BolgeXeber.Com » Dünya » Prokurorlar Xorvatiyada toplaşdı

Prokurorlar Xorvatiyada toplaşdı

7-05-2012, 21:30
Oxunub: 4 565 2012-ci ilin 3-6 may tarixlərində Xorvatiya Respublikasının Pula şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilib.

Respublika Prokurorluğunun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, həmin tədbir Xorvatiya Respublikasının Baş prokuroru Mladen Bayiçin dəvəti və təşəbbüsü ilə baş tutub. Azərbaycan Respublikasını tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev təmsil edib.

Dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının həmin iclasında bir sıra mühüm məsələlər, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, təşkilata yeni üzvlərin qəbul edilməsi, Baş katib və İcraiyyə Komitəsinin fəaliyyətinə dair hesabatların dinlənilməsi, BPA-nın fəxri üzvlüyü və “İlin Prokuroru” da daxil olmaqla mükafatlarla bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər təşkilatı məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində Xorvatiyanın Baş prokuroru ilə keçirilən görüşdə Mladen Bayiç Azərbaycan Respublikasında dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və praktiki tədbirləri yüksək qiymətləndirərək görülən işlərdən məlumatlı olduğunu bildirməklə bu təcrübədən ölkəsinin bəhrələnməsinin zəruriliyini qeyd edib. Mladen Bayiç həmçinin, Azərbaycan və Xorvatiya prokurorluqları arasında qarşılıqlı əlaqələrin korrupsiyaya qarşı mübarizə və digər sahələrdə də genişləndirilməsi təşəbbüsü ilə çıxış edib.

Tədbirdə Beynəlxalq Prokurorlar Assosiasiyasının 2012-ci il üzrə İllik yığıncağının 28 oktyabr - 01 noyabr tarixlərdə Banqkokda, 2013-cü ilin sentyabr ayında isə Moskvada keçirilməsi barədə qərar qəbul edilib.