BolgeXeber.Com » Analitika » Avtomobillərin təmiri 70-80% bahalaşıb - ARAŞDIRMA

Avtomobillərin təmiri 70-80% bahalaşıb - ARAŞDIRMA

24-05-2016, 09:36
Oxunub: 3 895 Avtomobillərin təmiri 70-80% bahalaşıb - ARAŞDIRMA“Bahalaşmanın təsiri avqustda hiss olunacaq”

Avtomobillərin icbari sığortası ilə bağlı ödənişlər artmağa başlayıb. Sığorta şirkətlərindən verilən məlumata görə, ötən ilin fevral ayından etibarən dolların bahalaşması ölkəyə gətirilən avtomobil ehtiyat hissələrinin qiymətlərinə də təsir göstərib. Şirkətlərdən bildirirlər ki, avtomobillərin təmir xərcləri son dövrdə daha da artmağa başlayıb.

“AXA MBASK”: Ehtiyat hissələri 70-80 % bahalaşıb

“AXA MBASK” sığorta şirkətindən verilən məlumata görə, bəzi servislər bir neçə ay müddətindən anbarda olan ehtiyat hissələrini istifadə etdikləri üçün qiymətləri qaldırmamışdılar. Bəziləri isə stokda olan ehtiyat hissələrini belə 10-15 % bahalaşdırmışdı. Ümumilikdə birinci devalvasiyadan sonra avtomobil hissələri 30-40 %, dolların ikinci bahalaşmasından sonra isə hətta ehtiyat hissələrinin qiyməti 70-80%-ə qədər artıb. Şirkətdən verilən məlumata görə, əvvəldən anbarda qalan hissələr bitdiyindən şirkətlər yeni ehtiyat hissələri gətirirlər. Yeni detallar da yeni- yüksək qiymətə gətirilir.

Təmir xərci 2160 manatdan 3900 manata yüksəlib

Nəticədə bir avtomobilin orta təmir xərci də xeyli yüksəlib. Məsələn, ötən ilin yanvar ayında bir avtomobilin təmir xərci 2160 manat idisə, ilin sonunda bu rəqəm 2800-2900 manat oldu. Ötən ilin sonundan etibarən icbari sığorta üzrə bir maşının təmiri 3800-3900 manata başa gəlir. Şirkətdən bildirilib ki, bahalaşmaya hələlik ehtiyat hissələrinin qiyməti daxildir. Usta xərcləri isə dəyişməyib. Amma infyasiyaya uyğun olaraq usta xərclərinin də artacağı gözlənilir. Belə olan halda təmir xərcləri daha da artacaq.

“AzSığorta”: “Bahalaşmanın təsiri avqustda hiss olunacaq”

Bəzi sığorta şirkətləri isə hələlik birinci devalvasiyanın təmir xərclərini artırdığını deyirlər.“AzSığorta” şirkətindən verilən məlumata görə, ehtiyat hissələrinin bahalaşması sığorta şirkətinin ödənişlərini 15-17 % arasında artırıb. Məsələn, ötən il bir avtomobilin orta təmir xərci 1100-1200 manat idisə, indi bu rə1400 Şirkətdən bildirib ki, məzənnədə hər hansı bir dəyişiklik bank sistemindən fərqli olaraq dərhal deyil, sığorta sektorunda 5-6 ay sonra hiss edilir. Çünki portfeldəki bütün öhdəliklər üzrə sığorta hadisələri dərhal baş vermir. Tədricən zaman keçdikdə sığorta hadisələri baş verir və bu zaman artıq təmir xərcləri də yeni qiymətlərlə hesablanır. Şirkətdən bildirilib ki, ötən ilin sonunda dolların yenidən bahalaşması ilə bağlı ehtiyat hissələrinin qiymətlərində növbəti artımın təsiri avqust-sentyabr aylarında hiss olunacaq. Avtomobillərin icbari sığortası ilə bağlı ödənişlər bir qədər də artacaq.
“Ölüxanalar” da köhnə detalları bahalaşdırıb

“Azərbaycan Sənaye Sığorta” şirkətindən verilən məlumata görə, dolların birinci bahalaşması zamanı ehtiyat hissələri qiyməti 20 %, ötən ilin sonunda isə daha 10 -15 % artıb. Şirkətdən bildirilib ki, yeni avtomobil detalları ilə yanaşı, hətta ölüxanalarda könhə ehtiyat hissələrinin qiymətini qaldırıblar. Məsələn, əvvəl 1994-cü il model “Mercedes”in farası 50 manat idisə, ikinci əl eyni detal indi 70 manata satılır.Nəticədə sığorta şirkətinin təmir xərcləri ilə bağlı ödənişləri xeyli yüksəlib. Əvvəl bir maşının təmiri 1400 manata başa gəlirdisə, ötən ilin sonundan etibarən təmir xərci artaraq 2100 manatdan çox olub. Təmir xərclərinin artması nəticəsində ümumi ödənişlərin həcmi isə 20-30 % artıb.
fins.az