BolgeXeber.Com » Sosial » Tək yaşayan 81 yaşlı aktyor: “Dünən az qalmışdı ki, öləm” -MÜSAHİBƏ

Tək yaşayan 81 yaşlı aktyor: “Dünən az qalmışdı ki, öləm” -MÜSAHİBƏ

25-04-2016, 10:02
Oxunub: 4 666 Tək yaşayan 81 yaşlı aktyor: “Dünən az qalmışdı ki, öləm” -MÜSAHİBƏ"İndiki seriallar söz yığnağıdır"

81 yaşı var. Amma əməkdar artistdir. Biz bu aktyoru bir çox məşhur televiziya tamaşalarında görmüşük. “Yarımştat” tamaşasında Murtuz müəllim kimi sirk müdiri Muxtar müəllimin- Yaşar Nurinin ən yaxın köməkçisi olub. “Qatarda” tamaşasında “Yoldaş Dadaşov” (yenə, Yaşar Nuri) məhz ona “Fatı dur, Fatı otur” deyib. “Göz həkimi”ndə isə qoca qaravulçu kimi o, Yaşar Nurini xəstəxanada gözümçıxdıya salır. “Sabiqlər” tamaşasında vaxtilə nazir, müdir, rəis olmuş qohumlara öz atmacalarına atır. Bir sözlə Məcnun Hacıbəylini hamı tanıyır. Çoxları adını bilməsələr də belə onu tanıyırlar. Hazırda Qubanın İkinci Nügədi kəndində tək-tənha yaşayır. Deyir, 81 yaşım olsa da, qoymayacağam ki, ata-baba ocağımın işığı sönsün.
Qocaman aktyor Moderator.az saytına verdiyi müsahibəsində bir az gileylənsə də, sonda hər şeyin yaxşı olacağını dedi. Nə deyək, təki elə olsun:

-Vaxtilə ən məşhur tamaşalarda çəkilmisiz. Amma 20 ilə yaxındır ki, Qubada yaşayırsız. İşləriniz necədir, özünüz necəsiz?

-Yaşayıram da... 81 yaşım var, xəstəyəm, ürəyim xəstədi. Özüm də tək yaşayıram. Bütün övladlarım -2 oğlum, bir qızım, yeddi nəvəm, nəticəm - hamısı Bakıdadır. Ata ocağını tək qoymadım. Əslən qubalıyam axı. Ev tikdim burda. Ata-babalarım bu torpaqda yaşayıb. Mən də dedim ki, bu yurdun işığı gəlsin. Ata ocağını qoruyum. Həm də buranın havası mənə düşür. Bakıda hava çox ağırdı. 60 il Bakıda yaşamışam. Amma indi yaşlaşmışam. O vaxtı ikimərtəbəli ev tikdim, indi də burda yaşayıram. Evim Qubada İkinci Nügədi kəndindədir. Yaşayıram... Görək axırımız necə olur.

-Ürəyinizdən şikayət etdiniz, səhhətinizdə başqa nə kimi problemlər var?

-Dərmansız yaşayıram. Amma hərdən başım hərlənir. Dünən az qalmışdı ki, öləm. Bakıya zəng vurub qızıma dedim ki, uşağı göndər. Nəvəm də tez maşınla özünü çatdırdı. Dərman-zad gətirdi. Bu dəqiqə də o, mənə baxır. Amma uzun müddətdir ki, tək yaşayıram.

-81 yaşınız var, səhhətiniz də yaxşı deyil. Bu cür vəziyyətdə tək yaşamaq olmaz axı...

-... Mən artıq bu cür yaşamağa öyrəşmişəm. 17 ildir ki, yoldaşım rəhmətə gedib. O vaxtdan bu yana tək yaşayıram.

-Çoxdandı ki, Qubadasız. Sözsüz ki, sənətdən də uzaq düşmüsüz. Bakıdan sizə işlə bağlı heç dəvət gəlibmi?

-Xeyr, heç bir təklif-zad gəlmir. Bircə keçən il Gəncədən zəng eləmişdilər. Deyəsən, kino çəkirdilər. Dəvət elədilər, dedim ki, gələ bilımərəm. Dedilər, gəl, sənə yaxşı rol yazmışıq, pulu da yaxşı olacaq. Gedə bilmədim. Onlara cavab verdim ki, uzaq yol gedə bilmirəm. Gəlsəm yolda ölə bilərəm. İstiyə də heç dözümüm yoxdu. Onlar yayda zəng etmişdilər. 81 yaşım var, az yaş deyil ki! Demək olar ki, heç yerə gedə bilmirəm. Bayaq elə nəvəmin maşınında Qubaya gedib “pensiya”mı aldım. Bir qohum evinə getmirəm. Mənə uzaq yol olmaz. Gedərəm e... İstəsəm gedərəm. Amma gərək adam birinci özü özünü qorusun axı...

-Bir zamanlar çox aktyorlarla televiziya filmlərində çəkilmisiz, tamaşalarda rol almısız. Bu gün kimlər sizi yad edir, kimlər xatırlayır?

- Rəhmətlik İlham Əsgərovla ailəvi dost idik. Hər yayda mənim evimə ailəvi şəkildə gələrdi. Özü də, qaynatası da, uşaqlar da buraları çox sevirdilər. Qubanın mənzərəli yerlərini gəzərdik. Heyf, o cür aktyor aramızdan getdi. Onun ölümü bizə çox pis təsir etdi. Aktyor Əlinurla da dostam. Onlardan başqa yanıma gələn olmayıb. Hacı İsmayılovla zəngləşirik. Teatrda həmkarlar təşkilatının sədri var- Elxan Quliyev. Çox sağ olsun, mən ondan çox razıyam. İki il ard-arda mənim üçün “putyovka” təşkil elədi. Gedib, Bilgəhdə dincəldim.

-Maraqlıdı, hərdən televiziyada vaxtilə çəkildiyiniz tamaşalara baxanda hansı hisləri keçirirsiz?

-Televizora demək olar ki, heç baxmıram. Baxanda səs başıma düşür. Özümü pis hiss edirəm. Bilirsən ancaq nəyə baxıram?- Futbola. Hərdən də xəbərləri izləyirəm. Görüm ölkəmizin durumu necədir, başqa ölkələrlə münasibəti nə yerdədi. Çox vaxtı televizoru söndürürəm.

-Amma baxsa idiniz, yeni çəkilən filmlər və seriallar barəsində sizdən soruşacaqdım...

-...İndiki seriallar söz yığnağıdır. Onlarda məzmun yoxdu. Amma bədii materialda məzmun olmalıdı mütləq. Bilmirəm nə var axı o seriallarda?! Nəsə varsa, biz də danışaq da o barədə. Elə-belə çəkilirlər də. Guya biz də fəaliyyət göstəririk.

-Məcnun müəllim, sizi dəm də kitab, şeir xiridarı kimi də tanıyıblar. Bu gün də kitab oxuyursuz? Ümumiyyətlə, o kitablar dünyaya nə verdi?

- Bu gün də çox kitab oxuyuram. Hər dövrün öz dahiləri, mütəfəkkirləri olub. Amma dünya düzəlmir e, qardaş. Ölkələr bir quruluşdan o birinə keçir, kommunizmdən kapitalizmə hoppanır. Xeyri yoxdu! Dünya düzəlmir ki, düzəlmir...

-Deməli, kitablar dünyanı düzəltmək gücünə qalxmadı...

-... Sultan Məcid Qənizdənin babası Ağa Naseh Şirvaninin gözəl bir sözü var: “Nə dostda vəfa qalmışdır, nə də dərmanda şəfa qalmışdır. Nədəndir, doğrular əyri qılınc tək qında qalmışdır?!”. Qasım bəy Zakir bəy olub. Amma onun da şeirlərinə bir baxın. O, da bəy ola-ola zəmanədən şikayət edib. Çıxaq gedək Şərqə. İbn Sina vəzir olub. Amma gör nə deyib:”Qeybətim artan gündən baxan yoxdur üzümə”. Kimi deyim daha? Sabiri daha heç də! Başdan-ayağa şikayətdir o. Molla Pənah Vaqif o boyda vəzir olub. Amma gör nə deyib: “Mən cahan mülkündə bir doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim”. Necə olur e, bu. O boyda vəzir olasan, hər şeyin olsun, amma yenə bu cür şeylər yazasan. Deməli, iqtisadi durumla bağlı deyil. O yan-yörəsinə baxıb ordan bir qənaətə gələndən sonra yazıb. Dünya hər zaman belə olub. Düzəlməyib heç vaxt.

-Kitab xiridari olmaq bir aktyor kimi sizə nə qazandırdı?

-Yazıçı Əlibala Hacızadə məni haralara aparmadı?! Ona görə ki, mənim söhbətlərimdən xoşu gəlirdi. Deyirdi, səndə gör nələr var imiş. Bir dəfə də bir məclisdə durub dedi ki, mən bu aktyorun dediyi bəzi kəlamları heç yazıçılardan eşitməmişəm. Mən özümü çox da tərifləmək istəməzdim.

-Məcnun müəllim, bu dünyanı bir qocaman insan kimi çox yaxşı tanıyırsız. 81 illik ömür sahibi kimi dünyanı bircə cümlə ilə necə təsvir edərdiz?

-Mən 81 yaşımda bir qənaətə gəlmişəm. Onu sənə də deyim. 81 il ömür yaşadım. İndi bir il, iki il ömrüm qalıb, onu deyə bilmərəm. Bəlkə də bu yaydan heç çıxmadın, ürəyim xəstədir. Mənim də dünyaya bir sözüm. Onu mütləq deməliyəm: Mən Məcnun Hacıbəyli bu dünyada yaxşı adamı bədbəxt gördüm. Kim yaxşı adamdısa o bədbəxtdi. Oğlum, mən öz dərdimi sənə deyirəm. Bilirsən, yaxşı adamın başı daşlıdır. Esmira Mirzəyeva adlı bir şairə var idi. Onun yaxşı bir söz var. Deyir, aç yaxşı adam, qaç yaxşı adam. Çünki göydən bir daş gəlsə, o mütləq sənin başına düşəcək. Mən bu dünyada 81 il yaşadım. Ən çox onu gördüm ki, yaxşı adam bədbəxt olur.

-Bizim vasitəmizlə bakıdakılara nə çatdırmaq istəyirsiniz? Onlara bir sözünüz varmı?

-Öncə sizə minnətdaram ki, bizi yada salmısız. Hamıya can sağlığı arzulayıram. Firavan həyat və can sağlığı. Başqa nə lazımdır ki?! Biz də birtəhər yaşayırıq da... Birtəhər də yox, lazım olan qaydada desək, düz olar. Çünki insan özü öz həyatını səhmana salmalıdı. İlyas Əfəndiyevin bir sözü var: insan öz ağlı ilə yaşayır və ölür. Sevgi də insan kimidir. Qocalır və sonra ölür. Tək sevgi yox, hər şey qocalır, sonda da ölür.
Bolgexeber.com