BolgeXeber.Com » Analitika » “Mehdi Səlimzadə sahibkarlara divan tutur”

“Mehdi Səlimzadə sahibkarlara divan tutur”

23-06-2012, 16:45
Oxunub: 5 336 Nazirliyin Səlahiyyətli məmuru daş karxanalarina əl qoyub

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə tez-tez bələdiyyə sədrlərini ittiham edir, hətta müxtəlif cinayətlərdə suçlayır. Bu, bir tərəfdən təbiidir. Çünki, birincisi, həqiqətən də əksər bələdiyyələr yerli özünüidarəetmə orqanından çox, torpaq hərracı ilə məşğul olan auksion təsiri bağışlayır.

Yəni bələdiyyə sədrlərinin bir çoxu işini-gücünü atıb torpaq alveri ilə məşğuldur. İkincisi, Mehdi Səlimzadənin bələdiyyələri tənqid etməsi həm də ona görə təbiidir ki, onun rəhbərlik etdiyi Bələdiyyələrlə İş Mərkəzi bilavasitə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən bir orqandır. Lakin burada ortaya bir “əmma” çıxıb. Bəs, Mehdi Səlimzadə özü necə, bələdiyyə sədrlərinin məşğul olduğu torpaq alverindən kənarda qala bilibmi? Yoxsa o da səlahiyyətlərindən istifadə edərək, bələdiyyələr təzyiq edib və böyük torpaq sahələri ələ keçirib?

Bu suallara aydınlıq gətirməzdən öncə qeyd edək ki, Mehdi Səlimzadə həmişə inzibati nəzarət qaydasında aparılan araşdırmalar nəticəsində hər il bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işləri başlandığını deyir. Məsələn, son açıqlamalarının birində bildimişdi ki, 500-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub: ”Onların yol verdiyi əsas qanun pozuntuları qərar qəbul etmək prosedurlarını pozmaları, mülkiyyət və əmlakdan istifadə, maliyyə məsələlərinin həllində yol verilən pozuntulardır”.

Təəssüflər olsun ki, bələdiyyələrə nəzarət edən Mehdi Səlimzadə özü də onların yol verdiyi nöqsanlardan hali deyil. Ədliyyə Nazirliyinin səlahiyyətlisi də qanunsuz yolla torpaq sahəsi ələ keçirib. Hər halda redaksiyamıza daxil olan şikayətdə belə iddia olunur. Hətta onun nəinki torpaq sahələri əldə etdiyi, daş karxanalarına əl qoyduğu da bildirilir.

Lökbatan qəsəbəsində yaşayan Ağayev Məlikağanın bildirdiyinə görə, “Türkan” adlanan ərazidə yerləşən daş karxanaları artıq Mehdi Səlimzadənin nəzarətindədir. Şikayətçi bildirir ki, o, vəzifə səlahiyyətlərini aşmaqla sahibkarların qanuni istifadəsində olan daş karxanalarını qeyri-qanuni yolla ələ keçirir: “Mehdi Səlimzadə “Türkan” adlanan ərazidə daş karxanalarını saxta sənədlərlə ələ keçirərək oğluna verib”.

Şikayətçinin bildirdiyinə görə, bir müddət əvvəl “Ekspress-11” fərdi kiçik müəssisəsinə Abşeron rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli sərəncamı ilə Abşeron rayonu ərazisində təhkim edilmiş qış örüş sahəsindən 6 hektar torpaq sahəsi ayrılıb.

Məlikağa Ağayevin bildirdiyinə görə, sözügedən müəssisəsinin əsil sahibi Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qudası Mehdi Salamzadədir. Şikayətçinin sözlərindən aydın olur ki, Mehdi Səlimzadə həmin torpaq sahəsini Zakir Fərəcovla qohumluq əlaqələrindən istifadə edərək alıb. Bu cür hallar da qanunvericiliyə görə, korrupsiya kimi dəyərləndirilir.

Onu da qeyd edək ki, Zakir Fərəcovun həmin ərazidə özünə yaxın şəxslərə torpaq sahələri verməsi barədə barədə əvvəllər də mətbuatda yazılar dərc olunub. Bu barədə növbəti saylarımızda bəhs edəcəyik.

Hələliksə onu qeyd edək ki, şikayətçinin bildirdiyinə görə, Mehdi Səlimzadə qohumluq əlaqələrindən yararlanaraq məhkəmələrə və müvafiq qurumlara təzyiq göstərərək, “Ekspress-11” fərdi kiçik müəssisəsinə qış örüş sahəsi kimi ayrılmış torpaq sahəsinin saxta sənədlər əsasında daş karxanası kimi qeydə almasına da nail ola bilib.

Məlikağa Ağayevin sözlərinə görə, söhbət heç də yalnız torpaq sahələri və daş karxanalarının qanunsuz yollarla ələ keçirilməsindən getmir. Söhbət həm də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi rəhbərinin iş adamlarına divan tutmasından gedir:“Ekspress-11” fərdi kiçik müəssisəsinin sahibi sözün əsl mənasında bu gün sahibkarlara divan tutur. Himayədarlarına arxayın olan bu şəxs özbaşınalıqlarını bu gün də davam etdirməkdədir”.

Məlikağa Ağayev “Ekspress-11” fərdi kiçik müəssisəsinin qanunsuz əməlləri barəsində ciddi olçü götürülməsi barədə dövlət başçısı İlham Əliyevə də müraciət edib. O, həmin müraciətin bir nüsxəsini də redaksiyamıza təqdim edib. Müraciətdə şikayətçi Məlikağa Əliyev prezident İlham Əliyevdən baş verən qanunsuzluqlarla bağlı ölçü götürülməsi barədə müvafiq qurumlara göstəriş verməsini xahiş edib.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Bizi izləyin...

/Dia.az/