BolgeXeber.Com » Analitika » Bakı Sənaye Pedaqoji texnikumunda qalmaqal

Bakı Sənaye Pedaqoji texnikumunda qalmaqal

1-06-2012, 12:50
Oxunub: 5 518 Direktor şöbə müdirindən şantajla rüşvət tələb edib, məsələ böyüyüb, işə Təhsil Nazirliyi qarışıb.

Bakı Sənaye Pedaqoji Texnikumunun direktoru Vidadi Orucovla texnikumun şöbə müdiri olmuş Aybəniz Abbasova arasında mübahisə düşüb. Bu haqda redaksiyamıza adıçəkilən texnikumdakı mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, AzTV-də yayımlanan “Ovqat” verilişinin aparıcısı Səyyarə Səyyafın anası olan A.Abbasova direktorun qanunsuz göstərişlərinə əməl etməyərək uzun müddət ondan tələb olunan məbləği verməyib. Bu zəmində yaranan mübahisələr də nəticəsiz qalıb. Günlərin birində isə A.Abbasova ilə bir tələbə qız mübahisə edib.

Mənbə bildirir ki, tələbə qız əvvəlcədən direktor tərəfindən öyrədilib. Mübahisə zamanı müəllimə A.Abbasova ilə həmin qız arasında itələşmə olub. Qaynağımızın dediyinə görə, plan üzrə bu mübahisə səhnəsi direktorun göstərişi ilə gizli şəkildə videoya çəkilib. Ardınca da tələbə Təhsil Nazirliyinin “Qaynar xətt”inə məlumat verməyə təhrik olunub. Bundan sonra nazirlikdən texnikuma yoxlama gəlib. Yoxlama sona çatdıqdan sonra isə Pedaqoji Şura çağırılıb və A.Abbasovanın işdən çıxarılması haqda əmr verilib. Həmin vaxt A.Abbasovanın oğlu Pedaqoji Şuranın iclasına gələrək anasını sakitləşdirməyə çalışıb. Bunu da belə aktlaşdırıblar ki, guya A.Abbasovanın oğlu Pedaqoji Şuranın işinə müdaxilə edib.
A.Abbasova bir çox qurumlara şikayət yazaraq işə bərpa olunmasına çalışır.
Qaynağımız iddia edib ki, direktor V.Orucov tez-tez baş prokurorla qohum olduğunu deyir. Bu səbəbdən də ona heç kimin bata bilməyəcəyini söyləyir. Mənbə onu da bildirdi ki, Vidadi Orucovun Bakıxanov qəsəbəsindəki “milyonçular məhəlləsi” deyilən ərazidə 3 böyük villası, 5-6 bahalı maşını var. Üstəlik, Azər adlı kürəkənini ixtisası uyğun gəlməyə-gəlməyə tədris şöbəsinə müdir təyin edib: “Aybəniz Abbasova da Vidadi Orucova ultimativ formada çatdırıb ki, əgər onu vəzifəsinə bərpa etməsə texnikumda baş verənlər haqda ictimaiyyətə geniş açıqlama verəcək”.

Yazıda adı keçən hər bir şəxsi dinləməyə hazırıq.


musavat.com