BolgeXeber.Com » Sosial » ŞOK: Azərbaycanda məktəbli qızlar abort elətdirir

ŞOK: Azərbaycanda məktəbli qızlar abort elətdirir

10-07-2012, 11:35
Oxunub: 4 547 “Gənc oğlanlarla cinsi münasibətdə olan qızlar hamilə qalanda ailələrindən xəbərsiz abort olunur”

Azərbaycanda abort dünyada ən yüksək göstəricilərdəndir. Bolgexeber.com-un teleqraf.com-a istinadən məlumatına görə, rəsmi məlumatlara görə, hər il ölkəmizdə 30 minə yaxın abort əməliyyatı aparılır. Nəzərə alsaq ki, bizdəki abortların böyük hissəsi qeydiyyata alınmır, o zaman məlum olar ki, Azərbaycanda bu sahədə vəziyyət təsəvvür edildiyindən də ağırdır. Qeyri-rəsmi məlumatlara görə, ölkədə abortların illik sayı 100 mindən yuxarıdır.

Öz təcrübəsinə istinad edən həkim-mamaça Elana Qarayevanın sözlərinə görə, abort əksər hallarda qadının öz arzusu ilə reallaşır: “Amma deməliyəm ki, onları bu addıma bəzən ailədə məcbur edirlər. Hətta bəzi hallarda qadınlar körpəsini dünyaya gətirmək istəyində olsa da, onu zorla aborta sürükləyirlər”.

Həkim deyir ki, abort etdirənlər arasında başqası ilə cinsi əlaqədə olan və ya zorlanan məktəbyaşlı qızların sayı getdikcə artır: “Belələri gənc oğlanlarla cinsi münasibətdə olur və hamilə qaldıqları məlum olanda ailələrindən xəbərsiz abort etdirirlər. Hətta mənə 14-15 yaşlı qızlar da müraciət ediblər, bəziləri ildə 3-4 dəfə gəlir”.

Ötən ayın ortalarında Azərbaycanda səfərdə olan BMT-nin insan hüquqları və sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi, Baş Məclisə hesabat və məsləhət verən müstəqil ekspert Annand Grover bildirdi ki, Azərbaycanda abort səviyyəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir: “Bu, qismən uşağın cinsi səbəbindən abortun edilməsi, cinsi və reproduktiv sağlamlıq mövzusunda maariflənmə və məlumatlandırma proqramlarının çatışmazlığı ilə bağlıdır”.