BolgeXeber.Com » Sosial » Meyvə - tərəvəzin qiyməti niyə “od tutub yanır”?

Meyvə - tərəvəzin qiyməti niyə “od tutub yanır”?

24-06-2016, 17:16
Oxunub: 3 896 “Kasıbınkı yaydır” fikrini əsas tutan hər kəs yay fəslinin gəlişini səbirsizliklə gözləyirdi ki, bazarlarda ucuzluq olacaq. Ən azından meyvə-tərəvəzin qiymətində müəyyən endirimlər olacaq. Ancaq bu bir gözlənti olaraq qaldı. Çünki paytaxt bazarlarında meyvə-tərəvəzin qiyməti bahadır.

“Yeni Müsavat”ın yazdığına görə, apaılan müşahidə ötən illə müqayisədə kənd təsərrüfatı məhsullarının qiymətində 30-40 faiz bahalaşma olduğunu deməyə əsas verir. Bir neçə bazar və marketdə aparılan müşahidə zamanı həm də məhsul qıtlığı olduğunu gördük.

Bu qıtlıq xüsusən də meyvələrdə hiss olunur. Qiymətlərə gəlincə isə pomidor marketdə 1 manat 30 qəpiyə, bazarlarda 2 manat 30 qəpik və 2 manat 50 qəpik arasında satılır. Xiyar bir həftə əvvələ qədər bazarda 40 qəpiyə idisə, indi 70-80 qəpiyə, lobya 70 qəpiyə, badımcan bazarda 50 qəpik, mağazada isə 59 qəpik və 1 manat 57 qəpiyə satılır.

Meyvələrin də qiyməti də “zirvədədir”. Belə ki, meyvələrdən gilasın qiyməti 3-6 manat arasında dəyişir. Ərik 3 manata, üzüm 6 manata, əzgil 4 manata, alça 2 manata satılır.

Bazarlardakı məhsul qıtlığı ilə yanaşı alıcılarında sayında kəskin azalma müşahidə edilirdi. “Yaşıl bazar”da satıcı işləyən Cahangir Əliyev də alıcı və məhsul qıtlığının yaşandığını deyir: “İki həftə əvvələ qədər qiymətlər tamamilə fərqli idi. Daha ucuz idi. Düzdür, keçənilki ucuzluq yoxdur. Məsələn, keçən il bu vaxtı xiyarı 30 qəpikdən almaq olurdu. İndi isə 70 qəpikdir. Bunun səbəbi yağış və dolunun yağması ilə əlaqəlidir. Ona görə də qıtlıqdır”.

Meyvə satıcısı Əhməd Məmmədov məhsulun az olduğunu deyir: “Bu yay meyvələr çox azdır. Həm də baha gəlir. Baha aldığımız üçün də baha satırıq. Keçən il alçanı 50 qəpiyə satırdıq, bahadır deyirdilər. Meyvələrimiz Azərbaycanın tələbatını ödəyə bilmir.

Az məhsulumuz ola-ola hələ Rusiyaya daşıyırlar. Gərək birinci özümüzün tələbatını ödəyək, sonra xaricə sataq. Bizdə əksinədir. Birinci meyvə-tərəvəzlə Rusiyanı təmin edirlər, artıq qalan az miqdarda kənd təsərrüfatı məhsullarını da baha qiymətə özümüzə satırlar”.

Alıcılar da mövcud vəziyyətdən narazıdırlar. Onlar artıq öz ərzaq səbətlərində müəyyən ixtisarlar etdiklərini deyirlər. Alıcı Məlahət Abbasova bəzi meyvələri ixtisar etdiyini bildirir: “Mürəbbə bişirmək üçün meyvə almaq istədim. Amma qiymətlər elə bahadır ki, yaxına getmək olmur. Həm də azdır. Axşam gələndə mən bazarda gilas tapa bilmirəm. Başqa vaxt çox olurdu. Ümid edirəm ki, gələn aya qiymətlərdə müəyyən ucuzluq olacaq”.

Maraqlıdır, kənd təsərrüfatı məhsullarının birdən-birə bu qədər bahalaşmasına səbəb nədir?

Ekspertlər bunun səbəbinin müxtəlif olduğunu düşünür. Kimisi kənd təsərrüfatı məhsullarımızın daxili bazarı ödəyə bilmədiyini və bu kimi məhsulları xaricdən almalı olduğumuzu düşünür, kimisi isə bahalaşmanın səbəbini məhsullarımızın Rusiya bazarına daşınmasında görür.

İqtisadçı ekspert Rəşad Həsənov bazarlarda müşahidə olunan bahalaşmanın bir neçə səbəbi olduğunu deyir: “Hazırda bazarlarda müşahidə olunan bahalaşmanın bir neçə səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, yerli istehsal daxili bazarın tələbatını ödəyə bilmir. Xüsusilə də yaz aylarında yağışların, dolunun yağması, havanın şaxtalı keçməsi kənd təsərrüfatına ciddi zərər vurdu ki, bu da kənd təsərrüfatı məhsullarının, xüsusən də meyvə-tərəvəzin 2016-cı il mövsümünün daha qıt olması ilə nəticələnib. Bu baxımdan da hazırda bazarda təklif olunan məhsulların həcmi azdır.
Bahalaşmanın ilk səbəbi də məhz bundan qaynaqlanır. İkinci səbəb isə Rusiya bazarlarına çıxış imkanlarının nisbətən artmasıdır. Belə ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin kəskinləşməsi fonunda Azərbaycandan Rusiyaya daşınan meyvə-tərəvəz məhsullarının həcmində artım müşahidə olunur. Bu, Gömrük Komitəsinin açıqladığı rəqəmlərdə də öz əksini tapıb.

Bu baxımdan da az olan daxili tələbatı ödəmək gücü olmayan bir ölkənin həm də ixrac imkanlarının genişlənməsi öz-özlüyündə bazarlarda qıtlığı daha da dərinləşdirən amillərdəndir. Üçüncü amil isə devalvasiya ilə əlaqəlidir. Devalvasiya təsərrüfat subyektlərinin xətlərini artırmaqla, məhsulun maya dəyərinin artırılmasına gətirib çıxarır. Digər tərəfdənsə, bazarların rəqabət mühitinin pisləşməsinə səbəb olur.

Belə ki, xaricdən idxal olunan ərzaq və meyvə-tərəvəz məhsullarının qiymətləri, dediyim kimi, xarici valyuta ilə müəyyənləşdiyindən bahalaşdı. Bu bahalaşma da daxildə istehsal olunmuş məhsulla xaricdən gətirilmiş məhsulların qiymətləri arasında fərq yaratdı. Hazırda daxildə istehsal olunmuş məhsulların qiymətlərində artımları ona görə müşahidə edirik ki, xaricdən gələn məhsulların qiyməti bahadır və qiymətlər yuxarıya doğru artır”.
İqtisadçı ekspert qiymətlərin ötən illə müqayisədə kəskin bahalaşdığını bildirir: “Hər iki səbəb hazırda kənd təsərrüfatı məhsullarının qiymətinin ötən illə müqayisədə kəskin şəkildə bahalaşmasına gətirib çıxarır. Müşahidələr onu göstərir ki, təxminən 30 faizlik orta bahalaşmadan söhbət gedir. Bəzi məhsullarda isə bu, 70 faizə qədər bahalaşıb”.