BolgeXeber.Com » Analitika » Gəncə “MERO”nun rəisinin korrupsiya imperiyası

Gəncə “MERO”nun rəisinin korrupsiya imperiyası

5-07-2012, 16:25
Oxunub: 14 935 Tariyel Məmmədovun növbəti hədəfi hansı vəzifədir?

Bolgexeber.com ynp.az-a istinadən bildirir ki, məsələ ilə son yazılanlarda “MERO” rəisin özbaşınalıqlarından, korrupsiya əməllərindən, yığdığı milyonlardan bəhs edilir.

Məlumata görə, T.Məmmədov Gəncədə özünə əməlli-başlı imperiya yaratmaqla məşğuldur. Yazılanlarda deyilir ki, illərdir maaşa qulluq edən “MERO” rəisin bir neçə villası, qapısında bir neçə maşını var. Bunları hansı “maaş”la aldığı isə bəlli deyil. Əslində, maaşa işləyən bir məmurun bu qədər var-dövlət yığmasının altında korrupsiya faktlarının yatdığı heç kimə sirr deyil. Ancaq bununla bağlı əncam çəkən yoxdur.

Daxil olan məlumatlarda deyilir ki, T.Məmmədov hələ Gəncədə sürücülük vəsiqəsini 800-1000 manata satır. Bütün Gəncəbasar zonasının - Xanlar (indiki Göygöl), Samux, Daşkəsən, Naftalan rayonlarının T.Məmmədovun rəhbərlik etdiyi 9 saylı “MERO”ya bağlı olduğunu nəzərə alsaq, onun nə qədər korrupsiya imkanlarının olduğunu anlayarıq.

Onu da bildirək ki, T.Məmmədov bu vəzifəyə öz keçmiş rəisi Oqtay Xasıyevin “torbasını tikərək” keçib. Belə ki, o, bu idarədə daha aşağı vəzifədə işləyərkən aldığı bütün rüşvətləri rəisinin adına çıxırdı. Bir müddət sonra isə O.Xasıyevi vəzifədən kənarlaşdırdılar və onu rəis təyin etdilər.

Məlumata görə, onun rəis təyin olunmasından sonra bütün Gəncəbasar sürücüləri dad döyməyə başladıyıblar.

Redaksiyamızda olan məlumata görə, T.Məmmədov “MERO” rəisi təyin edildikdən sonra şəxsi heyət qarşısındakı ilk çıxışında belə deyib: “Mən bu vəzifəyə təyin olunmaq üçün Ramiz Zeynalova 750.000 dollar pul vermişəm və bu gündən yeni rüşvət tarifləri təyin olunacaq”.

Hər bir sürücülük vəsiqəsinə görə 800 AZN tələb edən Tariyel Məmmədov bu pulun guya 650 AZN yuxarı çatacağını, qalan 150 AZN isə dədə malı kimi kollektiv arasında bölünəcəyini bilidirib. Bununla da Tariyel Məmmədov özünə yeni üsul icad eləyib ki, kar, kor sürücülük vəsiqəsi ala bilər, ancaq heç bir vətəndaş öz biliyi ilə sürücülük vəsiqəsi ala bilməz.

Tariyel Məmmədov öz işçilərinə tapşırır ki, hər cür vasitə ilə vətəndaş imtahandan kəsilməlidir, əks halda səxsi heyət öz cibindən “katyol”a pul atmalıdır. Bu qayda ilə Tariyel Məmmədov “MERO”-nun tarixində yeni eranın əsasını qoyub.

Ölkə prezidentinin dövlət məmurlarına qayğısı, dövlətdən aldığı yüksək maaş isə Tariyel Məmmədovu qane etmir. Vətəndaşlar ona narazılıqların bildirəndə, o, vətəndaşları otağından qovaraq söyləyir ki, istəyirsiz gedin prezidentə şikayət edin, mənim üçün fərqi yoxdur, yığılan pulları mən Baş İdarəyə verirəm.

Son vaxtlar isə bir çox yerlərdə söyləyir ki, yaxın zamanlar da Ramiz Zeynalovun yerinə özüm təyin olunacam. Bu arxayınlıq ondan yaranıb ki, Tariyel Məmmədov hər yerdə söyləyir ki, daxili işlər nazirinin müavini Vilayət Eyvazov onun yaxın dostudur, arxasıdır və sübut kimi də onu gətirir ki, guya Vilayət Eyvazov Gəncə şəhərində iclas keçirərkən, şəhər rəisi Rasim Musayevə tapşırıq verib ki, Tariyel Məmmədovu çağırın mənim yanımda olsun. Amma Tariyel Məmmədov bir məsələni unudur ki, hörmətli nazir müavini tabeçiliyində olan hər bir polis əməkdaşını yanına çağırtdıra bilər və bu dostluq demək deyil.

Bizim vəzifəmiz isə ortaya çıxan bir sıra sualları aiddiyatı orqanlara ünvanlamaqdan ibarətdir: Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, hörmətli daxili işlər naziri Ramil Usubov və onun tabeçiliyində olan aidiyyəti idarələr Tariyel Məmmədovdan niyə soruşmurlar ki, bu milyonları hansı yollarla əldə etmisən, idarə etdiyin 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP, oğlunun idarə etdiyi 160.000 dollar qiymətində olan BMV X6 markalı CİP, “Torqovı” küçəsində yerləşən ADİDAS dükanının üstündə 10.000.000 manatlıq mənzil, İSR-PLAZA binası ilə üzbəüz yerləşən binada 1.250.000 manatlıq mənzil, Fəvvarələr meydanında yerləşən 2.000. 000 manat qiymətində olan “Ciko” adlanan geyim mağazası, “Axundov bağı”nın ətrafında yerləşən binada 600.000 manatlıq mənzil, “İçərişəhər” metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil, Bayılda 10.000 000 manat qiymətində olan Hotel (Panorama), arxasında 5.000.000 manat qiymətində olan villa hansı pullarla alınıb?

Tariyel Məmmədovun var-dövlətinin siyahısı təkcə bunlarla bitmir.

Onu da qeyd edək ki,T.Məmmədov özünə məxsus biclik işlədib, bütün bu milyonlarla var-dövləti həyat yoldaşının adına rəsmiləşdirib, amma rəsmi nigahı pozulsa da öz həyat yoldaşı ilə mehriban bir yerdə yaşayırlar.

Biz bir mətbuat vasitəsi olaraq bu müdhiş informasiyanı cəmiyyətə və müvafiq dövlət qurumlarına çatdırmaqla öz funksiyamızı yerinə yetirdik. Bunları araşdırmaq isə dövlət qurumlarının vəzifə borcudur. Ancaq onu bildirmək istəyirik ki, nikahı pozmaqla cinayətdən qaçmaq gülüncdür.

Tariyel Məmmədovun sevimli bir şüarı var: Kim deyir bu ölkədə haqq ədalət yoxdur, haqqını ver ədalətini al.

Ancaq bizə elə gəlir ki, bu dəfə Tariyel Məmmədovun sevimli şüarı onun köməyinə çatmayacaq.

Qarşı tərəfin də söz demək haqqını qəbul edirik.