BolgeXeber.Com » Analitika » Sabiq müdir müavini Təhsil Nazirliyindəki mafiyanı hədələdi

Sabiq müdir müavini Təhsil Nazirliyindəki mafiyanı hədələdi

19-05-2012, 12:20
Oxunub: 5 532 Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimov həbsxanadan “Yeni Müsavat”a məktub yazıb.

Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan O.Kərimova qarşı sonradan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3.2-ci (təkrar törədildikdə) və 3.3-cü (külli miqdarda rüşvət alma) bəndləri ilə də əlavə ittihamlar elan edilib.


Orxan Kərimov ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir və suçsuz olduğunu iddia edir. Özünün sonuncu məktubunda da bütün bunları yazmaqla yanaşı, əsassız həbsinə səbəb olan vəzifəli məmurları ciddi şəkildə təhdid edir.

Orxan Kərimovun məktubunu olduğu kimi dərc edirik:

“14 may 2012-ci ildə - nəhayət ki, uzun aylardan sonra Mərkəzi Klinik Xəstəxanada ürəyimdə angioqrafiya müayinəsi keçirildi. Və müəyyən olundu ki, ürəkdəki əsas damarlardan birində tutulma səviyyəsi 90%-dir. Həkimlərin dediyinə görə bu, insan həyatı üçün çox kritik göstəricidir. Dərhal ürək əməliyyatına və stend qoyulmasına təxirəsalınmaz ehtiyac var. Müayinə zamanı orada Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin bir neçə nümayəndəsi də iştirak edirdi. Xəstəxanının həkimləri həyatımın ciddi təhlükədə olduğunu bildirdilrək və ürək damarlarının görüntüsü əks olunmuş diski də mənim yanımda dərhal Tibb Baş İdarəsinin Nümayəndələrinə təqdim etdilər.
16 may 2012-ci ildə isə məhkəmənin növbəti iclası keçirildi. Və iclasda bəlli oldu ki, iki gün keçməsinə baxmayaraq, Tibb İdarəsi məhkəməyə müayinə barədə məlumat, rəy verməyib. Məhkəmə bu iclasda mənim səhhətim məsələsini müzakirəyə çıxarmadı və növbəti iclası isə 30 maya, yəni düz 14 gün sonraya təyin etdi. Yəni bu 14 gün ərzində həyatım üçün hər an kritik an yetişə bilər. Sual yaranır ki, əgər səhhətimə münasibətdə biganəlik davam edəcəkdisə, təcili əməliyyatım üçün şərait yaradılmayacaqdısa, həbs qəti-imkan tədbiri dəyişdirilməyəcəkdisə, ümumiyyətlə mənim müayinəmə niyə icazə verirdilər? Bəlkə də müayinə olunmağımdan indi çox peşman olanlar var. Özümə qarşı bu son dərəcə qəddar, qeyri-insani münasibəti başa düşə bilmirəm. Görəsən, doğrudanmı insan taleyi üçün çox vacib əhəmiyyət daşıyan bir kağızı 2 gün ərzində aralarındakı məsafə 300-400 metr olan bir binadan digər binaya çatdırmaq bu qədər çətindir? Yaxud növbəti məhkəmə iclasını 1-2 gün sonraya təyin etmək olmazdımı?

16 may 2012-ci ildəki məhkəmə iclasında yenə zərəçəklənlər ifadə verdilər. Və onlardan heç biri yenə də məni tanımadı. Zərərçəkən S.Kəngərli isə bildirdi ki, Rafiq Hüseynov ondan pul alanda özünü Orxan Kərimov kimi təqdim edirmiş. Yalnız R.Hüseynov həbs edildikdən sonra televiziya efirində, prokurorluğun xüsusi buraxılışında bu şəxsin Kərimov deyil, Hüseynov olduğunu bilib. Daha sonra S.Kəngərli bildirdi ki, R.Hüseynov Təhsil Nazirliyinin binasındakı rəsmi qəbul otağında onu «qəbul» edib və özünü O.Kərimov kimi təqdim edib. Ən maraqlısı isə ondan ibarətdir ki, R.Hüseynov «qəbula» gələrkən otağa daxili qapıdan, Nazirliyin içindən daxil olub. Və zaman-zaman nazirin özü tərəfindən vətəndaşların rəsmi qəbulu keçirilən otaqda «qəbul» keçirib. Buna kim şərait yaradıb?

Mən məhkəmə kollegiyasının və prokurorun diqqətinə çatdırdım ki, bu məsələ ilə bağlı istintaq vaxtı Korrupsiya ilə Mübarizə İdarəsinə yazılı vəsatət vermişəm. Ancaq istintaq qrupu bu çox vacib məqamı aradırmaq istəməyib. Məhkəmə bu məsələnin araşdırılacağını bildirdi.

Başqa bir zərərçəkən Azərbaycan Beynəlxalq Universitetinin diplomunu almaq məsələsində aldadıldığını bildirəndə, öz ifadəsində deyib ki, vaxtilə onun övladı ABU-ya test imtahanı verərək deyil, Təhsil Nazirliyindəki adamların köməyilə pul vasitəsilə qəbul olunub. Mən bu məsələnin də məhkəmə tərəfindən araşdırılmasını xahiş etdim. Çünki bu məsələni də istintaq araşdırmamışdır.
Digər bir məsələ isə Z.Teymurxanlının Bakı Musiqi Akademiyasına qanunsuz köçürülməsi ilə bağlı idi. R.Hüseynov öz ifadəsində açıq formada bildirdi ki, qanunsuz köçürmə üçün alınmış 13000 manat məktəbin rəhbərliyi və Təhsil Nazirliyinin köçürmələrə məlum olan yüksək vəzifəli şəxsi arasında bölünüb. Və bu köçürmə barədəki sənədlərdə həmin şəxslərin imzaları da var. Güman edirəm ki, məhkəm bu faktı da araşdıracaq.

“Heç darıxmasınlar, kim nə edibsə, hər şey bilinəcək və layiqli cavabını alacaq”

Artıq indiyədək məhkəmədə ifadə verən 15-ə yaxın zərərçəkənin məni ümumiyyətlə tanımadığı və mənim bütün bu işlərə aidiyyatım olmadığı bilindiyi, heç bir yerdə imzam, soyadım olmadığı halda nəyə görə düz 1 ildir ki, həbsdə yatıram və hələ də müalicəm, təxirəsalınmaz ürək əməliyyatım üçün şərait yaratmırlar? Qanunsuz köçürmələrə hüquqi don geyindirən rəsmi sənədlərdə imzası olanlar, Nazirliyin və universitetlərin yüksək vəzifəli şəxslərini isə istintaq heç dindirməyib də. Görəsən istintaq niyə belə edib? Marağı nə olub? İstintaq niyə bu böyük riskə gedib? Bu suallara gec-tez cavab tapılacaq. Və heç kəs düşünməsin ki, başqalarının cinayətinə görə məni müqəssir etmək mümkün olacaq. Çünki istintaqdan fərqli olaraq, məhkəmə açıq prosesdir. Bəlkə də bu cinayət işini yenidən ibtidai istintaqa qaytarmaq zərurəti yaranacaq. Və nəhayət, ən əsas sual - şəxsən mənə qarşı bu qərəzli münasibət nə vaxt bitəcək? Nəyə görə təhsil mafiyasının cinayətlərinə görə heç bir aidiyyatım olmadığı halda mən hədəf seçilmişəm? Görünür ki, mən kimlərinsə çirkin fəaliyyətinə imkan vermirmişəm. Ancaq heç darıxmasınlar, kim nə edibsə, hər şey bilinəcək və layiqli cavabını alacaq.

Xatırlayıram ki, hələ 2011-ci il sentyabr ayında Məhkəmə Tibbi ekspertiza Birliyində ekspertizadan keçmişdim. Və hələ o vaxt səhhətimlə əlaqədar qapalı təcridxana şəraitində saxlanılmağımın mümkünsüzlüyü ortaya çıxmışdı. Müalicəm üçün imkan yaratmalıydılar. Ancaq o vaxt da buna imkan vermədilər. Halbuki hazırda Mərkəzi Klinik Xəstəxanada keçdiyim müayinə sübut etdi ki, əvvəlki ekspertiza obyektiv olmayıb, qərəzli olub və insan həyatını real təhlükə altında qoyub. Səhhətim isə qapalı türmə şəraitində daha da pisləşib.
İstintaq qrupu isə hətta o ekspertiza rəyini belə türmə rəhbərliyinə aylar boyunca təqdim etməyib. Çünki o qərəzli rəydə belə «müalicəyə ehtiyacı var» sözlərini yazmamaq mümkün olmamışdı.

“Mənim fiziki məhvimə çalışırlar ki, illər ərzindəki cinayətləri açılmasın”

Görəsən, bütün bu əməllərə görə kim cavab verəcək?! Üzərində konkret şəxslərin, o cümlədən bəzi rektorların da imzaları olan Qanunsuz tələbə köçürülmələri barədə sənədləri yaxın vaxtlarda mətbuat vasitəsilə geniş ictimaiyyətə çatdırmaq məcburiyyətindəyəm. Qoy həqiqəti hamı bilsin. Ölkə rəhbərliyi də, sadə vətəndaşlar da bilsinlər ki, kim nə işlə məşğuldur. Və bu adamlar niyə toxunulmazlıq statusuna malikdirlər? Məni niyə həbsdə saxlayırlar? Mənim başqa yolum qalmır, çünki əsl cinayətkarlar müxtəlif vasitələrlə, hətta mənim müalicə olunmağıma da problemlər yaradırlar. Faktiki mənim fiziki məhvimə çalışırlar ki, illər ərzindəki cinayətləri açılmasın".

"Yeni Müsavat"