BolgeXeber.Com » Analitika » "URUD" Klinikasında nə baş verir?

"URUD" Klinikasında nə baş verir?

10-05-2012, 20:20
Oxunub: 7 462 Və ya həkim Canpolad İmanov olduğu kimi

Azərbaycanda özəl səhiyyə müəssisələrinin fəaliyyətinə "yaşıl işıq" yandırılması ümumən ölkə səhiyyəsinin inkişafına, tibb işçilərinin məşğulluğuna dəstək kimi qiymətləndirilsə də, əslində mənfi tərəfləri də az deyildir. Bəzən yetərincə savada malik olmayan, dövlət sektorunda uğur qazana bilməyən yerli "həkimlər", öz ölkələrində "ulduzları parlamayan" əcnəbilər Azərbaycanın özəl səhiyyə sektoruna üz tutur, sadəlövh vətəndaşlarımızı aldatmaq yolu ilə var dövlət toplamağa çalışırlar. Bu işdə onlara qeyri-ixtiyari olaraq kütləvi informasiya vasitələri, televiziya kanalları kömək edirlər.

Yəqin ki, oxucuların bir çoxu "Space" telekanalında yayımı az öncə başa çatmış "Bu zalım dünyada doğulma!" hind serialını xatırlayırlar. Onu da xatırlayarlar ki, filmin hər dəfə növbəti seriyasının başlaması ərəfəsində "URUD" Androloji Tibb Mərkəzinin reklam roliki efirə verilirdi. Tibb Mərkəzinin baş həkimi Canpolad İmanov "sonsuzluğa qarşı mübarizədə sırf androloji aparatların köməyi ilə birbaşa infeksiya mərkəzinə dərmanların vurulmasından, immun sisteminin bərpasına yönəlik tədbirlərdən, prostat vəzidə yaranan şirə durğunluğunun, sinirlimfa dövranının durğunluğunun götürülməsindən və digər mütərəqqi metodlardan ağızdolusu danışırdı...

Film başlayan kimi ekran əsərinin mənfi baş qəhrəmanı Amaci ananın böyük oğlunun impotensiyadan, sonsuzluqdan mənəvi iztirab çəkməsi görüntülənirdi. Tamaşaçı istəyirdi ki, bir yol tapıb Amaciyə "URUD" klinikasının yolunu göstərsin. İstər istəməz adamın ağlına belə sual da gəlirdi: Sonsuzluq və bu qəbildən olan problemlərin həlli Canpolad həkim deyən qədər asandırsa, niyə Amaci kimi varlı təbəqənin adamları xəstəlik qarşısında aciz qalırlar?

Nə isə... Mübaliğələri qoyaq bir kənara. İnsanlara Allah tərəfindən əta olunmuş ömür payını sağlam yaşamalarında vəsilə olmaq, sağlam nəsil yetişdirmələrinə dəstək vermək kimi müqəddəs vəzifəni daşıyan həkimlər cəmiyyətin hörmətə layiq zümrəsidir.

Amma gəlin razılaşaq ki, humanist peşənin müsafirləri arasında bu hörmətdən sui-istifadə edənlər də olur. Belələrinin narazılıq doğuran əməlləri ümumən ölkə səhiyyəsindəki vəziyyətə dair formalaşan ictimai rəyə də mənfi təsir göstərir, necə deyərlər, "qurunun oduna yaş da yanır". "URUD" Androloji Tibb Mərkəzinin fəaliyyəti barədə redaksiyamıza daxil olan məlumatlar da birmənalı deyildir. Həmin məlumatları bizə ötürən etibarlı mənbə bildirir ki, Tibb Mərkəzinin baş həkimi C.İmanov reklam çarxında təqdim olunduğu kimi ixtisasca terapevt-androloq deyil, yalnız terapevtdir. O da bildirilir ki, Canpolad həkimin daha əvvəlki iş yeri olan "Laçın" Tibb Mərkəzində reputasiyası heç də arzu olunan səviyyədə olmayıb. Mənbədən verilən məlumata görə, "URUD" Tibb Mərkəzinin fəaliyyəti üçün lisenziya və ya bu xarakterli icazə sənədinin olması şübhəlidir: "Varsa, həmin sənədin tarixi və nömrəsi niyə açıqlanmır? Belə bir açıqlama Tibb Mərkəzinin reklamına sanballı əlavə olmazmı?"

"URUD" ATM-nin rəhbərliyinin ciddi şəkildə qorumağa çalışdığı "sirrlər"dən biri də klinikanın personal üzvlərinin ixtisas səviyyəsini əks etdirən, daşıdıqları vəzifə və ixtisaslarının uyğun olub-olmaması barədə məlumatlardır. Düşünürük ki, məxfiliyin əsas səbəbi bu müstəvidə ciddi nöqsanların mövcudluğudur.

"URUD" ATM-nin nümunəvi vergi ödəyicisi olması da şübhə doğurur. Şübhələri artıran əsas səbəb isə baş həkim C.İmanovun paytaxtın Rəsulzadə qəsəbəsindəki dəbdəbəli evi, bahalı xarici maşını və malik olduğu digər maddi sərvətlər barədə redaksiyamıza daxil olan məlumatlardır. İnanırıq ki, əgər Canpolad həkimdən dürüst gəlir deklorasiyası tələb olunsa, onun vergi orqanlarına təqdim etdiyi hesabat rəqəmləri arasında uyğunsuzluq aşkarlanar.

"URUD" ATM-nin göstərdiyi tibbi xidmətin keyfiyyətinə gəlincə, bu barədə də təzadlı məlumatlar dolaşır. Doğrudur, Canpolad həkimdən sağaltdığı xəstələrin adını soruşsaq, anonimliyə təminat verdiyini "arqument" göstərərək, bu suala cavab verməkdən yayınar. Ancaq əgər bu "anonimlik", "məxfilik" baş həkimin kabinetində səsi ucadan gələn insidentlərə, hətta əlbəyaxa döyüşə gətirib çıxarırsa, artıq məsələnin ictimailəşməsinin yetişdiyini söyləmək olar.

"URUD" ATM-nin baş həkiminin fəaliyyətinin gec-tez ictimai rezonansa səbəb olacağını yəqin etməyə əsas verən bir məqam da var. Məlumata görə Canpolad həkimin tətbiq etdiyi müalicə üsullarının arasında rəsmən təqdim olunmayan biri var ki, Azərbaycanda vətəndaşların əksəriyyətinin üstün dəyər verdiyi mental, əxlaqi və dini (şəriət) normaları ilə uzlaşmır. Bu cəhətinə görə onu "ölü-dirildən" adı ilə İrandan Azərbaycana gələn və qonaq olduğu kənddə hər gecə bir qızla siğə edən Şeyx Nəsrullahla müqayisə edirlər.

Canpolad həkimin yaxın əhatəsinə aid olan, onun hansı müəssisəyə gedirsə, özü ilə apardığı, etibar etdiyi bir nəfər də vardır ki, bu məqalədə həmin şəxsin adını çəkməmək düzgün olmazdı. Söhbət Hidayət həkimdən (əgər ona həkim demək caizdirsə) gedir. O Hidayət həkimdən ki, daha əvvəl çalışdığı Qaradağ rayonundakı 29 saylı poliklinikada özünü doğrultmayıb və hazırda da çiyin-çiyinə çalışdığı Canpolad həkimə heç də həmişə hidayət yolunu göstərmir, ələlxüsus da pul məsələsində tez-tez xəyanət edir.

Bütün qeyd olunanlara əlavə olaraq bildiririk ki, doktor Canpolad İmanov bu məqalənin qayəsini təşkil edən sualları cavablandırmaqdan yayındığına görə yalnız öz bildiklərimizlə kifayətlənməli olduq. Yaxın günlərdə hazırda aparmaqda olduğumuz araşdırmaların nəticələrini və tibb müəssisəsi rəhbərliyinin guya "Urud" coğrafi məkana aidiyyatını mesaj verməklə, apardığı manipulyasiyalar barədə səhih məlumatları təqdim edəcəyik.

Mövzuya qayıdacağıq.