BolgeXeber.Com » Analitika » Yol polisində şidirği «prava» alveri gedir

Yol polisində şidirği «prava» alveri gedir

28-06-2012, 15:05
Oxunub: 5 442 Vətəndaşa DYP-də restoran menyusunə bənzər qiymət cədvəli veriblər

Hələ keçən ilin fevral ayında ilk start götürdüyü andan rəsmi Bakının həyata keçirdiyi antikorrupsiya tədbirlərinin mövsümi xarakter daşıyacı haqda qənaətlər mövcud olsa da, həmin ərəfədə YAP iqtidarının ayrı-ayrı nümayəndələri deyilənləri israrla təkzib edərək, baş verənlərin kampaniya yox, siyasət olduğunu idda edirdilər. Amma sonradan hakim dairələrin doğrunu söyləmədikləri məlum oldu. Və o da məlum oldu ki, bir müddətlik rüşvət pəhrizinə oturan məmurlar sonrakı müddət boyunca pəhriz dövrünün «QİSASINI» əməlli-başlı çıxdılar.

Doğrudur, indi ara-sıra korrupsiyaya qarşı mübarizə idarəsi müxtəlif əməliyyatlar keçirsə də, bu qurumun bir çox iri ranqlı məmurların qarşısında çox aciz qalmasına da şahidlik edirik. Məsələn, bu bir faktdır ki, KMİ nə gömrük orqanlarındakı və nə də dövlət yol polisindəki açıq bazara heç bir formada müdaxilə etmək imkanında və ixtiyarında deyil.

Təbii ki, cəzasızlıq mühitində cinayətkarlıq daha da çiçəklənir…

Daxil olan vətəndaş şikayətində də həmin cəzasızlığın yaratdığı mənzərədən giley-güzar olunur. Bakı sakinlərindən birinin bildirdiyinə görə, artıq 3 aydır ki, şəxsi avtomobili olsa da, hələ də rəsmən sürücülük hüququ əldə edə bilməyib. Buna səbəbsə, el arasında «prava» kimi tanınan, sürücülük hüququnu təsdiqləyən sənədin «qiymətinin» baha olmasıdır.

Xatırladaq ki, hələ keçən il azərbaycanda «prava»ların rəsmən satışa çıxarılması və hətta vətəndaşlardan birinin 2 min manata «prava» alması barədə məlumat yazmışdıq və həmin ərəfədə bu məsələyə rəsmi qurumlardan olduqca sərt reaksiyalar gəldi və bildirildi ki, guya Azərbaycanda sürücülük hüququ satışa çıxarılmayıb. Amma bunun belə olmadığını elə DYP-nin istənilən bir idarəsinə baş çəkməklə görmək mümkündür.

Bildirək ki, redaksiyamıza şikayət edən vətəndaş adının çəkilməsini istəmir və bunun da izahatını aşağıdakı formada verir: «Hər halda, mən nəhayətdə pulla da olsa, «prava» almalıyam. Adımı çəkərsiniz, adım mətbuatda gedər, sonradan mənimlə ümumiyyətlə, düşmən olarlar. Yazdıqlarınızın bəlkə bir xeyri olmadı?»

Biz də şikayətçinin istəklərini nəzərə alaraq onun dediklərini anonim şəkildə təqdim edirik. Vətəndaş bildirir ki, «prava» ala bilməsi üçün DYP-yə gedib və ona restoranlarda olduğu kimi əməlli-başlı «menyu» təqdim ediblər: «Əgər bir günə «prava» almaq istəyirəmsə, 2000 manat, bir həftəyə almaq istəyirəmsə, 1000 manat, normal vaxtda almaq istəyirəmsə 600 manat pul verməliyəm. Yəni istənilən halda pul vermək zorundayam».

Sürücülük hüququ əldə etmək üçün bir neçə dəfə imtahana girib, pulsuz «prava» almaq istəyinə düşdüyünü bildirən şikayətçi bu cəhdlərinin də uğursuz olduğunu söylədi: «Elə bir sistem qurublar ki, çox nadir hallarda pulsuz «prava» almaq mümkündür». Şikayətçi onu da bildirdi ki, əgər pulsuz «prava» ala bilməsə, çarəsiz qalıb deyilən məbləği ödəyəcək: «Başqa yolum yoxdur, artıq «QAİ»lərdən gizlənə-gizlənə maşın sürməkdən yorulmuşam».

Onu da bildirək ki, şikayətlə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran müəllimlə əlaqə yaratmağa çalışsaq da, o, telefonlarımıza cavab vermədi. Amma buna rəğmən qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…./dia.az/