BolgeXeber.Com » Müsahibə-Reportaj » “Rusiya qaşınır...”

“Rusiya qaşınır...”

20-02-2016, 12:49
Oxunub: 6 223 “Rusiya qaşınır...”"Türkiyə üçün problem yaradacaq ikinci Serj Sarkisyan bu gün Bəşər Əsəddir"

Moderator.az-ın suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb.

- Üzeyir bəy, Rusiyanın bütün dünyadakı uçuşları izləməyə imkan verən ən müasir Tu-214 kəşfiyyat təyyarəsi artıq Suriyada Lakatiya həbri bazasında xidmətə başlayıb. Bu kəşfiyyat təyyarəsi bölgə üçün nə kimi təhlükələr doğurur?

- Öncəliklə onu qeyd edim ki, Rusiyanın son vaxtlar atdığı addımlar xaotik, məntiqə, normal düşüncəyə sığmayan hərəkətlərdir. Əgər Putin doğrudan da İŞİD-lə mübarizə aparırsa, konkret olaraq terroristlərlə mübarizə aparmalıdır. Terroristlər də nə zamandan təyyarə istifadə etməyə başlayıb ki? Bu açıq-aydın göstərir ki, Putinin hikkəsi, özbaşınalığı, işi-gücü yalnız zədələnmiş nüfuzunu xilas etməkdir. Putinin gözünə gecə-gündüz Türkiyə təyyarələri görünür, yuxusunda da Türkiyə hərbçilərini görürür. Ona görə də həmin təyyarəni orada yerləşdirib ki, imkan daxilində özü kimi cinayətə əl atmış Bəşər Əsədi müdafiə etsin. Məqsədi də Bəşər Əsədi vəziyyətdən çıxartmaq üçün var-gücüylə çalışmaqdır. Putin heç də terrorist qrupları ilə mübarizə aparmır, onun işi-gücü mülki obyektləri vurmaq, Türkiyəyə ziyan yetirməkdir. Ötən ilin noyabr ayının 24-də aldığı şapalağın zərbəsini həzm edə bilmədiyi üçün Türkiyədən əvəz çıxmağa çalışır. Ona görə də həmin təyyarəni orada yerləşdirib.

- İki gün əvvəl Ankarada baş vermiş terror aktında Rusiyanın əli ola bilərmi? Həmin şapalağın əvəzini çıxmaq məqsədilə.

- Faktiki olaraq Ankarada baş vermiş partlayışda 28 zabit qardaşımız həyatını itirdi. Bunun günahının bir ucu da birmənalı olaraq Rusiyanın üzərinə düşür. Çünki burada söhbət PKK-dan və yaxud da Suriyadakı qanadından gedirsə, onları həvəsləndirən, ruhlandıran Rusiya olub. Çünki Rusiya minlərlə, yüz minlərlə insanın ölümünə bais olan cinayətkarı müdafiə etməkdə davam edir. Rusiya özünün marağı olduğu üçün Bəşər Əsədi xilas etmək məqsədilə bu yollara əl atır. Hesab edirəm ki, Rusiyanın dəstəyi olmasaydı həmin separatçılar, PKK-çılar çoxdan sıradan çıxarılmışdı. Və Türkiyə bölgə ölkəsi olaraq lazım olan bütün addımları atacaq. Sonuncu hadisə ilə bağlı da yaxın günlərdə lazımlı tədbirlər görüləcək və bundan sonra Rusiya üçün çox çətin olacaq. Həmin kəşfiyyat təyyarəsi belə Rusiyaya lazımi köməklik göstərə bilməyəcək. Ruslar hərbə-zorbayla dünyaya meydan oxumaq istəyirlər. Ancaq onu da unutmamalıdırlar ki, Türkiyənin arxasında NATO kimi dünyanın ən güclü hərbi-siyasi təşkilatı dayanıb. Ona görə də nədənsə çəkinmək lazım deyil, sona qədər getmək lazımdır. Bu separatizmin axırına çıxmaq lazımdır. Məncə Türkiyənin bundan sonra atacağı addımlar çox sərt və amansız olacaq.

Unutmaq olmaz ki, Azərbaycanın çox əziyyət çəkdiyi Dağlıq Qarabağ məsələsində də özünü keçmiş SSRİ-nin varisi sayan Rusiyanın böyük xidmətləri var. Azərbaycan xalqının, Türk dünyasının başına gətirilən faciələrin çoxusunun kökündə Rusiyanın şovinist və hegemonluq iddiaları durur. Onların Suriyada atdığı addımlar əsla terrorizmlə mübarizə deyil, əksinə terrorizmi dəstəkləməkdir. Bu qədər insan ölümünə biganə yanaşan Rusiya hərəkətlərinə qiymət vermək əvəzinə vəziyyəti bir qədər də gərginləşdirməkdə davam edir.

- Ermənistanın rolunu indi də Suriya oynayır...

- Bəli, Türkiyə üçün problem yaradacaq ikinci Serj Sarkisyan bu gün Bəşər Əsəddir. Bəşər Əsəd simasını itirmiş, öz xalqını, körpələri qırğına verən, bir zamanlar dünyanın ən gözəl şəhərlərini xarabalığa çevirmiş insandır. Həyasını itirmiş Əsəd Rusiyanın bir zəngi ilə gecəylə Moskvaya gəlir və orada görüşlər keçirir. Ermənistanın vaxtilə Cənubi Qafqazda oynadığı rolu bu gün həmin regionda Suriyanın hazırkı cinayətkar rəhbərliyi oynayır. Düşünürəm ki, 2016-cı ildə bu rejimin də sonu çatacaq, Rusiya da çox acınacaqlı mənzərə ilə üzləşəcək.

- Rusiya Ermənistanın əli ilə Dağlıq Qarabağı işğal edən zaman Azərbaycan müstəqilliyinə qovuşmağa can atan, gücsüz, arxasız ölkə idi və buna görə də torpaqlarını əlində saxlaya bilmədi. Ancaq Türkiyə heç də həmin durumda deyil. Rusiya bunları düşünmədən hazırkı vəziyyəti özü də bilmədən növbəti Dünya Müharibəsinin astanasına gətirib çıxara bilərmi?

- Qeyd edim ki, artıq bunun işartıları görünür. Haqlı olaraq qeyd etdiniz ki, 1990-cı illərdə Azərbaycanın hələ müstəqilliyi, beynəlxalq arenada da dəstəyi yox idi. Artıq həmin hadisələrin üstündən 20 ildən çox vaxt keçib. Hansısa xəstəliyə tutulmuş insan kimi Rusiyanın bədəni qaşınır, qaşınmayan yerdən qan çıxarırlar. Dağlıq Qarabağla, Gürcüstanla, Pribaltikayla, Qazaxıstanla bağlı həyata keçirdiyi naqisliklərdən Rusiyanın ağzında şirə qalıb. Fikirləşirlər ki, Türkiyəyə qarşı da belə bir hərəkət edə bilərlər, ancaq çox yanılırlar. Ankarada törədilmiş terror aktından sonra Rusiyanın çox ağır günləri başlayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Marina Zaxarova bəyan edir ki, biz Kazanda keçirlən tədbirdə Türkiyənin iştirakını çox arzulayırıq. Dünənə kimi Türkiyəni bəyənməyən Rusiya artıq vəziyyətin ciddiliyini başa düşür və belə fikirlər səsləndirir. Hesab edirəm ki, bütün Türk dünyası toparlanmalıdır, Türk Dünyasını qəbul etməyənləri yerində oturtmalıdırlar.

- Türkiyə sərhədlərini pozan rus hərbi helikopterini vurduğu vaxt bizim bəzi məmurlarımız bu hadisədə Rusiyanı müdafiə etdi. Belə olan halda Türk dünyasının birləşəcəyini ümid etmək doğru olarmı?

- Həmin vaxt bir neçə nəfərin Türkiyənin Rusiyadan üzr istəməsini dilə gətirməsi çox böyük utanc və ayıb gətirən əməl idi. Ancaq şükürlər olsun ki, buna sosial mediada çox kəskin, ciddi təpki göstərildi. Bu gün tam etiraf etmək lazımdır ki, Azərbaycan müstəqilliyinin möhkəmlənməsində, ordu quruculuğunun inkişafında Türkiyəyə sonsuz borcludur, minnətdardır. Ona görə ki, Türk dünyasının ən böyük aparıcı dövləti Türkiyə olmasaydı Rusiya və onun havadarları bəlkə də çoxdan Azərbaycanı parça-parça etmişdilər. Bunu çəkinmədən dilə gətirmək lazımdır. Bəlkə də Naxçıvanı da işğal etmişdilər, Qars müqaviləsinə əsasən Türkiyə Naxçıvana görə çox böyük məsuliyyəti öz üzərinə götürüb. Ümumiyyətlə Türkiyə Azərbaycanı hər vəchlə dəstəkləyir, həmçinin Azərbaycan da Türkiyəni. Elə dünən də ölkə başçısı Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirdi ki, Azərbaycan Türkiyənin yanındadır. Bu təkcə sözdə yox, əməldə də olmalıdır və başqa yolu da yoxdur. Dünyada baş verən proseslər onu göstərir ki, biz Türk dünyasından ayrılsaq, siyasət aləminə canavarların əlində qalsaq, həmin canavarlar bizə çox böyük problemlər yaşada bilərlər.

- Araz Əzimovun xarici mətbuata müsahibəsində Bəşər Əsəd hakimiyyətinin siyasətini dəstəkləməsini necə qiymətləndirdiniz?

- Hesab edirəm ki, Araz Əzimov bu gün Xarici İşlər Nazirliyində yerində olan, bəlkə də bütün keyfiyyətlərinə görə Elmar Məmmədyarovdan daha çox xarici işlər naziri olmağa layiqli şəxsdir. Təsadüfi deyil ki, o, prezidentin Dağlıq Qarabağ məsələləri üzrə nümayəndəsidir. Ümumiyyətlə çox sadə, çox təvazökar insandır. Elə bir açıqlama verməsini də hardasa başa düşürəm. O nöqteyi -nəzərdən ki, bəli, istənilən bir yerdə kimlərsə baş qaldırıb nəyisə tələb edə bilərlər. Ancaq söhbət həmin Bəşər Əsəddən gedir ki, günahı ucbatından ölən, yaralanan, itkin düşənlərin sayı yarım milyona yaxınlaşıb. Araz Əzimov həmin açıqlamanı verəndə diplomata xas olmayan ehtiyatsız ifadələr işlətmişdi. O, həmin cümlələri diplomatik şəkildə ifadə edə bilərdi və bu zaman heç narazılıq da olmazdı. Türkiyə ilə bağlı həssas məqamda, Ərdoğanın Azərbaycana səfəri, Türkiyənin baş nazirinin Ukraynada Azərbaycanla bağlı səsləndirdiyi fikirlər ərəfəsində Araz Əzimovun mövqeyi bir qədər gərginlik yaratdı. Düzdür sonra XİN-in mətbuat katibi, eləcə də Araz Əzimovun özü həmin fikirlərə bir qədər yumuşaq formada düzəlişlər etdilər. Ancaq ümumiyyətlə Azərbaycan məmurları unutmamalıdırlar ki, atalar sözündə deyildiyi kimi “Güllə yarası sağalar, ancaq söz yarası sağalmaz”. Ehtiyatsız bir cümlə Türk dünyasını bizdən incik sala bilər, Türk dünyasını Azərbaycandan kənar saxlaya bilər. Ona görə də biz hər addımımızı, hər hərəkətimizi yüz dəfə ölçüb-biçməliyik. Araz Əzimovun demək istədiyi fikirləri bir qədər başqa formada demək olardı, ancaq hər halda ox yayından çıxdı, bir qədər gərginlik yaşandı. Araz Əzimovun sonradan verdiyi açıqlamala və XİN-in bəyanatı vəziyyəti bir qədər nizama salmağa yönəldi, ancaq hələ də hiss edirəm ki, dostlarımız bizdən incikdirlər.

- Üzeyir bəy, Ankara terrorunun Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri ilə əlaqəsi ola bilərmi? Çünki həmin ərəfədə yazılırdı ki, Ərdoğanın bu səfəri məhz Dağlıq Qarabağ probleminin həlli ilə bağlıdır.

- Ərdoğanın Azərbaycana səfərinin təxirə salınması ilə bağlı müxtəlif fikirlər səsləndi. Onu da dedilər ki, prezidentlər Gəncədə görüşməliydilər, güya Gəncədə Ərdoğana qarşı hazırlanmış hansısa təhlükə var idi, guya ruslar ermənilərin əliylə Gəncədə Ərdoğana qarşı hansısa hərəkət edəcəkdilər və s. Əvvəla onu qeyd edim ki, ancaq ağlını itirmiş siyasətçilər belə qərar qəbul edə bilərlər. Heç vaxt ola bilməzdi ki, iki ölkə rəhbərinin görüşəcəyi məkan lazımı səviyyədə qorunmasın. Azərbaycan hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunları belə ərəfələrdə yüksək hazırlıq vəziyyətinə gətirilir. Ankara terroru da tam təsadüf idi. Bu terror hadisəsində Azərbaycanla bağlı heç nə yoxdur. Ərdoğanın bəyanatında da səsləndiyi kimi bu sırf Suriya kürdlərinin həyata keçirdiyi terror aktı idi. Terrorun səfərlə bağlı olmasını əsla yaxına buraxmıram, bu qeyri-ciddi və gülünc görünür. Nəzəri cəhətdən çox fikir yürütmək olar, ancaq həmin fikri nəyləsə müqayisə etdikdə görürük ki, belə hal mümkün deyil. Terror aktında günahsız insanlar həyatlarını itirdilər, Allah onlara rəhmət eləsin!