BolgeXeber.Com » Gündəm » "Rembo"nun atasından Goranboyun icra başçısını bitirəcək ittiham...

"Rembo"nun atasından Goranboyun icra başçısını bitirəcək ittiham...

25-04-2016, 11:47
Oxunub: 3 805 "Rembo"nun atasından Goranboyun icra başçısını bitirəcək ittiham..."Bu günədək icra hakimiyyətindən kimsə onun ailəsi ilə maraqlanmayıb"

Dörd günlük savaşın əsas qəhrəmanlarından biri olan “Rembo” ləqəbli tankçı-mexanik Razi Cavadovun atası Moderator.az-a Goranboyun icra hakimiyyəti başçısını bitirəcək açıqlama verib:

Övladı Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında ölümlə - qalım arasında mücadilə edən Vidadi kişi deyir ki, Goranboy rayonunun rəhbər şəxslərinin biganəliyi onları bərk pərişan edib:

“Bir saat öncə Cavanşir həkimin yanında idim. Bildirdi ki, durumu ağır olaraq qalır, amma pisləşmə yoxdur. Komada olsa da vəziyyəti stabil qiymətləndirilir. Keçən həftənin beşinci günü "Gülhanə"dən tanınmış professor da gəlib və bütün yaralılara baş çəkib. O da oğluma baxaraq deyib ki, Naftalanda və Gəncədə üzərində aparılan əməliyyatlar uğurlu olub. Bildirib ki, "Gülhanə"yə aparılsaydı belə eyni əməliyyat və müalicə kursu aparılacaqdı, ona görə də buradakı diqqət "Gülhanə"dən geri qalmır".

Vidadi Cavadov "İcra hakimiyyəti tərəfindən oğlunuzun ailəsinə lazımi qayğı göstərilirmi" sualından hirslənərək aşağıdakıları bildirib:

"Həyat yoldaşı uşaqları ilə gedib icra hakimiyyətinə, nəinki başçı, heç müavinlərindən də kimsə qəbul etməyib. Sadəcə kənd icra nümayəndəsinə tapşırıblar ki, şikayət edilməməsi üçün bizimlə danışsınlar. Bildirmək istəyirəm ki, bu günədək nə icra hakimiyyətindən, nə yerli icra nümayəndəsindən kimsə onun ailəsi ilə maraqlanmayıb, soruşan olmayıb ki, necə yaşayırsınız, yeməyə çörək tapırsınızmı, 3 uşaq ilə necə dolanırsınız. Mən Bakıdayam, əlim çatmasa da, görə bilməsəm də oğlumun yanından ayrıla bilmirəm, xəbərim yoxdu ki, onun uşaqları necə dolanır. Özüm də vaxtilə yaralanmışam, Birinci Qarabağ Savaşında ağır yaralanmışam, müharibə veteranıyam. İki gün öncə Yevlax rayonundan prezident, Ali Baş Komandan İlham Əliyevə teleqram vurmuşam və icra hakimiyyətinin bu biganəliyindən şikayət etmişəm. Soruşa bilərsiniz, niyə Goranboydan yox, Yevlaxdan? Çünki icra başçısı qəti tapşırıb ki, Goranboydan kimsə məktub və ya teleqram vura bilməz başçısının əleyhinə. Bu qadağanı kimsənin pozmağa cəsarəti çatmaz. Məktubumda bildirmişəm ki, Tərtərin Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərən oğlum, onun ailəsi və 3 azyaşlı körpəsi bu münasibətə haqq edirmi? Oğlum tankist olub və mexanik kimi ordunun ən peşəkar döyüşçülərindən hesab olunur. Ona görə də ümid edirəm ki, hamımızın ümid yerimiz olan prezident İlham Əliyev Goranboyun rəhbər şəxslərinin bu hərəkətlərini cavabsız qoymayacaq, oğlumun ailəsinin haqq etdiyi dövlət qayğısını təmin edəcək”.