BolgeXeber.Com » Mədəniyyət » Nazirlər yenə “Planet Parni iz Baku”nun hədəfində

Nazirlər yenə “Planet Parni iz Baku”nun hədəfində

30-04-2016, 17:58
Oxunub: 9 898 Nazirlər yenə “Planet Parni iz Baku”nun hədəfində“Vəzifəli şəxslər efirə çıxmağımıza maneə törədir. Onlar başa düşmürlər ki, bizim bir yolumuz var. Biz prezidentimizi və onun siyasətini dəstəkləyirik”

Ötən gün Heydər Əliyev Sarayında "Planet Parni iz Baku" komandasının 25 illiyinə həsr olunmuş "İdeal milli yumor" adlı konserti baş tutub.

Musavat.com saytının konserti izləyən əməkdaşı bildirir ki, konsertdə ilk olaraq yumoristlik video-çarx nümayiş olub. Video-çarxda azərbaycanlıların hər şeyi – neftin qiymətinin düşməsini, nəqliyyat sahəsində baş verən problemləri, devalvasiyanı normal qarşıladığı yumor vasitəsilə çatdırılıb.

Daha sonra səhnəyə əməkdar artistlər və “Parni iz Baku”nun kollektivi çıxaraq qonaqları salamlayıb.

KVN-çilər ənənələrinə sadiq olaraq konsertə televiziya proqramlarından bəhs edən tamaşa ilə başlayıb. Mikayıl Güləddinoğlu və aparıcısı olduğu "Sevimli mahnı" proqramı parodiya edilib. Onun “Gəldim e, gəldim” sözü müxtəlif variantlarda təqdim olunub. “Teleaparıcı”nın dili ilə verilişin bayağı olmasına işarə vurulub: “Əgər siz məktəbə getməmisinizsə, kitab oxumamısınızsa, vurma cədvəlini bilmirsinizsə, bir sözlə, iki eşşəyin arpasını bölə birmirsinizsə, onda bizim verilişimiz məhz sizin üçündür”.
Növbəti tamaşa cəbhədə yaşanan gərginliyin Rusiya telekanallarında fərqli təqdim olunmasına həsr olunub. “ORT”-də azərbaycanlı qonağa danışmağa imkan verilmədiyinə diqqət çəkilib.

Üçüncü səhnəcikdə tarixi şəxsiyyəti vasitəsilə ölkədə yaşanan problemlərə toxunulub. Məmurlara, devalvasiyaya, qiymət artımına həsr olunan səhnəciklər tamaşaçılar tərəfindən xüsusilə alqışlanıb. Milli Məclisin spikeri Oqtay Əsədov, nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Mərkəzi bankın sədri Elman Rüstəmov, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov və başqa məmurlar parodiya edilib.

Anşlaqla keçən konsertdə “Bakılı oğlanlar” telekanalların onlara qoyduğu qadağalardan da bəhs ediblər: “Vəzifəli şəxslər efirə çıxmağımıza maneə törədir. Onlar başa düşmürlər ki, bizim bir yolumuz var. Biz prezidentimizi və onun siyasətini dəstəkləyirik”.

Qeyd edək ki, konserti izləməyə gələnlər arasında xalq artisti Amaliya Pənahova, Zülfiyyə Xanbabayeva, əməkdar artist Dilarə Əliyeva, müğənni Nadir Qafarzadə, Elnarə Xəlilova, Elçin Cəfərov, Murad Arif olub.
Nazirlər yenə “Planet Parni iz Baku”nun hədəfində
Nazirlər yenə “Planet Parni iz Baku”nun hədəfində