BolgeXeber.Com » Bölgə » Ağsu fermerləri Bakıya yürüşə hazırlaşır - Heydər Əsədova görə...

Ağsu fermerləri Bakıya yürüşə hazırlaşır - Heydər Əsədova görə...

13-06-2016, 17:43
Oxunub: 3 139 Ağsu fermerləri Bakıya yürüşə hazırlaşır - Heydər Əsədova görə... Əksər sahibkarlar toxumu, torpağın şumunu, əkinini subsidiyaya arxalanıb nisyə əkiblər

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə növbəti zərbə vurub. Ağsu rayonunda fermerliklə məşğul olan bir qrup sahibkarın redaksiyamıza ünvanladığı məlumatda bildirilir ki, nazirlik sahibkarlara qarşı həddindən artıq sarsıdıcı addım atıb: “Hər il sentyabr ayında sahibkarlar taxıl əkininə başlayır. Hər il olduğu kimi ötən il də biz taxıl əkmişik. Qanunvericiliyə götə. Hər il Kənd Təsərrüfatı Nazirliyi buğdaya görə sahibkarın əkdiyi hər hektara görə 50 manat əkmək üçün, 50 manat isə biçmək üçün subsidiya verirdi. Arpa bitkisinə görə isə hər hektara yalnız əkin üçün 50 manat verilirdi, biçinə görə yox. Sahibkar da verilən subsidiyaya arxalanıb torpaq sahələrini əkirdi. Ötən il də eyni qaydada taxıl əkmişik. Öz torpaqlarımızla yanaşı, məhsuldarlığın bol olması üçün bələdiyyə torpaqlarından da icarə götürmüşük. Demək olar ki, hər rayonda minlərlə hektar torpaq sahəsi bələdiyyələrdən icarəyə götürülüb əkilib. Əksər sahibkarlar toxumu, torpağın şumunu, əkinini subsidiyaya arxalanıb nisyə əkiblər. Bu il yanvar ayında əkinə görə subsidiyalar verilməli idi. Yanvar ayında dedilər ki, guya subsidiyalar biçin mövsümündə əkinlə birlikdə hesablanıb sahibkarlara veriləcək. Amma, əkin yaxınlaşandan sonra daha bir bəhanə gətirirlər”.

DİA.AZ-ın məlumatına görə, sahibkarlar bildirirlər ki, rəsmi qərar olmasa da, Kənd Təsərrüfatı Nazirliyi qeyri-rəsmi olaraq rayon icra hakimiyyətlərinə tapşırıq verib. Tapşırıqda bildirilir ki, guya bələdiyyə torpaqlarını icarəyə götürüb torpaq sahəsini əkən sahibkarlara subsidiya verilməyəcək: “Adam var ki 500 hektar ərazini icarəyə götürüb nisyə əkib və subsidiyanı gözləyir. Kənd Təsərrüfatı Nazirliyi də sahibkarın belini qırır ki, nahaq əkmisən. Cənab prezident İlham Əliyev buğda əkininin çoxaldılması üçün sahibkarlara yardım göstərilməsini tapşırır, kənd təsərrüfatı naziri Heydər Əsədov isə buğda əkən sahibkarları zərbə altında qoyur. Bunu necə başa düşək? Əgər belə qərar var idisə, niyə əkin vaxtı demirdilər? Sahibkarlar olan olmazını satıb taxıl əkib, borca pul götürüb ki subsidiyalarda ödəyəcək, nazir də bu yandan subsidiyaları kəsir. Onsuz da son günlər əksər bölgələri daşqınlar basıb, dolu vurub. Məhsuldarlıq drmək olar ki 0 səviyyəsinə enir, Heydər Əsədov da bir tərəfdən belimizi qırır”.
Sahibkarlar bildirirlər ki, bu barədə dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsələr də, icra başçısı Ənvər Seyidəliyev sahibkarlara heç bir müsbət cavab vermir. İcra başçısı bildirib ki, tapşırıq kənd təsərrüfatı nazirindən gəlib və Heydər Əsədov bu barədə ona tapşırıq verib.
Çarəsiz qalan sahibkarlar prezident İlham Əliyevə müraciət edib. Sahibkarlar bildirirlər ki, yaxın günlərdə onlar məsələ ilə bağlı Prezident Administrasiyası və Kənd Təsərrüfatı Nazirliyinin qarşısında aksiya keçirəcək.
DİA.AZ xatırladır ki, bələdiyyə torpaqlarına subsidiyaların verilməməsi ilə bağlı Kənd Təsəsrrüfatı Nazirliyi heç bir rəsmi məlumat yaymayıb.
Bolgexeber.com