BolgeXeber.Com » Analitika » Azərbaycanda uşağını döyən valideynin cəzası...1000 manatadək cərimə, 1 ilədək həbs

Azərbaycanda uşağını döyən valideynin cəzası...1000 manatadək cərimə, 1 ilədək həbs

3-05-2016, 16:55
Oxunub: 3 288 Azərbaycanda uşağını döyən valideynin cəzası...1000 manatadək cərimə, 1 ilədək həbs "Həmin valideyn 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər”

Tez-tez xarici ölkə mətbuatında övladına qarşı zorakılıq edən valideynlərin məhkəməyə verilməsi, cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xəbərlərə rast gəlirik.

Avropada bu məsələlərə o qədər də həssaslıqla yanaşılır ki, qonşular belə, ananın və ya atanın uşağı döyməsi ilə bağlı polisə şikayət edirlər. Həmçinin uşaqların polisə şikayət etməsi üçün “qaynat xətt” də mövcuddur.

Azərbaycana gəldikdəsə, bu barədə musavat.com-a danışan hüquqşünas Müzəffər Baxış insanlara qarşı zorakılığın hüquqi məsuliyyət yaratdığını bildirdi: “Bizdə konkret olaraq, valideynlər tərəfindən uşağa xəsarət yetirmə, uşağı döyməyə və ya uşağı öldürməyə görə xüsusi maddə yoxdur. Ümumi, qanunvericilik norması var ki, qəsdən bədənə yüngül xəsarət yetirmə, qəsdən bədənə ağır xəsarət yetirmə, qəsdən adam öldürmə hərəkətlərinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə döyməyə görə inzibati məsuliyyət nəzərdə tutulur. Burada hərəkətin kim tərəfindən edilməsi xüsusi əhəmiyyət kəsb etmir. İstər valideyn olsun, istər qohum, istərsə də qonşu, bunun elə bir əhəmiyyəti yoxdur”.

Müzəffər Baxış qeyd etdi ki, hətta valideyn belə, öz uşağına qəsdən yüngül xəsarət yetirərsə, cəzalandırıla bilər: “Buna görə 300 manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər valideyn öz uşağına qəsdən yüngül və ya az ağır xəsarət yetirsə, belə əməllər Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə tövsif olunur. Belə halda valideyn iki ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Əgər valideyn uşağına ağır xəsarət yetirirsə, o, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Valideyn əgər öz övladını qəsdən öldürərsə, Cinayət Məcəlləsində 9 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər ağırlaşdırıcı hallar olsa, yəni, təkrarən adam öldürsə, bir qrup şəxslə öldürsə, xüsusi amansızlıqla öldürsə, onun əməli Cinayət Məcəlləsinin 120.2-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar kimi tövsif olunacaq. Həmin valideyn 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər”.

Hüquqşünas uşağa yüngül xəsarət yetirmənin inzibati xəta olaraq, tövsif olunduğunu vurğuladı: “Əgər valideynin uşağını döyməsi hüquq-mühafizə orqanlarına məlum olsa, o, İnzibati Xətalar Məcəlləsində döyməyə görə inzibati məsuliyyət daşıya və 500 manatdan 1000 manatadək cərimə və ya 2 ayadək inzibati qaydada həbs edilə bilər. Yəni bunlar ümumi hüquqi normalardır və valideynlər də öz övladlarına qarşı törətdiyi əməllərlə bağlı bu normalara görə cinayət məsuliyyətinə cəlb edilir”.