BolgeXeber.Com » Bölgə » Şəkidə milli qəhrəmanlarımızın adından pul qazananlar kimlərdi?

Şəkidə milli qəhrəmanlarımızın adından pul qazananlar kimlərdi?

28-04-2016, 16:12
Oxunub: 3 136 Şəkidə milli qəhrəmanlarımızın adından pul qazananlar kimlərdi?Aprelin əvvəllərində atəşkəsin pozulması bəzi kəmfürsətlərin yaman işinə yaradı

Özlərini, olmayan işlərini reklam etmək məqsədilə bu dəfə də Vətən, Qarabağ adından istifadə etməyə başladılar.

Atəş səsləri kəsilən kimi üz tutdular cəbhə xəttinə, daha doğrusu cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərə. Əlləri ətəklərindən uzun, paysız, sovqatsız, sanki hadisə yerini incələməyə getmiş ekspert nümayəndələri kimi evləri gəzdilər. Fürsət düşmüşkən əsgərlərlə, evləri düşmən mərmisindən dağılmış insanlarla şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşdılar. Və əlbəttə ki, burada tək məqsəd güdürdülər, özlərini vətənsevər göstərməklə olmayan fəaliyyətləri üçün hansısa qrumlardan maliyyə qoparmaq. Bir sözlə vətənin adından istifadə etməklə pul qazanmaq. Təəssüf ki, belələri, vətən adını bayraq edərək qazanc güdənlər hər dövrdə olub və olacaq da. Belələri hətta dövlət qrumlarında, idarə və müəssisələrində də mövcuddur. Və belə insanlar nəinki vətən, hətta şəhidlərimizin də adından istifadə edərək özlərinə qazanc yeri tapımağa çalışırlar.

Dünəndən sosial şəbəkələrdə yayılmış bir xəbər şəhidlərimizin adından pul qazanan növbəti dövlət müəssisəsini ifşa edib. Yayılmış məlumatda bildirilir ki, Şəki Şəhər Mədəniyyət Şöbəsində milli qəhrəmanlarımızın adından istifadə edərək pul qazanırlar. Belə ki, üzərində milli qəhrəmanlarımız rəsmləri olan posterlər məcburi qaydada 10 manata işçilərə satılır. Əlbəttə ki, dövlətin şəhidlərimizə, Milli Qəhrəmanlarımıza qayğı və diqqət göstərdiyi halda hansısa dövlət qrumunun belə rəzil işlərə əl atması yolverilməzdir. Və belə fürsətçi insanların, “məmurların” qarşısını almaq üçün hər kəs əlindən gələni etməlidir.

Moderator.az saytı olaraq da bu məqsədlə həmin məlumatı işıqlandırmağı özümüzə borc bildik. Ümid edirik ki, aidiyyati qurumlar məsələ ilə bağlı araşdırma aparıb lazimi tədbirlər görəcəklər. Və 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuş Şəki şəhərinin adı ancaq müsbət işlərdə hallanacaq.