyirsənsə, məni də gətiriblərsə, gedib toy yiyəsi ilə danışmalısan. Mənim üstümə xoruzlanmaqla deyil".

Fotojurnalist Rəsul Rəhimov: "Mən toy, nişan tədbirlərini çəkmirəm. Çünki işdən vaxtım olmur. Ona görə də, belə hallarla rastlaşmamışam. Amma bir çox fotoqraf dostumun başına gəlib. Bu, tamamı ilə haqsızlıqdır. Toy edən adam şadlıq sarayına "N" qədər pul ödəyir. Bununla belə, gözləri doymur, fotoqrafın zala daxil olması üçün də pul tələb edirlər. Restoranın fotoqrafını qınamıram. Çünki şadlıq evi ondan plan alır. O, foto çəkdi-çəkmədi, fərqi yoxdur. Məsələn, toyda 400 adam varsa, 400 manat pul tələb edir. Ona görə də, kənardan gələn fotoqraf onların pul qazanmağına mane olur.

Bəzi restoranlarda razılığa gəlmək olur. Bir şərtlə ki, kənardan gələn fotoqraf ancaq bəy və gəlini çəkə bilər. Əslində, çox gülünc məsələdir. Toy günü zal sənin istifadəndədir. Nə istəsən, onu da edərsən. Kimə nə..? İstəyərəm, 10 fotoqraf gətirərəm. Burada şadlıq evləri işbazlıqla məşğul olurlar. Fotoqraflardan plan tələb etməsələr, belə şey olmaz. Mənim bu yaxınlarda xeyir işim olacaq. Bir neçə şadlıq evində olmuşam. Hamısı da deyir ki, kənardan fotoqraf gətirmək qadağandır. Jurnalist olduğumu, toyda bir çox jurnalistlərin olacağını dedikdən sonra "Hə, yaxşı... Müdiriyyətlə danışarıq, sizə güzəşt edilər, çəkərsiniz".