BolgeXeber.Com » Xəbərlər » 7 saylı notariusda hansı dövlətin qanunları keçərlidir? - ŞİKAYƏT VAR

7 saylı notariusda hansı dövlətin qanunları keçərlidir? - ŞİKAYƏT VAR

11-02-2016, 09:49
Oxunub: 2 958 7 saylı notariusda hansı dövlətin qanunları keçərlidir? - ŞİKAYƏT VAR«Mətanət Əkbərova 7 saylı Notariat Kontorunda Sarvan Abbasov adlı şəxsə mənim adımdan saxta etibarnamə tərtib etdirib»

Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariusunun rəisi Nadir Vədətovun vətəndaşın xəbəri olmadan, ona məxsus olmayan torpaq sahəsinə dair saxta etibarnamə ilə olmayan mülkünün dövlət ehtiyacları üçün alınmasına dair saxta sənəd tərtib edib...

O, Buzovna Bələdiyyəsinin rəhbərliyi, o cümlədən bələdiyyənin işçisi Mətanət Əkbərova ilə əlbir olaraq külli miqdarda pulun ələ keçirilməsinə nail olub. Bununla da dövlətə külli miqdarda ziyan vurulub... Bu barədə "Təzadlar"a Xəzər rayon sakini Şəfiqə Hüseynova video müsahibə verib, şok sübutlar və sənədlər təqdim edib... Onun şikayəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə ünvanlıdır.
Hazırda daha ətraflı yazı çapa hazırlanır... Bu gün isə əməkdaşımız 7 saylı Notariusun rəisi Nadir Vədətovla telefon danışığından sonra onun qəbulunda olub, şikayətçi və onun hüquqi nümayəndəsi ilə birlikdə (rəisin iştirakı ilə) araşdırma aparıb... Əməkdaşımızı əvvəlcə Mətbuat Şurası ilə hədələyən 7 saylı Notariusun rəisi Nadir Vədətov sonradan pat vəziyyətində qalıb...
Daha geniş yazını az sonra oxuyun!
***
«Mətanət Əkbərova 7 saylı Notariat Kontorunda Sarvan Abbasov adlı şəxsə mənim adımdan saxta etibarnamə tərtib etdirib»

Qeyd etdiyimiz kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 16-da qeydiyyatda olan, lakin hazırda Seroqin 12, mənzil 21 ünvanında yaşayan Nüseynova Şəfiqə Əlibaba qızı redaksiyamıza müraciət edib. O, Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariusunun rəisi Nadir Vədətovdan şikayətçidir. Şikayətçi bildirib ki, Bakı şəhəri 7 saylı Notariat Kontorunda onun xəbəri olmadan, ona məxsus olmayan torpaq sahəsinə dair saxta etibarnamə ilə olmayan mülkünün dövlət ehtiyacları üçün alınmasına dair saxta sənəd tərtib edilib. Ş.Hüseynovanın sözlərinə görə, 7 saylı Notariusunun rəisi Nadir Vədətov Buzovna qəsəbə Bələdiyyəsinin rəhbərliyi, o cümlədən bələdiyyənin işçisi Mətanət Əkbərova ilə əlbir olaraq külli miqdarda pulun ələ keçirilməsinə nail olub...

Bu barədə "Təzadlar"a müsahibə verən Şəfiqə Hüseynova redaksiyaya şok sübutlar, sənədlər və Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyevə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab M.Səlimzadəyə və surəti «Təzadlar» qəzetinə ünvanladığı müraciəti təqdim edib. Müraciətdə bildirilir:
«Möhtərəm cənab Prezident!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənablar!
Bildirirəm ki, 2003-cü ildə həyat yoldaşım məlum olmayan səbəbdən evimizi satdı. Mən iki uşaqla küçədə qaldım. Elə o vaxtdan xəstə qızımla kirayələrdə yaşayırıq. Həmin ərəfədə Buzovna qəsəbəsində ev alğı-satqısı ilə məşğul olan Mətanət Əkbərova adlı qadınla tanış oldum. O, mənə ev almaqda kömək edəcəyini bildirdi. Mən 2005-ci ildən işləyərək qazındığım pulların hamısını Mətanət Əkbərovaya verməyə başladım. Lakin sonra M.Əkbərova nə mənə ev aldı, nə də pulumu geri qaytardı. Mətanət Əkbərova hal-hazırda Buzovana qəsəbə Bələdiyyəsində işləyir. Uzun müddətdir Mətanət Əkbərovadan pulumu geri qaytarmasını tələb edirəm. Lakin o, müxtəlif bəhanələr gətirərək pulumu geri qaytarmır. Onun bu haqsızlığından əsəblərim korlanıb. Bu müddətdə məni üç dəfə maşın vurub. Üçüncü qəzada sidik kisəmi tamam itirdim. İndi mən sidik ifraz edən orqansız gəzirəm. Bütün bunlara baxmayaraq, M.Əkbərova mənim pulumu geri qaytamaq istəmir. M.Əkbərovanın dediyinə görə, hal-hazırda onda 16500 manat pulum var. Həm də sonradan öyrəndim ki, Mətanət Əkbərova xəbərim olmadan Bakı şəhəri 7 saylı Notariat Kontorunda qanunsuz olaraq Sarvan Abbasov adlı şəxsə mənim adımdan saxta etibarnamə tərtib etdirib. Həmin etibarnamə əsasında bankdan mənim adıma plana düşmüş torpaq sahəsi adı ilə kompensasiya alıblar. Halbuki nə mənim torpağım var, nə də plana düşüb. Eləcə də başqasının adına etibarnamə vermək üçün Bakı şəhəri 7 saylı Notariat Kontorunda olmamışam. Bir gün M.Əkbərova Buzovna qəsəbə Bələdiyyəsindən sosial yardım almaq adı ilə mənə boş vərəqə imza atdırdı. Səhəri gün isə dedi ki, yardım alınmadı.
Qeyd etdiyim kimi, hazırda xəstə qızımla kirayədə yaşayırıq. Mətanət Əkbərovanın qanunsuz əməllərindən Buzovna qəsəbə Bələdiyyəsinin sədri Mətləb Əliyev də xəbərdardır. Lakin bələdiyyə sədri M.Əliyev Mətanət Əkbərovanın qanunsuz əməllərinə göz yumur.
Möhtərəm cənab Prezident!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənablar!
Xahiş edirəm, Mətənat Əkbərovadan 16500 manat pulumun geri alınmasına kömək edəsiniz. Həmçinin Bakı şəhəri 7 saylı Notariat Kontorunda qanunsuz olaraq adımdan Sarvan Abbasov adlı şəxsə verilən saxta etibarnamə araşdırılsın və günahkarlar məsuliyyətə cəlb edilsinlər».

7 saylı Notariat Kontorunun xüsusi notariusu Nadir Vədətov bizi Mətbuat Şurası ilə hədələdi

Məsələ ilə bağlı müraciətdə adı hallandırılan Bakı şəhəri 7 saylı Notariat Kontorunun xüsusi notariusu Nadir Vədətovla telefon əlaqəsi saxladıq. Suallarımızın bir qismini cavablandıran N.Vədətov şikayətin yerində araşdırılması üçün əməkdaşımızı kontora dəvət etdi.
Bu gün Xəzər rayonu A.İldırım küçəsi 39 ünvanında yerləşən 7 saylı Notariat Kontorunda olduq. Şikayətin məzmunu ilə tanış olan xüsusi notarius Nadir Vədətov ittihamlarla razılaşmadı və rəhbərlik etdiyi 7 saylı Notariat Kontorunun heç bir qanunsuzluğa yol vermədiyini bildirdi. Şikayətçinin isə iddiasında haqlı olduğunu söylədiyini N.Vədətova bildirdikdə, o, bizi Mətbuat Şurası ilə hədələdi. Biz isə ondan Mətbuat Şurasına zəng edərək bura gəlişimiz barədə məlumat verməyini istədik. Bu gözlənilməz və qəfil təklifdən çaşan N.Vədətov Mətbuat Şurası mövzusundan vaz keçdi. Lakin əvvəlki möqeyində qalan N.Vədətov rəhbərlik etdiyi 7 saylı Notariat Kontoruna qarşı irəli sürülən ittihamların qondarma olduğunu, ona böhtan atıldığını dedi… Bu məqamda şikayətçi Ş.Hüseynova bizimlə telefon əlaqəsi saxlayaraq araşdırmada onun da iştirakının təmin edilməsini xahiş etdi… Az sonra Ş.Hüseynova hüquqi nümayəndəsi ilə birlikdə 7 saylı Notariat Kontoruna gəldi. N.Vədətovun otağında şikayətçi və onun numayəndəsinin iştirakı ilə bəzi detallara aydınlıq gətirdik.

«Bu imzalar mənim deyil»

Nadir Vədətovun təqdim etdiyi sənədlərdəki imzaların ona aid olmadığını deyən Şəfiqə Hüseynova əsəblərini saxlaya bilmədi:
Nadir Vədətov:
- Bu imzalar sənin deyil?
Şəfiqə Hüseynova:
- Xeyr, bu imzalar mənim deyil. Mən bu Notariat Kotorunu heç tanımıram, birinci dəfədir bura gəlirəm. Mən heç sizin özünüzü də tanımıram.
N.V:
- Raya Musayeva, Şakir Musayev və sən birlikdə gəlib bu sənədlərə qol çəkməmisiniz?
Ş.H:
- Raya Musayeva, Şakir Musayev kimdir? Mən onları tanımıram.
N.V:
- Üçünüz bir yerdə gəlib bu sənədlərə qol çəkməmisiniz?
Ş.H:
- Xeyr! Nadir müəllim, Allaha and olsun, mən bura gəlməmişəm. Kiməsə etibarnamə vermək üçün sizə müraciət etməmişəm. Bu imzalar saxtadır. Ona görə ki, bu sənədlərə Mətanət Əkbərova özü qol çəkib.
N.V:
- Mətanət kimdir?

«Mətanət Əkbərova mənim kimi çox adamları aldadıb pulunu mənimsəyib»

Ş.H:
- Guya siz Mətanət Əkbərovanı tanımırsınız? Buzovana qəsəbə Bələdiyyəsində işləyir. Mətanət Əkbərova mənim kimi çox adamları aldadıb pulunu mənimsəyib. Mənə ev almaq adı ilə 16500 manatımı alıb, indi vermir.
N.V:
- Pulunu vermir, get, ver məhkəməyə.
Ş.H:
- Onsuz da işi məhkəmədədir...
N.V:
- Bu imza da sənin deyil?
Ş.H:
- Xeyr, mənim imzam deyil. Mən burda olmamışam və heç bir sənədə qol çəkməmişəm.
N.V:
- Axı şəxsiyyət vəsiqənin surəti bu sənədlərin içərisindədir…
Ş.H:
- Mətanət Əkbərova mənim də, qızımın da şəxsiyyət vəsiqəsini almışdı ki, bələdiyyə yardım verəcək. O adla şəxsiyyət vəsiqələrimizi alıb, surətlərini də gətirib sizə verib, siz də saxta etibarnamə vermisiniz. Nadir müəllim, mənim nə torpağım var, nə də evim. Mən mülkiyyətçi necə ola bilərəm? Adımdan saxta etibarnamə verilən Sarvandır, kimdir, onu da tanımıram.

«Əşi, mən nə bilim eee kimin imzasıdır, araşdırıb öyrənərik kimin olduğunu…»

N.V:
- Diqqətlə baxanda, imzalar bir-birinə oxşayır axı.
Ş.H:
- Nadir müəllim, imzalar bir-birinə oxşayar eee, amma sizdəki sənədlərdə olan imza mənim deyil. Məgər siz bilmirsiniz kimindir?
N.V:
- Əşi, mən nə bilim eee kimin imzasıdır, araşdırıb öyrənərik kimin olduğunu… İndi məni bağışlayın, yas yerinə getməliyəm, tələsirəm…
***
Bu da son. Əslində son deyil. Çünki Nadir müəllim saxta olduğu iddia edilən imzaları araşdıraraq kimə məxsus olduğunu müəyyənləşdirəcək və nəticəsi barədə bizi də xəbərdar edəcək.
Mövzunu diqqətdə saxlayacağıq.