BolgeXeber.Com » Bölgə » Şabranda suvarma məsələsi problemə çevrilib... - Rəisin isə başı qarışıqdır...

Şabranda suvarma məsələsi problemə çevrilib... - Rəisin isə başı qarışıqdır...

28-04-2016, 13:59
Oxunub: 2 992 Şabranda suvarma məsələsi problemə çevrilib... - Rəisin isə başı qarışıqdır...Fermerlər Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan və idarənin rəhbərliyi tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər

Məlum bir həqiqətdir ki, kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Belə ki, məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. O cümlədən Şabran rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Əldə etdiyimiz məlumatlara görə, hazırda rayonda 17000 hektardan artıq ərazinin suvarılma işlərini məhz bu idarə həyata keçirir. Təbii ki, bütün bu ərazilərin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Adil Şamilovun və baş mühəndis Xalid Məmmədovun üzərindədir. Lakin bu günlərdə bizimdovr.az-a daxil olan məlumatlarda yerli fermerlər Şabran Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan və idarənin rəhbərliyi tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda təqdim edilən açıqlamalarda bildirilir ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, 70-dən artıq əməkdaşı olan bu idarənin işçiləri mütəmadi olaraq yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Həmçinin məlmatlara bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Həmçinin məlumatlarda bildirilir ki, Şabran Suvarma Sistemləri İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Adil Şamilovun özünə qaytarılır. Təbii ki, müəssisə rəhbərləri də bu maxinasiyalardan öz faizlərini alırlar. Digər tərəfdən də məlumatlarda iddia olunur ki, baş mühəndis Xalid Məmmədov idarənin balansında olan 15-dən artıq texnikanın fərdi sifarişlər əsasında icarəyə verilməsi işini də yüksək səviyyədə təşkil edib. Təbii ki, bu zaman əldə olunan gəlirlər də idarənin hesabına deyil müəssisə rəhbərlərinin ciblərinə daxil olur.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik.