BolgeXeber.Com » Xəbərlər » Kristal Abşeron MTK necə idarə olunur? - ŞİKAYƏT

Kristal Abşeron MTK necə idarə olunur? - ŞİKAYƏT

28-05-2016, 17:38
Oxunub: 3 255 Kristal Abşeron MTK necə idarə olunur? - ŞİKAYƏT"Məni orada Orxan adlı şəxs qarşıladı və bildirdi ki, texniki pasportu almaq üçün 300 ( üç yüz ) manat ödəməlisən"

Vətəndaşların çətinlik çəkdiyi problemlərdən biri də etibarlı tikinti şirkəti tapmaqdır. Çünki bu günə kimi onlarla tikinti firması payçıları aldadıb. Onlar gah bir mənzili bir neçə payçıya satıb, gah inşaatı yarımçıq qoyub, yaxud da evlərin təhvil verilməsini gecikdiriblər.
Hazırda əmlak almaq istəyənlərin əlində iri həcmdə pul kütləsi olmadığından yeni tikilmiş binalardan hissə-hissə ödəmək şərti ilə mənzilə sahiblənirlər. Ancaq tikinti şirkətlərinin sonradan verdiyi vədlərə əməl etməməsi əlavə problem yaradır.
Adı müxtəlif qalmaqallarda hallanan tikinti şirkətlərindən biri də “Kristal Abşeron” MTK şirkətidir. Belə ki, adı qeyd olunan şirkət son dövrlər müştərilərini incitməklə və onları dolandırmaqla məşğuldur. Şirkətin qanunsuzluqlarından şikayətlənən müştərilər artıq cana doyduqlarını və dəfələrlə aidiyyatı orqanlara şikayət etdiklərini bildirirlər.
Ötən gün Xalqxeber.Az-ın redaksiyasına ərizə ilə müraciət edən İbişov Rəşad Kamil oğlu “Kristal Abşeron” MTK şirkətinin qanunsuzluqlarından cana doyduğunu və özünə qəsd edəcəyini bildirmişdir. Vətəndaşın sözlərinə görə, O, 2013-cü ilin avqust ayından Kristal Abşeron MTK-nın tikdiyi ev 1, mənzil 24-də yaşayır. İbişov bildirir ki, 2013-cü ildə adı qeyd olunan tikinti şirkətindən 41.6 kv.metr, 1 otaqlı mənzili kredit müqaviləsi əsasında almışam. Mən evi alarkən şirkət tərəfindən bildirilmişdi ki, kredit müqaviləsi başa çatdıqdan sonra texniki pasport heç bir ödəniş olmadan sakinlərə paylanılacaq.
Hətta şirkət rəhbərliyi bu barədə bütün yaşayış binalarına bildirişlər paylamışdı. Bir müddət keçdikdən sonra Kristal Abşeron MTK şirkətinin ofisinə evin texniki pasportunu almaq üçün müraciət etdim. Məni orada Orxan adlı şəxs qarşıladı və bildirdi ki, texniki pasportu almaq üçün 300 ( üç yüz ) manat ödəməlisən. Mən ona bildirdim ki, axı şirkət tərəfindən təmənnasız olaraq texniki pasportlar verilir. O, isə mənə bildirdi ki, bu məbləğ mütləq şəkildə ödənilməlidir əks təqdirdə texniki pasport verilməyəcək. Bu zaman etiraz etməyə başladım və bildirdim ki, qanunsuzluğa əl atırsınız.
Orxan adlı şəxs məni şirkətin direktoru Azər müəllimin yanına apardı və dedi nə etirazın var ona bildirərsən. Şirkətin direktoru guya mənə ürəyi yanır deyə qeyd etdi ki, əgər pulun yoxdusa hər ay 50 ( əlli ) manat ödəyərsən. Mən şirkət rəhbərliyinə bildirdim ki, bu pulu niyə ödəməliyəm axı siz bildirişlər paylamısınız ki, texniki pasportlar sakinlərə pulsuz veriləcək. O isə mənə gülümsəyərək, “bu müştərini cəlb etmək üçün bir variantdır cavan oğlan” dedi. Hətta əsəbi şəkildə bildirdi ki, get pulu düzəlt şirkətin rəsmisi Günay xanıma çatdır. Mən kor-peşman şirkət rəhbərinin otağından çıxıb evimə tərəf yollandım.
Bir neçə gün keçmişdi ki, binanın komendatı qapımı döyməyə başladı və bildirdi ki, əgər pulu çatdırmasan evinin işığını kəsəcik. Mən ona bildirdim ki, mənim heç bir borcum olmadığı təqdirdə evimin işığını kəsmək qanunsuzluqdur və özbaşınalıqdır. O isə mənə cavabında bildirdi ki, dərdini sonra şirkət rəhbərinə deyərsən. Komendatın dediyi kimi oldu. Evimin elektrik enerjisini heç bir borcum olmadan kəsdilər. Mən şirkətin ofisinə yaxınlaşaraq, onların bu əməlinin qanunsuz və özbaşınalıq olduğunu dilə gətirdim. Hətta qeyd etdim ki, mənim yoldaşım hamilədir, sizin etdiyinin bu qanunsuzluğu Allah belə götürməz.
Ofisdə mənə binanın komendatı Vüqar adlı şəxs bildirdi ki, şirkətin direktoru Azər müəllim bizə göstəriş verib, bizdə sənin işığını kəsmişik. 300 manat ödənilməsə işığın qoşulmayacaq. Mən şirkətin rəsmisi Günay xanıma dedim ki, bu barədə aidiyyatı qurumlara müraciət edəcəm və siz qanunsuz əməllərinizə görə cavab verəcəksiniz. O isə mənə bildirdi ki, get hara istəyirsən şikayət et, guya yuxarıda oturanlar bilmirlər biz 300 manatları niyə sakinlərdən yığırıq. Mən Günay xanıma bildirdim ki, “Kupça”-nın dövlət rüsumu nədirsə onu ödəyəcəm, sizin istədiyiniz məbləği ödənilməyəcək. Şikayətçi müraciətində onu da qeyd edir ki, artıq neçə gündür evimiz işıqsız qalıb. Lakin şirkət rəhbə isə yoldaşımın hamilə olduğunu bilə-bilə Allahsızlıq edərək, bizi qaranlığa qərq edib.
Xalqxeber.Az redaksiyası olaraq məsələ ilə bağlı Kristal Abşeron MTK şirkətinin rəsmisi Günay xanımla əlaqə saxladıq. Günay xanım bizə bildirdi ki, bəli şirkət rəhbərliyi tərəfindən İbişov Rəşad Kamil oğlunun yaşadığı mənzilin elektrik enerjisinin kəsilməsi barədə göstəriş verilib. Çünki İbişov Rəşad ondan tələb olunan 300 ( üç yüz ) manat pulu ödəməkdən boyun qaçırır və bizim telefonlarımıza cavab vermir. Sizə görə mən göstəriş verərəm İbişov Rəşadın mənzilinin işığı qoşular amma ona deyin 300 manatı gətirib ödəsin. Məsələni diqqətdə saxlayacağıq.
Bolgexeber.com