BolgeXeber.Com » Analitika » Yol qəzaları Ramiz Zeynalovu bitirəcək

Yol qəzaları Ramiz Zeynalovu bitirəcək

12-07-2012, 13:25
Oxunub: 5 456 Onun sürücülük vəsiqəsi verdiyi gözdən əlil Cəlil Süleymanov Sabirabadda 7 yaşlı uşağı vurub öldürüb

Bu gün ictimaiyyəti son dərəcə narahat edən mövzulardan biri də axır vaxtlar getdikcə artan yol qəzalarıdır. Təəssüflər olsun ki, bir çox hallarda bu qəzalar nəticə etibarı ilə bəzən bir adamın ölümünə, bəzən isə bir və ya hətta bir neçə ailənin bədbəxtliyinə səbəb olur. Bəzən ani diqqətsizlik, bəzən də etinasızlıq və ya yolverilməz səhlənkarlıq nəticəsində baş verən hadisələr ya ölümlə, ya da ömürlük şikəstliyə səbəb olan zədələrlə nəticələnir.

Statistik məlumatlarda bildirilir ki, hər il dünyada 3 milyondan çox insan yol qəzasında həlak olur. Daha dəqiq desək hər 20 saniyədə bir insan, hər 30-40 saniyədə isə bir körpə uşaq yol qəzasında dünyasını dəyişir.

Son zamanlar ölkəmizdə də yol qəzasından ölənlərin sayı xeyli artmışdır. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 753 yol qəzasında 216 nəfər dünyasını dəyişib, 842 nəfər xəsarət alıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəzaların 317-si (76 ölüm, 363 xəsarət) Bakıda baş verib. Qeydə alınan hadisələrin 276-sı toqquşma (68 ölüm, 389 xəsarət), 291-i piyadaların vurulması (82 ölüm, 235 xəsarət), 98-i maneəyə vurma (24 ölüm, 119 xəsarət), 65-i aşma (30 ölüm, 70 xəsarət) olub. Qeydə alınan qəzaların 643-ü (196 ölüm, 750 xəsarət) sürücülərin yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib. Onlardan 196-sı avtomobilin yüksək sürətlə idarə olunması (77 ölüm, 201 xəsarət), 178-i ötmə, manevr qaydalarının pozulması (44 ölüm, 257 xəsarət), 79-u yol ayrıcını keçmə qaydalarının pozulması (14 ölüm, 107 xəsarət) səbəbindən olub.

Yol qəzalarına səbəb olan amillər müxtəlifdir. Bəzi ekspertlərin rəyinə görə ölkədə baş verən avtomobil qəzalarının əsas səbəbkarlarından biri də ağır tonnajlı yük maşınlarıdır. Belə maşınların şəhərin içərisinə buraxılması qanuna əsasən qadağan edilsə də, onları görmək heç də istisna hal deyildir. Üstəlik də onların sürücüləri iş rejimləri gərgin olduğundan maşını daha aqressiv idarə etmələri ilə seçilirlər. Bu isə ağır yol qəzalarının baş vermə ehtimalını artırır.
Yol qəzaların artmasında sürətli idarəetmə həvəskarlarının, başqa sözlə desək “avtoşlar”ın da rolu az deyil. Ancaq onlara qarşı ən yaxşı halda inzibati cəza kəsilir. Cərimə ödəmələri isə sürət həvəskarlarının qarşısında elə də ciddi maneə deyildir. Qəzaların başvermə səbəblərindən biri kimi də Rusiya istehsalı olan avtomobillər göstərilir. Mübahisəli də olsa belə bir fikir mövcuddur ki, həmin maşınların idarə edilməsi digərləri ilə müqayisədə daha çətindir. Amma bu da danılmazdır ki, qəza vaxtı bu avtomobillər ölüm riskinin çox olması ilə seçilir.
Təbii ki, sərxoşluq da baş verən yol-nəqliyyat qəzalarının törədilməsində əsas səbəblərdən biri kimi qeyd olunmalıdır. İçkili şəxsin nəinki sükan arxasında oturması, hətta onun piyada qismində belə yol hərəkətinə qoşulması qəza və bədbəxt hadisə riskini xeyli artırır.
Lakin son vaxtlar yuxarıda sadalanan səbəblərə daha bir amil də qoşulmuşdur. Bu da qeyri-qanuni yolla əldə olunan sürücülük vəsiqələrinin sayının artmasıdır. Aydındır ki, sürücülük vəsiqəsi əldə etmək üçün vətəndaş xüsusi təlim kursları keçməli, daha sonra isə imtahan verməlidir. Lakin bunlardan öncə sürücülük vəsiqəsi almaq niyyətində olan hər bir kəs ilk növbədə müvafiq tibbi müayinələrdən keçməli və sağlamlıq haqda arayış təqdim etməlidir. Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda hətta gözdən əlil vətəndaşların belə avtomobilin sükanı arxasına keçməsi üçün şərait yaradan məmurlara rast gəlmək olur.

Bir neçə gün bundan əvvəl kütləvi informasiya vasitələrində faciəvi sonluqla nəticələnmiş növbəti yol-nəqliyyat qəzası barədə məlumatlar yayımlanmışdı. Həmin məlumatlarda bildirilirdi ki, hadisə 06.07.2012-ci il tarixində Sabirabad şəhəri H.Əliyev prospektində qeydə alınıb. Sürücü, 1964 ci il təvəllüdlü Saatlı rayonu Əhmədbəylik kənd sakini Süleymanov Cəlil Salman oğlu, hərəkətdə olan Toyota markalı 90-LC-090 dövlət nömrə nişanlı avtomaşını ilə qəfil qarşısına çıxan uşağı vurub. Uşaq Sabirabadın Qalağayın kənd sakini 7 yaşlı Əliyev Bayram Rövşən oğludur. Yaralı dərhal Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparılsa da, uşaq yolda dünyasını dəyişib.
İlk baxışda bu məlumat bir çox digər bədbəxt hadisələr barədə tərtib olunan məlumatlardan heç nə ilə fərqlənmir. Lakin mahiyyət etibarı ilə bu hadisənin səbəbləri bəlkə də çox fərqlidir. Belə ki, KİV-ə təqdim olunan məlumatlarda son dərəcə vacib bir məqam nəinki xatırlanmamış, əksinə çox güman ki, hətta bilərəkdən gizlədilmişdir. Belə ki, redaksiyamıza etibarlı mənbələrin bildirdiyinə görə hadisəni törədən Süleymanov Cəlil Salman oğlu sözün əsil mənasında gözdən əlildir.

Qeyd edək ki, hal-hazırda Cəlil Süleymanov Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifələrdən birində çalışır. Lakin onun bu vəzifəyə təyinatı təxminən bir ay bundan əvvəl baş vermişdir. Bundan əvvəl isə C.Süleymanov nazirliyin Saatlı rayonunda yerləşən struktur bölmələrindən birinə rəhbərlik edirmiş. Yeni təyinatla əlaqədar isə onun Saatlıdakı vəzifəsini doğma qardaşı Şahin Süleymanov tutmuşdur. Bir neçə il bundan əvvəl isə təsərrüfatda baş verən bədbəxt hadisə nəticəsində Cəlil Süleymanov bir gözünü itirmişdi. Bununla əlaqədar onun digər gözü də zəifləmiş və görmə qabiliyyətini qismən itirmişdir. Bəs görəsən bu faktlar öz əksini yayılan məlumatlarda niyə tapmamışdır? Bizə təqdim olunan məlumatlarda isə “ört-basdır əməliyyatı”nın C.Süleymanova müvafiq instansiyalara verdiyi külli-miqdarda rüşvətin bahasına başa gəldiyi bildirilir…

Təbii ki, bütün bunlar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova ünvanlanan bir çox suallar meydana gətirir:
-Sürücülük məktəbini oxumamış vətəndaşlar sürücülük vəsiqəsini neçəyə alırılar?
-İmtahana girməyən vətəndaşlar kimi “görəndən” sonra sürücülük vəsiqəsini əldə edirlər?
-700-800 manata satılan sürücülük vəsiqələrinin pulu kimlərin cibinə gedir?
Yox, biz bu suaaların müəlliflik hüququna iddialı deyilik. Çünki onları artıq uzun müddətdir ki, bir çox mətbu orqanlarının səhifələrində oxumaq olur. Amma biz də bu siyahıya yeni bir sual əlavə etmək istərdik. Görəsən əlillik və sürücülük vəsiqələrini bir cilddə birləşdirən yeni sənədlər DYP bazarına nə zaman daxil olacaq?

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

”Bizim Dövr” qəzeti