BolgeXeber.Com » Bölgə » Ağcabədi Təhsil Şöbəsinin müdiri özünü «yandırdı»: AÇIQLAMA GƏLDİ

Ağcabədi Təhsil Şöbəsinin müdiri özünü «yandırdı»: AÇIQLAMA GƏLDİ

21-06-2016, 16:18
Oxunub: 3 863 Ağcabədi Təhsil Şöbəsinin müdiri özünü «yandırdı»: AÇIQLAMA GƏLDİMehdi Əhmədovun rəhbərlik etdiyi sahədə 600 min manatlıq yeyinti aşkarlanıb, müfəttişliyin daha 200 min manat istədiyi iddiası var

Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Maliyyə Nazirliyinin 10 saylı Regional Maliyyə Müfəttişliyi Ağcabədi Təhsil Şöbəsində yoxlamalara başlayıb. Müfəttişliyin rəisi Ədalət Nəbiyevin rəhbərliyi altında həyata keçirilən yoxlamanın müsbət sonluqla başa çatacağına ümid edən təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun ümidləri boşa çıxıb.
JAM.AZ xəbər verir ki, Mehdi Əhmədov öncə Ədalət Nəbiyevlə anlaşaraq, 200 min manata bütün yoxlamanı yola salacağına razılaşıblar. Lakin məsələnin mətbuata çıxması və işə Maliyyə Nazirliyinin belə qarışması planın alınmasına imkan verməyib. Nəhayət, Mehdi Əhmədov Ədalət Nəbiyevin sözüylə onun haqqında yazan jurnalisti ağlıyca şantaj etmək istəyib, amma bu plan da alınmadıqda, ortaqların ayrılmaqdan başqa çıxış yolları qalmayıb.
Məlumata görə, 10 saylı Regional Maliyyə Müfəttişliyinin Ağcabədi rayon Təhsil Şöbəsində apardığı yoxlama nəticəsində 600 min manat büdcə vəsaitinin mənimsənildiyi, təyinatdan kənar xərclədiyi aşkarlanıb.Hal hazırda müfəttişliyin əməkdaşları şöbə müdirindən həmin pulu büdcəyə köçürməyi tələb edirlər. Əks təqdirdə, bununla bağlı bütün faktları prokurorluq orqanlarına təqdim etməkdən başqa çıxış yollarının qalmadığını diqqətə çatdırıblar.
Son bilgilərə görə, Mehdi Əhmədov 600 min manatı düzəltmək üçün Ağcabədidəki orta məktəb direktorlarının qanını içməyə belə hazırdır. Hazırda direktorlardan kəsiri düzəltmək üçün pul yığılır. Hərçənd Ədalət Nəbiyevin də şöbə müdirindən 200 min manat istədiyinə dair məlumatlar var.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, yoxlama başa çatdıqdan sonra Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov işdən çıxarılacaq. Bunu elə onun özünə də deyiblər. Həmin posta isə Ağcabədi icra başçısının müavini Rahilə Mustafayeva gətiriləcək. Bu istək icra başçısı Şahin Məmmədovundur.

**

Az öncə redaksiyamızla əlaqə saxlayan Ağcabədi Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov bildirdi ki, həqiqətən də hazırda rəhbəri olduğu qurumda maliyyə yoxlaması gedir. "Yoxlama bu gün də davam edir. Lakin yazıda qeyd olunan rəqəmlər həqiqəti əks etdirmir. İndiyə qədər neqativ heç bir hala rastlanmayıb. Yoxlama başa çatdıqdan sonra isə vəziyyətlə bağlı məlumat veriləcək".
Bolgexeber.com