BolgeXeber.Com » Sosial » Baş pediatrından özəl müəssisələrə ittiham

Baş pediatrından özəl müəssisələrə ittiham

30-05-2012, 15:55
Oxunub: 4 055 Uşaqların peyvənd edilməsi üçün yeganə mərkəz dövlət tibb müəssisələri olmalıdır.

Trend-in məlumatına görə, bunu 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə K.Fərəcov adına Elmi Tədiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib. Peyvəndin özəl müəssislərdə aparılmasının tərəfdarı olmayan baş pediatr bildirib ki, özəl müəssisələr peyvənd vaksinini 15 manata alıb, uşaqlara 60 manata vururlar. Bununla da yaxşı gəlir əldə edirlər.

“Ancaq mən özəl müəssisə rəhbəri olsaydım, qazancı başqa yerdən əldə edərdim. Peyvəndi isə uşaqlara pulsuz vurdurardım”, - Quliyev əlavə edib.

O deyib ki, doğuşa yardım xidməti göstərən özəl müəssisələr doğuşdan sonra 4-7 günədək uşaqlara vurulması lazım olan peyvəndləri vura bilərlər. Ancaq bu iş müvafiq tələblərə uyğun aparılmalıdır.

“Bəzi valideynlər uşaqlarını özəl tibb müəssisələrində peyvənd etdirməyə üstünlük verirlər. Amma biz buna müdaxilə edə bilmirik”, - institut direktoru qeyd edib.

Baş pediatrın sözlərinə görə, uşaqların peyvəndi tələb olunan yerdə və şəraitdə aparılmalıdır. Bunun üçün uşaq tibb müəssisələrində xüsusi olaraq peyvənd otağı ayrılır.

Nəsib Quliyev deyib ki, uşaq peyvənd olunmamışdan əvvəl həkim-pediatr, həkim-immunoloq, həkim-nevropotoloq, həkim endokrinoloq və digər həkimlər tərəfindən müayinə olunmalıdır. Müayinə olunduqdan sonra peyvəndin tətbiq olunub-olunmaması ilə bağlı qərar verilməlidir.

"Müayinələrin əsas məqsədi o deyil ki, uşaqda hansısa xəstəlik tapılsın. Məqsəd odur ki, uşağın sağlamlıq vəziyyəti yoxlanılsın. Çünki uşaq peyvənd olunan anda onun sağlamlıq vəziyyəti stabil olmalıdır", - baş pediatr əlavə edib.

O qeyd edib ki, əgər uşaq qripə yoluxubsa, ona peyvənd vurmaq olmaz. Amma cəmiyyətdə buna bəzən laqeyd yanaşırlar.